İRAN HAKİMİYYƏTI İÇİNDƏN PARÇALANIR... - Fars rejiminə son zərbəni türklər vuracaq

Baxış sayı:
3302

Əsəd rejiminin çökməsi ilə İran gözləmədiyi fəlakətlə üzləşib. Məlum faktdır ki, Tehran rejiminin tabanı fars millətçiliyidir. Fars rejimi ˝Böyük fars imperatorluğu˝ ideyasını təbliğ edərək, ˝Suriya və Livanı nəzarətə aldıq, iki min il sonra yenə Ağ Dənizə endik˝ tezisləri ilə millətçilərin könlünü oxşayır, ˝Şiə hilalı˝ layihəsinə yüz milyardlarla dollar xərclənməsini əsaslandırmağa çalışırdı. Olmadı, 45 illik çox bahalı layihə çökdü.

Fars rejimi Qarabağda aldığı böyük yenilgidən sonra ˝Böyük fars imperatorluğu˝ layihəsini də batırdı. Ard-arda baş verən bu fəlakətli fiaskolar fars rejimi üçün təsirsiz ötüşə bilməz. Məntiqə görə, belə böyük sarsıntı ilə üzləşən rejim ya ciddi və real islahatlara getməli, ya da rejimi daha da sərtləşdirməlidir. Fars rejimi sərtləşməni seçmiş kimi görünür.

Sərtləşməni xalqın “gözünə soxmaq” üçün rejimin xalqla qarşıdurmasının simvoluna çevrilmiş hicab problemi yenidən gündəmə gətirilib. Parlament hicab örtmə qaydalarını son dərəcə sərtləşdirən qanun qəbul edib, Konstitusiyaya nəzarət edən dini şura qanunu təsdiqləyib.

 

Sərtləşmənin ilk addımları hakimiyyətin müxtəlif qolları arasında toqquşmalara start verir. Prezident Pezişkian bu qanunu “qaranlıqdan doğan qanun” adlandırıb və imzalamayacağını bildirir. Birbaşa dini lider Əli Xamaneiyə tabe olan Qadin və Ailə Məsələləri Üzrə Departamentin rəhbəri Mehri Dərestani Prezident Administrasiyasını mənəviyyatsızlıqda və pozğunluqda ittiham edib.

Prezident isə departament rəhbərini məhkəməyə verib. İran televiziyalarındakı tok şoularda da indiyə qədər görünməmiş debatlar başlanıb. Verilişlərdə yüz milyardlarla dolların hara xərcləndiyi, layihələrin niyə batırıldığı və məsuliyyətin kimin üzərində olduğu sorğulanmağa başlanıb.

Ən maraqlı məqamlardan biri isə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) rəhbəri Hüseyn Səlaminin səsləndirdiyi sensasiyalı bəyanatdır. O deyib: “Artıq yeni reallıqlarla hesablaşmaq zorundayıq. Suriyada nə qədər çalışsaq da bir şey edə bilmədik. Eyni nöqtədə tıxanıb qalmaq və eyni fikirləri təkrarlamaqla hədəfə çata bilmərik”.

Bunu, dini liderdən sonra dövlətin ən əhəmiyyətli qurumunun rəhbəri deyir. Nə baş verir? Prezident, parlament, qanunvericiliyə nəzarət edən dini şura, dövlətin səlahiyyətli departamenti biri-birinə girib, rəsmi telekanallarda hakimiyyət sorğulanır, İİKK rəhbəri isə ümidsizdir və “dəyişmək zorundayıq” deyir.

İran ən müxtəlif istiqamətlərdə çox böyük çıxmazın içindədir. Hakimiyyətin müxtəlif qolları arasında çəkişmələr və ümidsizlik artır, ölkə sosial-iqtisadi problemlər içində boğulur. Üstəlik, rejimin qeyri-fars millətlərinə qarşı amansız siyasəti sərt millətlərarası münasibətlər formalaşdırıb. Narazılıqlar pik həddədir. Molla rejimi farslar da daxil bütün ölkə əhalisini ağılagəlməz basqılar altında saxlayır, son hicab qanunu isə bu basqını və gərginliyi daha da artırır.

Digər tərəfdən, rejimin rəhbəri Xamenei yaşlı və xəstədir, onun kürsüsü üğrunda qızğın pərdəarxası çəkişmələr gedir. Bütün bu problemlərə ABŞ-nin yeni seçilmiş Trampın İranı bombalamaq təhdidlərini də əlavə etsək, durumun fars rejimi baxımından nə qədər acınacaqlı olduğu aydınlaşır.

Məlumat üçün qeyd edək ki, ABŞ-nin ˝Avraam Linkoln˝ aviadaşıyıcı gəmisinin başçılıq etdiyi zərbə qrupu Orta Şərqdədir. Bu qrupa dəstək üçün ˝Harri Truman˝ avidaşıyıcısı və yeni zərbə qrupu da bölgəyə gəlib. Bütün yuxarda deyilənlər görünən müstəvidə baş verənlərdir. Fars rejimi özü üçün ən böyük təhlükəni türklərdən görür. İranın hansı oyunları oynamasından asılı olmayaraq, fars rejiminin həm daxili, həm də xarici siyasətinin ana xətti hər zaman anti-türk siyasəti olub.

İran rejimi Qarabağda Azərbaycana qarşı erməniləri, Türkiyəyə qarşı isə Qərbi və kürd separatçılarını, Zəngəzur məsələsində də Fransa ilə yanaşı Ermənistanı dəstəkləyib. Türkiyə isə fars rejiminin oyunlarını hər zaman pozub. Ankaranın əldə etdiyi nəticələr daha öldürücüdür. Azərbaycan Qarabağı Türkiyənin böyük dəstəyi ilə azad etdi, İranın anti- Azərbaycan siyasətini çökdürdü. İndi isə Türkiyə Suriyada rejimi dəyişdirdi, Tehranın ˝Şiə hilalı˝ və ˝Böyük Fars İmperatorluğu˝ layihələrini çökdürdü.

Böyük Orta Doğuda ən iri miqyaslı qarşıdurmada fars rejiminin arxasında ABŞ başda olmaqla bütün Qərb, Rusiya və Çin dayanır. Amma dünya sürətlə dəyişir, beynılxalq konyuktur Türkiyə və türk dünyasının lehinə yönəlir. Rusiya Ukrayna müharibəsində ilişib qalıb, ABŞ İsrailin tələbi ilə İranı vurmağa hazırlaşır, Çin isə bütün diqqətini Birləşmiş Ştatlarla qarşıdurmaya çevirib.

Qərbin dəstəyi ilə İranda hakimiyyəti ələ keçirmiş fars rejimi ilə hesablaşmaq üçün türklərə böyük fürsət pəncərisi açılır. Dövlətlər arası rəqabətlərdə ˝ya sən, ya da səni˝ prinsipi işləyir. Türkiyə özünün milli təhlükəsizliyinə qarşı yönəlmiş təhdidləri səbrlə, bir-bir aradan qaldırır. İndi kürd separatizminin kökü qazılır. PKK problemini həll etdikdən sonra Türkiyənin önü böyük ölçüdə açılacaq. O zaman Ərdoğanın ˝Arazı ayırdılar˝ tezisi İranı daxildən sarsıdacaq. Bütün tərəflərə aydındır ki, İranda fars rejiminin sonunu gətirmək potensialı İran türklərinin əlindədir. Bu potensialın hərəkətə gətirilməsi isə zaman məsələsidir.

Dövlətlərin inkişaf strategiyaları zaman-zaman ən sərt addımların atılmasını tələb edir. Türk dünyasının inkişafı üçün də Qərbdəki böyük güclərə sığınan fars rejiminin aradan qaldırılması olmazsa, olmazdır.

Namiq Bilal