MƏNZİL BÖHRANI DƏRİNLƏŞİR... - Bakı üçün təhlükə siqnalı

Baxış sayı:
132

Qlobal miqyasda şəhərləşmə sürətlə artmaqda davam edir və yaxın onilliklərdə dünya əhalisinin təxminən 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır. Bu proses xüsusilə inkişaf etməkdə olan ölkələrdə daha kəskin şəkildə müşahidə olunur və şəhərlərə köç axını sürətlənir. Şəhərlərin böyüməsi isə infrastruktur, mənzil təminatı və sosial xidmətlər üzərində ciddi təzyiq yaradır. Eyni zamanda iqlim dəyişikliyi və təbii fəlakətlər şəhər idarəçiliyini daha da çətinləşdirir

Sürətli şəhərləşmə mənzil böhranını və sosial problemləri daha da dərinləşdirə bilərmi? Şəhərlərin 70%-ə qədər böyüməsi gələcəkdə hansı sosial və iqtisadi riskləri yarada bilər?

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə “AzPolitika”ya açıqlamasında bildirib ki, artıq bu problem təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində də hiss olunmaqdadır.

Onun sözlərinə görə, şəhərlər tədricən böüyür, rayon və kəndlərdə əhali sayı azalır, şəhərlərdə isə artır. Bu isə bir sıra problemlərə yol açır: “İlk növbədə vətəndaşlar daşınmaz əmlak problemi ilə üzləşirlər. Məsələn, Bakıda olduğu kimi, qiymətlər ildən-ilə artır. Bu isə tələbin artması, təklifin isə məhdud olması ilə bağlıdır. Nəticədə daşınmaz əmlakın qiymətləri tədricən yüksəlir. Daşınmaz əmlak əldə edə bilməyən insanlar kirayə mənzillərə üz tuturlar ki, bu da avtomatik olaraq kirayə qiymətlərinin artmasına səbəb olur. İnsanlar əsasən iş tapmaq məqsədilə şəhərlərə köçürlər. Əhali artdıqca xidmət sahələrində də tələbat yüksəlir. Bu isə nəqliyyat xərclərinin, müxtəlif məhsul və xidmətlərin qiymətlərinin tədricən artmasına gətirib çıxarır”.

R.Qasımzadə qeyd edib ki, şəhərlərin böyüməsi insanların yaşayışı üçün əlavə problemlər də yarada bilər: “Mənzil və fərdi evlərə tələbin artması qeyri-qanuni tikililər problemini də aktuallaşdıra bilər. Belə hallar digər ölkələrdə də müşahidə olunur. Vətəndaşlar yaşayış ehtiyaclarını ödəmək üçün qanunsuz tikililər inşa edə bilərlər. Azərbaycanda da bu vəziyyət bir neçə il əvvəl müşahidə olunub. Hazırda Bakıda yüz minlərlə qeyri-qanuni tikilinin olduğu bildirilir”.

Ekspert sonda əlavə edib ki, insanların bir məkanda həddindən artıq cəmləşməsi iqlim və infrastruktur problemlərinə də səbəb ola bilər: Məsələn, Bakıda sıxlıq və tıxaclar artıq ciddi problemə çevrilib. Atmosferə atılan tullantıların artması da bu problemlər sırasında yer alır”.

Oğuz Ayvaz