“Oktyabrın 19-da Onik Qasparyan vəziyyəti ətraflı məruzə elədi, dedi biz məğlubiyyətə gedirik...” - KEÇMİŞ XÜSUSİ XİDMƏT DİREKTORUNUN ETİRAFLARI

Baxış sayı:
886

Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük ikinci Qarabağ müharibəsinin qızğın vaxtında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra edən Mikael Ambarsumyan baş nazir Nikol Paşinyanı “müharibəni vaxtında dayandırmamaqda” günahlandırır. Ambarsumyan erməni KİV-lərinə müsahibəsində deyir ki, güc strukturlarının , xüsusən Milli Təhlükəsizlik Xidmətinin və Baş qərargahın rəhbərləri oktyabrın əvvəllərindən başlayaraq gündəlik rejimdə cəbhədəki vəziyyət barədə baş nazirə məruzə edirdilər və müharibənin tezliklə dayandırılmasının zəruriliyini bildirirdilər.

M.Ambarsumyan oktyabrın 8-dən noyabrın 7-nə qədər həmin vəzifəni icra edib, daha əvvəl isə Milli Təhlükəsizlik Xidmətinin direktor müavini olub.

Oktyabrın 19-da Təhlükəsizlik Şurasının Ambarsumyanın da iştirakı ilə keçirilən iclasında Baş qərargah rəisi Onik Qasparyan məruzə edib ki, müharibəni təcili dayandırmaq lazımdır.

“Bildirdi ki, biz məğlubiyyətə gedirik və müharibəni dayandırmaq lazımdır. Əgər yaddaşım məni aldatmırsa müdafiə naziri Tonoyan da həmin mövqeni dəstəkləyirdi. Müxalifət nümayəndələri Arman Abovyan və Edmon Marukyan da müzakirələrdə iştirak edirdi. Bununla belə müharibənin dayandırılması barədə qərar qəbul olunmadı. Sonradan Rusiya prezidentinin və digər mənbələrin bəyanatlarından aydın oldu ki, oktyabrın 19-da analoji təklifi Rusiya tərəfi də irəli sürüb. Nə etmək lazım olduğu barədə konkret bəndlər təklif olunub. Mahiyyətcə Lavrov planını həyata keçirmək təklif edilirdi”,-Ambarsumyan belə deyib.

Qeyd edək ki, müharibə başlayan gün həmin Onik Qasparyan Yerevanda lovğa və rasist bəyanatla çıxış edərək öz əsgərlərini “Azərbaycanı tezliklə məğlub etməyə” çağırmışdı. Lakin cəmi bir neçə günlük döyüşlər kifayət etdi ki, bu yaramaz “məğlubedilməz erməni ordusu” haqda mifin darmadağın edilməsi ilə üzləşsin və hər gün müharibəni dayandırmaq barədə öz baş nazirinə yalvarsın.../Virtualaz.org