Aydın Mirzəzadə: “Azərbaycan öz prinsiplərini heç zaman pula satmır”

Baxış sayı:
884

BMT Baş Assambleyası dekabrın 21-də ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib.
Bundan əvvəl BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınması qanunsuz hesab edilmiş və 14 üzv ölkə qətnaməni təsdiq etmişdi. ABŞ qətnaməyə veto qoymuşdu. ABŞ prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişdi.
Buna baxmayaraq, 128 üzv ölkə ABŞ-ın qərarını rədd edən qətnamənin lehinə səs verib. 9 ölkə əleyhinə, 35 ölkə isə bitərəf mövqedə olub.
Azərbaycan öz ardıcıl və prinsipial siyasətinə sadiq qalaraq, beynəlxalq hüquq norma və prinsiplərinin tələbələrinə riayət edərək və kənardan müxtəlif təzyiq cəhdləri olmasına baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verib.
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycan BMT Baş Assambleyasında keçirilən son səsvermədə qoyduğu mövqeyi ilə bir daha ədalət və həqiqətin yanında olduğunu göstərdi.
 
Dünyadakı bugünkü problemlərin hamısının kökündə ədalətsizliyin dayandığını deyən millət vəkili qeyd edib ki, ABŞ-ın vahid Qüdsü İsrailin paytaxtı kimi tanıması problemi həll etmədi, əksinə onu daha da ağırlaşdırdı.
“Azərbaycan bu məsələdə prinsipial mövqeyini ortaya qoyaraq, Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıdığını bildirdi. ABŞ-ın onun qərarına qarşı səs verəcəyi ölkələri yardımlardan məhrum etməklə təhdid etməsi Azərbaycanı mövqeyindən geri döndərmədi. Bir tərəfdən, Azərbaycanın öz problemlərini həll etməsi üçün kifayət qədər vəsaiti var, digər tərəfdən isə Azərbaycan öz prinsiplərini heç zaman pula satmır. O başqa məsələdir ki, qonşumuz Ermənistan bu gün çıxılmaz vəziyyətdədir. Onun ABŞ-ın qərarını tanıması İran və Rusiya ilə üzbəüz qoyardı, tanımaması isə ABŞ-ın yardımlarından məhrum olması demək idi. Bu isə onun büdcəsinin ciddi hissəsidir”, - o bildirib.
 Müsahibimizin sözlərinə görə, Azərbaycan Qüdslə bağlı qətnamənin lehinə səs verməklə müstəqil siyasət yürütdüyünü bir daha nümayiş etdirdi:
“Nə təhdidlər, nə də şirnikləşdirici təkliflər onu beynəlxalaq hüquq normaları və ədalətdən imtina etməsinə gətirib çıxara bilməz”.
A.Mirzəzadə vurğulayıb ki, Azərbaycan həmçinin problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini göstərdi. İsraillə Azərbaycanla münasibətlərinin yüksək səviyyədə olduğunu deyən millət vəkili hesab edir ki, İsrail dostu olan Azərbaycanın mövqeyini tamamilə başa düşdü.