Daha bir siyasi fəal saxlanıldı

İctimai fəal Qarayev Elsəvər Sahib oğlu polisə müqavimət ittihamıyla həbs olunub.

Qarayev Elsəvərə İnzibati Xətalar Məcəlləsinin 513-cü (xırda xuliqanlıq) maddəsi ilə 10 günlük inzibati həbs cəzası verilib.
Onun haqqında bu qərarı Xətai Rayon Məhkəməsinin hakimi Abbasova İlahə çıxarıb.

Belə ki, siyasi fəal Qarayev Elsəvər Fəvvarələr Meydanında aksiyadan Xətai üzrə istiqamətə gedərkən saxlanılıb. Xətai Polis İdarəsinə gətirilin.

Orada haqqında inzibati xəta protokolu tərtib edilib. Ardınca Xətai Rayon Məhkəməsinə gətirilib.

Aksiyada saxlanılanların sayı 50 nəfərdən artıqdır.

Onların bəziləri haqqında cinayət işi başlanıb. Bir çoxuna polisə müqavimət ittihamıyla inzibati həbs cəzası verilib.

Həbs olunan fəallar özlərini təqsirli bilmir, şərləndiklərini bildirirlər.

Gürcüstanda yaşayan azərbaycanlılar üçün güzəştlər tətbiq edilə bilər

Gürcüstan vətəndaşı olan azərbaycanlılar üçün Azərbaycanda müxtəlif imtiyazların tətbiq olunması təklif edilir.

Milli Məclisin deputatı Fərəc Quliyev Trend-ə bildirib ki, bununla bağlı Azərbaycan Parlamentinin yaz sessiyasında təklif irəli sürəcək.

F.Quliyev hesab edir ki, əcnəbi vətəndaşlarla Gürcüstan vətəndaşı olan azərbaycanlılar arasında müəyyən fərq qoyulmalıdır: “Bu ya “Vətəndaşlıq haqqında” qanuna dəyişiklik kimi və ya ayrıca qanun kimi də qəbul oluna bilər. Bilirsiniz ki, Azərbaycanda ikili vətəndaşlıq yoxdur, ancaq biz çalışıb həmvətənlərimizlə bağlı elə bir müddəa nəzərdə tutmalıyıq ki, miqrasiya qanunvericiliyində digər əcnəbilərlə Gürcüstanda yaşayan azərbaycanlılar arasında bir fərq olsun. Yəni yaşamaq, işləmək, əmlak, iş qurmaqla bağlı əlavə imtiyazlar olsun”.

Bununla bağlı Gürcüstanda yaşayan soydaşlarımızdan müraciətlərin daxil olduğunu deyən millət vəkili bildirib ki, bu imtiyazlar ikili vətəndaşlığı əhatə edəcək çərçivədə olmalıdır: “Gürcüstan vətəndaşı olan çoxlu sayda soydaşımız Azərbaycana gəlir, burada işləyir. Hesab edirəm ki, bu güzəşti etməklə onlara xeyli kömək etmiş olarıq”.