Torpaq alıb, özünə ev tikmək istədi, başına gəlməyən qalmadı - ŞİKAYƏT

Baxış sayı:
427

Kirayədə yaşamaqdan qurtulmaq istəyən Nanə Səmədovaya qarşı dələduzluq
Bakı şəhər sakini Səmədova Nanə Ələsgər qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir:
Cənab Prezident!
Hörmətli Mehriban xanım!
Mən, Səmədova Nanə Ələsgər qızı, yazaraq Sizlərdən kömək gözləyirəm. Ağlıma belə, gəlməzdi ki, bir gün kimsə məni aldadar.
Bildirim ki, hazırda kirayədə yaşayıram. 2021-ci ilin aprel ayında “Baksol” yaşayış massivində 1 sot torpaq almışdım. Məqsim orada ev tikmək idi. Amma başıma gəlməyən qalmadı. Belə ki, xərçəng xəstəliyinə yaxalandığmı öyrəndim. Müailəcələr, müayinələr adımı belə yadımdan çıxartdı.
Müalicəmə pul çatdıra bilmədiyim üçün, qərar verdim ki, torpağı satım, borclarımı bağlayım, həmçinin iynə-dərmanımı etdirim. Mənə torpağı satan şəxs Abbasov Aydın olmuşdur. Həmin vaxt ona bildirdim ki, zəhmət olmasa, mənə 1 sot torpaq tapın. O da dedi ki, yaxınlıqda Həsən kişinin oğlu Elçin həyətindən 1 sotdan cüzi az torpaq sahəsi satır. Gedib baxdıq, yeri bəyəndim. Maklerin iştirakı ilə Elçinə 6 min manat ödəniş etdim. Pulu verdiyimə dair əlim də sənəd var.
Bir neçə gün keçəndən sonra qardaşımı da gətirdim ki, baxsın. O da baxdı və bildirdi ki, içərdən içəriyə 5 metrdir, 6 metr olsaydı normal ev çıxardı. Əlavə etdi ki, torpağı qaytar, pulunu al.
Elçinlə görüşdüm, torpağı qaytarmaq istədiyimi dedim. Həmin vaxtı öyrəndim ki, Elçin də ağ ciyər çatışmazlığı xəstəliyindən əziyyət çəkir. O, mənim sözlərimi anlayışla qarşıladı, dedi ki, pulunu verəcəm. Mən də dedim ki, səhhətin biraz düzəlsin, çağırarsan gəlib pulu götürərəm.
Bu ərəfədə bacım zəng vurub bildirdi ki, Nanə, əlində 10 min manatın olsa, ilkin ödəniş edib Xırdalandan ev ala bilərsən. Düzü, bu təklif mənə xeyr edəcəkdi. Həmin gün lotereya oynayıb, pul götürmüşdüm.
Həmin vaxt telefonuma Elçindən zəng gəldi. Düşündüm ki, pulumu verəcək. Dedi ki, gəl, səninlə söhbətim var. Getdim, bildirdi ki, Nanə xanım, torpağa verdiyin 6 min manatdan əlavə, 9 min manat da versən, torpaqla evi dəyişərik. Evə də baxdım, yenə xoşum gəldi. Çox səliqəli tikilmiş bir ev idi. Dedi ki, ilkin ödəniş kimi 15 min manat verərsən, qalanını sonra ödəyərsən. Danışdıq, razılaşdıq ki, 10 aydan bir 5 min manat pul verəcəm. 6 min manat əvvəl verdiyim üçün sonradan ilkin ödəniş kimi 9 min manat pul verdim. Bu dediklərimə dair əlimdə səs yazıları və qol çəkdiyimiz sənəd var. 9 min manat məbləği isə az-az vermişəm. Yəni Elçinə cəmi 24 min manat pul vermişəm.
Daha sonra Elçindən evə nə vaxt köçəcəyimi soruşdum. Sən demə, mənim xəstəliyinə görə yazığım gəldiyi, möhlət verdiyim Elçin evi bir başqa adama da satıb. Onlar da qaz və işığı öz adlarına keçiriblər. O, utanmaz-utanmaz hələ bir dəfə mənə zəng vurub 400 manat pul istədi. “Xəstəxanadayam, təcili pul çatmalıdır”, - dedi. Qonşudan borc alıb verdim. Hansı ki, həmin vaxt başıma açılan oyunlardan xəbərsiz idi. Fikirləşirdim ki, səhhəti ilə bağlı evdən çıxa bilmir.
Bir neçə gün keçdi. Zəng vurdum, telefonumu açmadı, mesaj yazdım, baxmadı. Makler zəng vurub dedi ki, Nanə xanım, xəbərin var, Elçin rəhmətə gedib?! Hətta Aydın dayı dedi ki, sənə borclu olduğu 6 min manat pulu da qohumlarına demişəm. Bu zaman dedim ki, Aydın dayı 6 min nədir, sonradan mənə öz yaşadığı evi də satıb, ona cəmi 24 min manat pul vermişəm.
Başa düşdüm ki, insan ölüm ayağında olsa belə, ona inanmaq olmaz. Getdim, evi məndən sonra alan adamlarla görüşdüm. Onların əlində saxta notarius sənədi var idi. Evi 2-ci alan şəxslə “podarat” müqaviləsi bağlanıb, guya evi tikib bu adamlara verib.
Bundan sonra bacısı ilə əlaqə qurmağa çalışdım. Dedi ki, gözlə, məclisi yol verim. Cümə günü məclislərinə getdim. Üzərimə hücüm etdilər. “Qardaşımı sən öldürmüsən, çıx burdan” ifadələrini səsləndirdilər.
Araşdırıb öyrəndim ki, deputat Əli Hüseynli bunların bibisi oğludur. Ona məktub göndərdim. Bir müddət sonra Əli Hüseynli mənimlə əlaqə saxladı. Dedi ki, xanım, narahat olmayın, DİN rəhbəri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə də məlumat verəcəm. Sevindim ki, Əli müəllim mənə köməklik edəcək.
İş hüquq-mühafizə orqanlarına verildi, izahatlar alındı. Elçinin bacısı elə oradaca məni təhdid və təhqir etməyə başladı. Açıq şəkildə dedi ki, hara və kimə istəyirsən yaz,  heç nə əldə edə bilməyəcəksən, Əli Hüseynli mənim axramdadı. Bu sözlərin sübutu bu günə qədər də məndə qalır.
Əli Hüseynlinin qəbulunda getdim, lakin qəbul etmədi.
Hazırda məhkəmə prosesi davam edir. İşə hakim Əfsanə Heydərova baxır. Yeri gəlmişkən ondan da xahiş edirəm ki, heç bir tapşırığa boyun əyib, mənim haqqıma girməsin.
Cənab Prezident!
Hörmətli Mehriban xanım!
Çox çarəsiz vəziyyətdəyəm, səhhətim də yaxşı deyil. Evim də olmadığı üçün kirayələrdə zlüm çəkirəm. Xahiş edirəm ki, verdiyim pullarını alınıb mənə geri ödənilməsinə göstəriş verin”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.