Ziya Məmmədovun oğlunu bitirən layihə bu dəfə Tiflisdə

ABŞ prezidenti Donald Trampın oğlu Erik Tramp yaxın vaxtlarda Gürcüstanın paytaxtı Tiflisə səfər edəcək.
“Vzqlyad” nəşri xəbər verir ki, səfərin əsas məqsədi “Trump Tower Tiflis” layihəsinin təməlqoyma mərasimində iştirak etməkdir.
Erik Tramp Gürcüstanın “Rustavi 2” telekanalına müsahibəsində bildirib ki, çox tezliklə Tiflisə gələcək və qüllənin təməlqoyma mərasimində mütləq iştirak edəcək.
Onun sözlərinə görə, bundan sonra Tiflisə tez-tez səfər etməyi planlaşdırır. Tiflisdə sentyabrın 15-də layihənin rəsmi təqdimatı keçirilib. “Trump Tower Tiflis” çoxfunksiyalı kompleksinin şəhərin ən hündür binalarından biri olacağı bildirilir. Layihəyə görə, qüllənin hündürlüyü təxminən 280 metr, mərtəbələrinin sayı isə 62 olacaq. Binada elit yaşayış mənzilləri, mağazalar və hotel xidmətlərinin yerləşdirilməsi nəzərdə tutulur.
Erik Tramp Gürcüstanın iqtisadi inkişafını, texnologiya, ticarət və turizm sahələrindəki imkanlarını xüsusi vurğulayıb. Onun sözlərinə görə, Gürcüstanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi ölkənin mühüm üstünlüklərindən biridir.
Tiflisdə yeni “Trump Tower” layihəsinin ortaya çıxması Azərbaycanda bir vaxtlar yaşanan hadisələri də yada salır. Çünki Bakıda da vaxtilə “Trump Tower” tikilmişdi.

Bu layihə Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun adı ilə əlaqələndirilirdi. Məqsəd Bakıda “Trump International Hotel & Tower” adı altında lüks hotel və yaşayış kompleksi yaratmaq idi. Layihənin tikintisinə 2008-ci ildə başlanıldı. 33 mərtəbəli və təxminən 130 metr hündürlüyündə olan bina uzun illər Bakının ən diqqətçəkən tikililərindən biri kimi təqdim olunurdu.Layihədə “Trump Organization” da iştirak edirdi. Donald Trampın qızı İvanka Tramp Bakıya gələrək layihə ilə bağlı proseslərdə şəxsən iştirak etmiş, binanın dizaynı və hotel konsepsiyası ilə bağlı işlərdə rol almışdı. O vaxt Bakıda böyük gözləntilər vardı. “Trump” brendinin Azərbaycanda lüks hotel layihəsi ilə təmsil olunacağı bildirilirdi. Amma biznesin taleyi sonradan dəyişdi. Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra “Trump Organization” Bakı layihəsi üzrə lisenziya razılaşmasına xitam verdi. Nəticədə bina “Trump” adı ilə fəaliyyətə başlamadı.

Bundan sonra layihənin adı dəyişdirildi. Uzun müddət istifadəyə verilməyən bina sonrakı illərdə başqa brend altında fəaliyyət göstərməyə başladı.
Üstəlik, keçmiş “Trump Tower”ın tarixində yanğın hadisəsi də baş verdi. 2018-ci ilin aprelində 33 mərtəbəli binada güclü yanğın baş verdi. Yanğının səbəbi ilə bağlı müxtəlif məlumatlar səslənsə də, rəsmi qurumlar hadisənin səbəbləri haqda sonradan ətraflı məlumat vermədi. Üstəlik, Trampın prezidentliyi Məmmədovlara düşmədi, Anar Məmmədov ölkəni tərk etdi, Ziya Məmmədov da bir müddət sonra hakimiyyətdən uzaqlaşdırıldı. İndi isə eyni “Trump Tower” brendi Tiflisdə yenidən Cənubi Qafqazın gündəminə çıxır. Bu dəfə layihənin miqyası daha böyükdür. Erik Tramp şəxsən təməlqoyma mərasimində iştirak edəcəyini açıqlayır və “Trump Organization” Gürcüstanda uzunmüddətli layihə həyata keçirməyə hazırlaşır.
Ümid edək ki, qonşu ölkədəki “Trump Tower” Bakının taleyini təkrarlamayacaq, adını qoruyacaq, tikintisi başa çatacaq və planlaşdırıldığı kimi fəaliyyət göstərəcək./Musavat.com




















