Steynar Gil Azərbaycan müxalifəti haqda nə deyib? - FOTOFAKT

Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gil bir neçə gün qabaq "Azadlıq" radiosuna müsahibə vermişdi. Müsahibədə Azərbaycan müxalifətilə bağlı yer almış bir fikir mətbuatda və sosial şəbəkələrdə təəccüb və etirazla qarşılandı. Müsahibədə Steynar Gikin dilindən belə bir ifadə yer almışdı ki, Azərbaycanda indiki iqtidar da, müxalifət də siyasi səhnədən getməlidir. Müsahibədəki bu hissəyə reaksiya verənlərin əksəriyyəti Steynar Gilin müxalifət haqda belə bir fikiri hansı əsasla səsləndirdiyini mühakimə edirdilər.
Amma Steynar Gil facebook yazışmalarının birində müsahibədə belə bir fikir səsləndirmədiyini açıqlayıb.
Rüfət Baxışbəyli adlı facebook istifadəçisi həmin müsahibəni saytlardan birindən götürüb paylaşmaqla keçmiş səfirin iqtidarda uzun müddətdir eyni adamların olduğuna dair fikrinə münasibət bildirib. Steynar Gil isə həmin statusa belə bir rəy yazıb ki, müsahibədə onun guya müxalifət də getməlidir dediyi doğru deyil, o belə fikir səsləndirməyib.
"Mən müxalifət getməlidir deməmişəm, demişəm ki, indiki liderlərə yeniləri, gənc qüvvələr qoşulmalıdır" deyə Steynar Gil yazıb.