“KREML KADIROVUN ÖLÜMÜNƏ HAZIRLAŞIR” – Hakimiyyət kimə ötürülə bilər?

Baxış sayı:
202

Çeçenistan başçısı Ramzan Kadırovun ağır xəstəliyi Kremli ondan sonrakı dövrə hazırlaşmağa vadar edir.

Rusiyanın “Vajnıye istorii” nəşrinin yazdığına görə, Kreml Kadırovun mümkün ölümündən sonra Çeçenistanda yaranacaq hakimiyyət boşluğunun aradan qaldırılması üzərində işləyir. Nəşr qeyd edir ki, bu barədə Kremlə və hakim "Vahid Rusiya" partiyasına yaxın mənbələrdən məlumat alıb.

Mənbə, Kadırovun ölümcül xəstəliyi və onun varisi kimi təqdim edilən oğlu, 18 yaşlı Adam Kadırovun yol qəzasında ciddi xəsarət alması fonunda bölgədəki vəziyyəti “son dərəcə ağır” adlandırır: "Hazırda Çeçenistanda baş verən hər şey diqqətlə gizlədilir, orada isə çox mürəkkəb proseslər baş verir. Xalq çox həyəcanlıdır; heç kim baş verənlər barədə danışmır. Yerli sakinlərə "əgər hər hansı bir məlumat sızması olarsa, biz sadəcə hər kəsi, bütün ailəni yeddinci nəslə qədər məhv edəcəyik" deyilib”.

Nəşr yazır ki, Kadırovun ölümünə hazırlaşan Kreml üçün hazırda əsas seçim yeni "taxt sahibi" təyin etməkdir. Çeçenistanın yeni rəhbəri Kadırovun oğlu Adamın onun bu vəzifəni tutmasına imkan verən 30 yaşına çatmasına qədər Çeçenistanda sabitliyi təmin etməlidir.

Məqsəd Kadırova sadiq bir şəxsin Çeçenistanın rəhbəri təyin edilməsidir. Bunlardan biri Çeçenistandan Dövlət Dumasının deputatı və çeçen diasporuna nəzarət edən, Kadırovun uzun müddətli müttəfiqi olan Adam Delimxanovdur. Nəşrin yazdığına görə, Kadırov ona Adamı "yetişdirməyi", onun əlaqələrini, o cümlədən cinayətkar aləmdəki əlaqələrini təmin etməyi tapşırıb.

İkinci namizəd isə Kadırovun digər yaxın adamı və regionda repressiyalara görə məsul olan Çeçenistanın Baş naziri Maqomed Daudovdur. Nəşrin mənbələrinə görə, hazırda onların ikisi arasında hakimiyyət uğrunda münaqişə yaranıb.

Nəşr yazır: "Ukraynadakı müharibədə batmış Moskvanın ehtiyac duyduğu son şey qeyri-sabit Çeçenistandır. Status-kvonun qorunmasına zəmanət verən hər kəs Moskva üçün uyğun olacaq".

Politoloq Abbas Qallyamov isə qeyd edir ki, Kadırovun ölümü həm hakimiyyət uğrunda klan mübarizəsinə, həm də kütləvi etirazlara səbəb ola bilər: "Çeçenistanda çoxlu narazı insan var və onların çoxu Çeçenistan elitasındadır. Əgər onlar sistemin başlarını qaldırıb mübarizəyə başlaya biləcəkləri nöqtəyə qədər zəiflədiyini hiss edərlərsə, mütləq bunu edəcəklər".

Ekspert hesab edir ki, varis seçiminə gəldikdə, Moskva ilk növbədə riskləri minimuma endirəcək birinə diqqət yetirəcək: "Çeçenistan prioritet deyil. Prioritet resursları israf etməməkdir. Onlar əllərində olan hər şeyi Ukrayna məsələsinə yönəldiblər"./azpolitika.info