“Əbülfəz Elçibəyi oxumaq lazımdır” – MƏRHUM LİDER DOĞUM GÜNÜNDƏ ANILDI - FOTOLAR

Bu gün Milli Azadlıq Hərakatının lideri, mərhum preizdent Əbülfəz Elçibəyi anadan olmasının 79-cu il dönümüdür.
Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatlaçılığı ilə  mərhum prezidentin doğum günü Azərbaycan Demokrat Partiyasının qərargahında təntənəli şəkildə qeyd oldundu.
Tədbirdə tanınmış ictimai-siyasi xadimlər çıxış etdi.
Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər 24 iyunun gözəl gün, bayram günü olduğunu dedi: “Təvimdə 365 gün var. Əbülfəz Elçibəyin anadan olduğu gün Əbülfəz Elçibəyi və onunla bağlı dəyərləri tənqid  atəşinə tutmaq görməmişlikdir. Eləcə də Əbülfəz Elçibəyin dünyanı tərk etdiyi gün və 18 oktyabr günü - cümhuriyyətimizin bərpa olunduğu gün tənqidi kənara qoymaq lazımdır. Tənqid üçün ildə yetərincə gün var. Bizim tənqiddən cəkinəcəyimiz yoxdur. Elə bir insan yoxdur ki, Elçibəyə, Elçibəy hakmiyyətinə qarşı bizim ona veriləcək cavabımız olmasın. Kim nə deyir desin, bu cümhuriyyəti Məmməd Əmin Rəsulzadə və onun silahdaşları qurub. Əbülfəz Eçilbəy və onun silahdaşları isə bərpa edib. Azərbaycanda 3 il xalqın hakimiyyəti olub. 1918-20-ci illərdə Müsavat Partiyasının hakimiyyəti, 1992-93-ci ilərdə Eiçbəy hakimiyyəti xalqın hakimiyyəti olub. O qaranlıq dönəmlərdə Azərbaycanı müstəmləkə vəziyyətindən qoparmış 3 ildir. 3 il xalqın iradəsinin kerçəkləşdiyi dövr olub.
İndiki hakimiyyət 24 ildir hakimiyyətdədir. Bir qarış topaq azad etməyiblər, xalqın bir problemini həll etməyiblər. İndi problemləri həll etməməklərini yalandan Elçibəyin bir il hakimiyyətdə olması ilə izah etməyə çalışırlar”.
Çıxışının sonunda İ.Qəmbər 24 iyun bayramı və Ramazan bayramı münasibətilə xalqımızı və tədbir iştirakçılarını təbrik etdi: “Tanrı sizləri qorusun, tanrı Əbülfəz bəyin ruhunu şad etsin”.
Elçibəy hakimiyyəti dövründə baş nazir vəzifəsini daşıyan AXP sədri Pənah Hüseyn çıxşına “Əbülfəz Elçibəyi oxumaq lazımdır” fikri ilə başladı: Əbülfəz Elçibəy bizə bir tarix qoymaqdan əlavə, böyük bir ideologiya, nəzəriyyə qoyub getmişdir. Hakimiyyətə gəlmə nəzəriyyəsinə Elçibəy irsinin bir hissəsi kimi baxmaq lazımdır. Çünki bu gün hakimiyyətdən getmək məsələsi aktual deyil, bu gün hakimiyyətə gəlmək məsələsi aktualdır. Elçibəy komandasının həm hakimiyyətə gəlmək, həm də hakimiyyətdən getmək təcrübəsi var”.
ADR Hərəkatının sədri Qubad İbadoğlu isə bildirdi ki, Əbülfəz Elçibəyin komandasında çalışmasa da, onun ideologiyasının davamçısıdır: “Əbülfəz bəyi öyrənirəm, onun ideoloji irsini müdafiə edirəm”.
Q. İbadoğlu onu da vurğuladı ki, hazırda Əbülfəz bəyi sevənlər və onun adından isifadə edənlər var: “Mən istəyərdim ki, Əbülfəz bəyi sevənlər onun ideyalarını yaşatsınlar, davam etdirsinlər. Həqiqətən, Əbülfəz bəy bir lider örnəyi idi. Onun liderliyi dövründə Azərbaycan Məmməd Əmin Rəsulzadədən sonra şərəfli bir tarixini yaşayıb. Çox təəssüflər olsun ki, Əbülfəz bəy həyatdan gedəndən sonra o liderlik, o mübarizə davam etmir. Biz Əbülfəz bəyi həmişə bir lider kimi həsrətlə, şükranlıqla xatırlayırıq, ona rəhmət diləyirik. Əbülfəz bəy həm prezident, həm lider, həm də sadə bir adam idi. Bu gün bizim üçün o boyda şəxsiyyətin sadəliyi öyrəniləsi ornəkdir”.
Tədbirdə Əbülfəz Elçibəy irsinin öyrənilməsində əvəzsiz xidmətləri olan Mehriban Vəzir, Aqil Səmədbəyli, Mirmöhsun Mahmudov, Əjdər Xanzadə və digər ictimai-siyasi xadimlər də çıxış etdilər. Həmçinin kiçik yaşlı uşaqlar şerlər söylədi. Sonda isə ozan Fəxrəddin Salimi Əbülfəz Elçibəyin sevdiyi bir neçə musiqi parçasını səsləndirərək, tədbir iştirakçılarını duyğulandırdı.

Hurriyyet.org