​“Hakimiyyət Azərbaycanın Avropa Birliyinə inteqrasiyasını ləngidir” – MÜXALİFƏT PARTİYASINDAN SƏRT BƏYANAT

Bu gün ADP İdarə Heyəti özünün növbəti toplantısını keçirib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ötən həftə ərzində dünyada və ölkədə baş verən bir sıra mühüm məsələlər müzakirə obyekti olub.
Toplantı iştirakçıları ilk növbədə ötən həftə Brüsseldə keçirilən Avropa Birliyinin (AB) “Şərq Tərəfdaşlığı” sammitinin nəticələrini müzakirə ediblər. Müzakirələrdə AB-nin Azərbaycandan fərqli olaraq Ermənistanla “çərçivə sazişi”ni imzalaması faktına diqqət çəkən partiya yetkililəri Azərbaycan hökumətini AB qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə və ölkəni Gürcüstan və Ermənistandan fərqli olaraq AB-yə inteqrasiyasını ləngitməkdə ittiham ediblər. Eyni zamanda bildirilib ki, bu fakt ölkəmizin milli strateji maraqlarına ziddir və Ermənistanın Azərbaycan üzərində əlavə siyasi üstünlüklər əldə etməsidir.
Müzakirələrdə Brüsseldə keçirilən AB-nin “Şərq Tərəfdaşlığı” sammitinin Yekun Bəyannaməsində Azərbaycanın da ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi faktına diqqət çəkən müzakirə iştirakçıları bu faktı təqdir edərək Azərbaycan hakimiyyətini Avropaya inteqrasiya xəttini tutmağa və AB-nin bu mövqeyindən Dağlıq Qarabağ probleminin ədalətli həllində yararlanmağa çağırıb.
İdarə Heyəti ötən həftə qondarma “Dağlıq Qarabağ respublikası”nın başçısı Saakyanın Fransaya səfəri, orada bir sıra görüşlər keçirməsi, maliyyə marafonu keçirərək ianələr toplaması, Fransanın Alfortvil kommunası ilə Ermənistan işğalı altında olan Azərbaycanın Laçın rayonu arasında "dostluq xartiyası" imzalanması faktını qətiyyətlə pisləyib və Fransanı separatizmə açıq şəkildə dəstək verən dövlət kimi dəyərləndirib, eyni zamanda Fransanın bu hərəkətinin Dağlıq Qarabağla bağlı aparılan sülh danışıqlarına rəhbərlik edən ATƏT Minsk qrupunun həmsədrlərindən biri kimi, onun vasitəçilik missiyası ilə bir araya sığmadığı qeyd edilib. Müzakirələrdə qeyd edilib ki, dinc yolla referendum keçirərək özünün müstəqilliyini elan edən Katoloniyanın rəhbərlərinin həbsinə dəstək verən Avropa dövlətlərinin, hərbi və terror yolu ilə Azərbaycan ərazilərini işğal edən Saakyana da dəstək verməsi seperatizmə ikili standartla yanaşmanın bariz nümunəsidir.
Toplantıda ötən həftə Misirdə baş vermiş terror hadisəsinə də münasibət bildirilib. Baş vermiş qanlı terror hadissəsi şiddətlə qınanılıb, bu cür hadisələrin İslamın dünyada nüfuzdan salınmasına xidmət etdiyi, lakin həmin terror hadisəsinin İslamla heç bir əlaqəsinin olmadığı qeyd edilib. Terror hadisəsi ilə bağlı Misir dövətinə və xalqına başsağlığı verilib.
İdarə Heyəti ADP sədrinin birinci müavini Həsrət Rüstəmovun Milli Şuranın 23 sentyabr 2017-ci il tarixli mitinqində iştirak etdiyinə görə həkim kimi çalışdığı Bakı Təcili və Təxirəsalınmaz Stansiyasından qeyri-qanuni və siyasi sifarişlə işdən azad edilməsi faktı ilə bağlı məhkəməyə edilmiş müraciətə və onun nəticələrinə münasibət bildirib. İlkin məhkəmə instansiyasında H.Rüstəmovun işə bərpa olunması, qeyri-qanuni işdən çıxarılmağa görə ona dəymiş maddi və mənəvi zərərə görə təzminatın ödənilməsi və onun işdən çıxarılması ilə bağlı verilən saxta sənədlərə hüquqi qiymət verilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı iddianın təmin edilməməsi qətiyyətlə pislənilib bu fakt Azərbaycanda insanların öz hüquqlarından istifadəsinə görə hakimiyyətin total repressiyası ilə üzləşməsinin bariz nümunəsi kimi dəyərləndirilib. Bildirilib ki, məhkəməyə edilən müraciətin obyektiv, qərəzsiz və hərtərəfli qaydada araşdırılmaması, H.Rüstəmovun işdən azad olunmasına məhkəmə tərəfindən haqq qazandırılması bir daha onu göstərir ki, onun işdən azad edilməsi ölkə rəhbərliyinin siyasi sifarişi ilə həyata keçirilmişdir.
Toplantıda vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılması məsələsi də müzakirə olunaraq qətiyyətlə pislənilib. Bu hadisəni müstəqil vəkillərə qarşı aparılan repressiya kampaniyasının tərkib hissəsi kimi, eyni zamanda Vəkillər Kollegiyasının hakimiyyətin əlində bir cəza aparatının olmasnın əlaməti kimi dəyərləndirilib. Toplantı iştirakçıları ölkə başçısını bu fakta münasibət bildirməyə çağırıb.
Müzakirələrdə “MTN işi” ilə bağlı keçirilən məhkəmə prosesində Eldar Mahmudovun sifarişi ilə, prokurorluqla razılaşdırılmaqla Mətləb Mustafayevin mənzilinə tapança qoyulması və həbs edilməsi və nəticə etibarı ilə bu tipli qanunsuz hərəkətlərin vətəndaşların faciələrinə yol açması faktına münasibət bildirən toplantı iştirakçıları, baş verənləri uzun illər Azərbaycanda insanların cibinə narkotik maddə qoyularaq həbs edilməsi kimi çirkin bir ənənəni sübut edən ən təkzibedilməz fakt kimi dəyərləndirib. Toplantı iştirakçıları ölkə başçısından baş verənlərə münasibət bildirməyə, səlahiyyətindən istifadə edərək bu cinayətlərdə adı keçən prokurorluq əməkdaşlarını cəzalandırmağa və müstəqil istintaq komissiyası yaradaraq bu tipli saxta və qondarma ittihamlarla üzləşən insanların işlərini yenidən araşdırılmasını təmin etməyə çağırıb.
İdarə Heyəti ötən həftə Rusiyanın yüksək dövlət orqanlarında Dağlıq Qarabağla bağlı aparılan müzakirələri, Rusiya XİN başçısı Lavrovun bu problemin yaxın perspektivdə həll olunmayacağı ilə bağlı verdiyi bəyanatı kəskin şəkildə tənqid edib. Müzakirələrdə bu faktın Azərbaycanın suveren hüquqlarına Rusiyanın açıq-aşkar müdaxilə etməsi, bu münaqişənin bilavasitə Rusiyanın öz maraq dairəsinə salmağının əlaməti kimi dəyərləndirilib, eyni zamanda Azərbaycan hökumətini Dağlıq Qarabağla bağlı Rusiya rəhbərliyinin verdiyi bəyanata izah tələb etməyə çağırıb.
İdarə Heyəti Lavrovun bu bəyanatını həm də Rusiyanın BMT-nin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məlum qətnamələrinə açıq hörmətsizlik kimi qiymətləndirib və bir daha Dağlıq Qarabağ problemini yaradan, bu problemin həllinə imkan verməyən, Azərbaycan suverenliyinə müdaxilə edən, postsovet məkanında olan xalqların azadlıqlarına mane olan, özünün yeni imperiya ambisiyalarını həyata keçirməyə cəhd edən Rusiya olduğunu bildirib.
 
Muxalifet.az