20 GÜNÜN ƏSGƏRİNİN ÖLÜMÜ! – Günahkarlar yenə cəzasız qalacaq?

Baxış sayı:
55

Son günlər sosial şəbəkələr Dövlət Sərhəd Xidmətinin (DSX) 20 günlük əsgəri Hüseyn Əsədovun ölümü xəbəri ilə sarsılıb. Hələ həyatının başlanğıcında olan, arzuları, planları və gələcəyi olan bir gəncin taleyi yarımçıq qaldı. Bir ana balasız, bir ailə övladsız, bir ev isə işıqsız qaldı.
Bu hadisə ilə bağlı haqlı olaraq cəmiyyətdə çoxsaylı suallar yaranıb: yenə susulacaqmı? Yenə hansısa məsul şəxslərin səhlənkarlığı ört-basdır ediləcəkmi? Yenə “araşdırılır” açıqlaması ilə ictimaiyyət sakitləşdirilməyə çalışılacaqmı?
Xatırladaq ki, DSX-da xidmət edən əsgər Hüseyn Əsədovun hərbi xidmət zamanı səhhətində ciddi problem yarandığı və həyatını itirdiyi, faktla bağlı cinayət işi açıldığı qeyd olunur. Lakin bu, cəmiyyətdə yaranan narahatlığı azaltmır. Çünki əsas məsələ bir gəncin həyatını itirməsinə səbəb olan amillərin tam və şəffaf şəkildə araşdırılmasıdır.
İctimaiyyəti düşündürən əsas məqamlardan biri Tibbi Komissiyaların fəaliyyəti ilə bağlıdır. Sual olunur: yoxlamalar hansı meyarlarla aparılır? Səhhətində problem olan bir gənc necə hərbi xidmətə yararlı hesab edilir?
Əgər həqiqətən də belə bir problem mövcud olubsa, bu qərarı verən şəxslərin məsuliyyəti ciddi şəkildə araşdırılmalıdır.
Təəssüf ki, bu cür hadisələr ilk dəfə deyil. Müxtəlif vaxtlarda hərbi xidmət zamanı gənclərin sağlamlığı ilə bağlı oxşar suallar gündəmə gəlib və bir çox ailə cavabsız qalan ağrılarla baş-başa qalıb. Bu isə cəmiyyətdə narahatlığı daha da artırır.
Ən ağır məqamlardan biri də yaranan susqunluqdur. Bir gənc həyatını itirir, amma ətrafda dərin bir sükut hökm sürür. Kimi danışmaq istəmir, kimi isə məsuliyyətdən yayınmağa çalışır. Sanki insan həyatı getdikcə adiləşir və cəmiyyət belə xəbərlərə alışdırılır. Halbuki insan həyatı hər şeydən üstün tutulmalıdır.
20 günlük əsgərin ölümünün hansı səbəbdən baş verdiyi, bu faciənin arxasında hər hansısa səhlənkarlığın olub-olmaması obyektiv araşdırılmalıdır. Çünki ən təhlükəli məqam yalnız faciənin özü deyil, faciədən sonra yaranan susqunluqdur. Məhz bu susqunluq yeni ağrıların və yeni faciələrin yolunu aça bilər.
Cinayət işinin nəticəsinin necə olacağını zaman göstərəcək. Amma cəmiyyətin əsas gözləntisi budur ki, bu dəfə məsuliyyət daşıyan bütün tərəflər obyektiv şəkildə araşdırılsın və qanunlarımız məmur ayaqqabıları altında əzilməsin, tapdalanmasın.
Jalə FAMİLQIZI
Hurriyyet.az