“ABŞ-Türkiyə münasibətləri daha da gərginləşəcək” – POLİTOLOQ

ABŞ və Türkiyənin qarşılıqlı olaraq bir-birinin vətəndaşlarına viza verməkdən imtina etməsi çox ciddi məsələdir.
Bunu politoloq Qabil Hüseynli deyib. ABŞ-ın Türkiyə vətəndaşlarına, Türkiyənin isə ABŞ vətəndaşlarına viza verməkdən imtina etməsini şərh edən Q.Hüseynli iki ölkənin münasibətlərinin getdikcə daha da gərginləşdiyini vurğulayıb: “ABŞ-da Türkiyə Prezidentinin cangüdənləri barədə cinayət işi açılıb və bu cinayət işinin istintaqı gedir. Bütün bunlar iki dövlət arasında münasibətləri xeyli zədələyir. Son vaxtlar Türkiyənin Rusiya ilə İdlib bölgəsində birgə hərbi əməliyyatlar aparması və Suriyada tompon bölgələr yaratması işinə girişməsi Amerikanı daha da qəzəbləndirir. Zənnimcə, Türkiyə-İran-Rusiya tandemi ABŞ-ın ürəyincə deyil və Vaşinqton bu tandemi pozmağa çalışır. Xüsusilə, NATO ölkəsi olan Türkiyənin bu tandemə qoşulması, alyansa üzv ölkələr, ilk növbədə ABŞ tərəfindən ciddi surətdə qınanılır”.
Q.Hüseynli qeyd edib ki, məsələ çox dolaşıqdır və birmənalı fikir söyləmək o qədər də asan deyil: “Tərəflərin addımlarıını analiz edəndə hər iki tərəfdə yol verilmiş xətalar olduğunu görmək olur. Məsələn, Türkiyə Rusiya və İranla strateji səviyyəyə çatan müttəfiqlik qurub və bu əlaqələrdə ABŞ-ın maraqları az da olsa, nəzərə alınmır. Digər tərəfdən, ABŞ PKK-nın qolları olan PYD və YPG ilə əlaqələr qurub və kürd dövlətinin yaranması istiqamətində addımlar atır. Üstəlik, ABŞ həmin bölgəyə demokratik qüvvələrə yardım adı altında xeyli silah-sursat göndərib. Bəzi məlumatlara görə, göndərilən silahların ümumi həcmi 93 TIR-dan çoxdur. Bu o deməkdir ki, həmin qüvvələrə ciddi yardım göstərilir və bu silahlar gələcəkdə Türkiyənin təhlükəsizliyinə ciddi xələl gətirə bilər”.
Politoloq ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı, ABŞ vətəndaşı Mətin Topuzun FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilməsinin ciddi gərginlik yaradacağını vurğulayıb: “Bu gərginlik yüksələn xətlə inkişaf edəcək. Bəlkə də hansısa vasitəçilər işə qarışıb münasibətləri yumşalda bilərlər. Amma hər halda srağagün Suriya ilə, dünən Rusiya ilə, indi isə ABŞ-la qarşı-qarşıya gələrək gərginlik yaradan Türkiyənin xarici siyasət xətti bəzi məqamlarda çətin başa düşülür. Digər tərəfdən isə ABŞ-a Donald Tramp kimi şəxsin prezident seçilməsi münasibətləri durultmaq əvəzinə daha da bulandırıb. Bir sözlə, bu məsələni şərh etmək o qədər də asan deyil”(teleqraf.com).