Avropa üçün əsas təhlükə: İnflyasiya yüksəlir, iqtisadi artım zəifləyir

Baxış sayı:
135

"Hazırda Avropa Mərkəzi Bankının (AMB) qarşısında duran başlıca problem məhz klassik, monitor siyasət dilemmasıdır. Bir tərəfdən inflyasiyanın yenidən sürətlənməsinin qarşısını almaq, digər tərəfdən onsuz da zəifləyən iqtisadi aktivliyi əlavə faiz artımları ilə daha da məhdudlaşdırmamaqdır".

Bu sözləri iqtisadçı Aslan Əzimzadə deyib.

O bildirib ki, burada əsas məsələ neft və enerji qiymətlərindəki artımın nə qədər davam etməsidir:

"Əgər söhbət qısamüddətli geosiyasi şokdan gedirsə, enerji qiymətlərinin inflyasiyaya təsiri müəyyən müddətdən sonra avtomatik zəifləyəcək. Lakin Hörmüz boğazındakı gərginlik uzanarsa, yüksək enerji qiymətləri istehsal, nəqliyyat, logistika xərcləri vasitəsilə digər mal və xidmətlərin qiymətlərinə ötürülərsə, artıq enerji şokundan daha geniş və davamlı inflyasiya prosesinə çevrilməsi riski yaranır. Avropa Mərkəzi Bankı üçün əsas təhlükə məhz buradadır".

"Digər tərəfdən enerji qiymətlərinin bahalaşması Avropa iqtisadiyyatı üçün yalnız inflyasiya problemi yaratmır. Yüksək enerji xərcləri müəssisələrin də istehsal xərclərini artırır, təsərrüfatlarının real gəlirlərini və istehlak imkanlarını məhdudlaşdırır və bu da nəticə etibarilə investisiya fəallığına mənfi təsir göstərir. Yəni bu şok həm inflyasiyanı yüksəldir, həm də iqtisadi artımı zəiflədir. Bu isə AMB-nin qərarvermə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Hörmüz boğazında gərginliyin davam etməsi və neft qiymətlərinin uzunmüddətli yüksək səviyyədə qalması əlavə faiz artımı ehtimalını yüksəldə bilər. Ancaq mən Avropa Mərkəzi Bankının uzunmüddətli aqressiv sərtləşdirmə dövrünə keçməsindən daha çox ehtiyatlı şəkildə, məhdud sayda və məlumatlardan asılı faiz artımlarını üstün görəcəyini düşünürəm. Çünki faizlərin həddindən artıq artırılması enerji təklifindən qaynaqlanan problemin özünü həll etmir, əvəzində investisiya və istehlakı da zəiflədir və iqtisadi artım üzərinə əlavə təzyiq yaradır. Bu baxımdan Avropa Mərkəzi Bankı üçün həlledici göstərici təkcə neftin qiyməti olmayacaq. Bank enerji şokunun baza inflyasiyasına, inflyasiya gözləntilərinə və ümumi qiymət formalaşmasına nə dərəcədə keçdiyini izləyəcək", - ekspert vurğulayıb.
Avropa üçün əsas təhlükə: İnflyasiya yüksəlir, iqtisadi artım zəifləyir

Onun sözlərinə görə, əgər enerji qiymətlərindəki artım iqtisadiyyatın digər sahələrinə də geniş şəkildə yayılarsa, əlavə faiz artımı daha real ssenariyə çevriləcək:

"Əksinə, enerji şoku müvəqqəti xarakter daşısa və baza inflyasiyası nəzarət altında qalsa, onda mərkəzi bank iqtisadi artımı qorumaq məqsədi ilə daha ehtiyatlı mövqe tutacaq. Nəticə etibarilə hazırkı şəraitdə Avropa Mərkəzi Bankının seçimi təkcə inflyasiya yox, həm də iqtisadi artım deyil, əsas məsələ inflyasiya gözləntilərinin nəzarətdən çıxmasına imkan vermədən iqtisadiyyata mümkün qədər əlavə zərər vurmamaqdır. Yaxın aylarda Hörmüz boğazındakı vəziyyət, enerji qiymətlərinin dinamikası AMB-nin faiz siyasətinin istiqamətini müəyyən edən əsas amillərdən biri kimi çıxış edəcək"./oxu.az