“Vaxt yoxdur, silahları Ukraynaya göndərin!” – Pentaqon şefi müttəfiqlərə səsləndi

Baxış sayı:
1657

ABŞ-ın müdafiə naziri Lloyd Ostin martın 16-da Ukrayna üzrə beynəlxalq kontakt qrupunun onlayn keçirilən müşavirəsində müttəfiqlərə müraciət edib. 

"Ukraynanın artıq vaxtı yoxdur və onu Rusiya ilə müharibədə dəstəkləyən ölkələr tam və çevik şəkildə Kiyevə silahlar verilməsinə dair vədlərini yerinə yetirməlidirlər", - nazir bilirib.

“Politico” jurnalının portalının yazdığına görə söhbət Ukraynaya Qərb ölkələrinin daha tez bir zamanda zirehli texnika çatdırmasından, Ukrayna hərbçilərinin döyüş hazırlığı təlimlərinin sürətləndirilməsindən, yeni sistemlər üçün ehtiyat hissələrinin tədarükündən gedir.

Pentaqonun rəhbəri deyib: "İndi Ukraynaya PDM-lər veriləcək. Bu texnika tezliklə Ukrayna ordusunun mövqelərində olacaq. Ukrayna əsgərlərinə verilmiş təlim nəticəsində biz onların döyüş meydanında uğurlu əməliyyatlarını görəcəyik”.

Bununla belə “Politico” yazır ki, baharın yaxınlaşması ilə ABŞ rəsmiləri Ukraynada sursatın, hava hücumundan müdafiə vasitələrinin azalmasından, təcrübəli əsgər və zabitlərin sıralarındakı itkilərdən narahat olurlar. Jurnal yazır ki, bəzi ABŞ rəsmilərinin təxminlərinə görə Ukrayna müharibə başlanandan bəri 100 mindən çox hərbçi itirib. Bundan əvvəl NATO üzvü olan ölkələrin nümayəndələri də buna bənzər rəqəmlər səsləndirirdilər, amma onlar deyirdilər ki, Rusiyanın canlı itkiləri müqayisəyəgəlməz dərəcədə çoxdur.

“Politico” iddia edir ki, ABŞ rəsmiləri bağlı qapılar arxasında Kiyevdən artilleriya sursatından qənaətlə istifadə olunmasını, daha hədəfli döyüş əməliyyatları keçirilməsini istəyirlər. Məqalədə qeyd olunur ki, hazırda amerikalılar diqqətlərini Ukraynanın yaz əks-hücumuna hazırlığına yönəldiblər.

“Politico” yazır ki, böyük əks-hücum may ayında başlana bilər. Məhz bu əməliyyatda iştirak üçün Ukraynaya yüzlərlə ədəd zirehli texnika, o cümlədən su sədlərinin keçilməsi üçün mühəndis texnikasının çatdırılması mühümdür.ABŞ prezidentinin administrasiyasındakı bir mənbə bildirib ki, ABŞ-ın son aylarda Ukraynaya çatdırdığı hərbi yardımlar məhz əks-hücumda istifadə üçün nəzərdə tutulub.

Vaşinqtonda deyirlər ki, əks-hücum barədə qərarı müstəsna olaraq Prezident Volodimir Zelenski qəbul etməlidir. Ostinin sözlərinə görə Ukraynanın müttəfiqlərinin çalışdığı budur ki, Kiyev döyüş meydanında dinamikanı dəyişə biləcək qədər silah-sursat və texnikaya malik olsun. “Politico” qeyd edir ki, Kiyev hələ də əks-hücum strategiyasını dəqiqləşdirə bilməyib, amma onun mahiyyətcə iki variantı var: Dnepr çayını keçmək və Xersondan cənuba – Krıma doğru irəliləmək, ya da şimaldakı mövqelərdən şərqə doğru irəliləmək və Azov sahillərinə çıxmaqla Rusiya qüvvələri ilə Krım arasındakı torpaq körpünü kəsmək. Rəsmilər bildirirlər ki, ikinci variant daha ağlabatan görünür.

Qış ayları ərzində əsas döyüşlər Donetsk vilayətindəki Baxmut şəhəri ətrafında gedib. Bu döyüşlərdə hər iki tərəfin ağır itkilər verdiyi deyilir. Rusiya bir sıra taktiki uğurlar qazansa da, şəhəri ələ keçirə bilməyib.

Ukraynaya hərbi dəstəyin ön cərgəsində həmişə olduğu kimi Polşa gəlir. Varşava ən yaxın günlərdə Kiyevə dörd ədəd sovet istehsalı “MiQ-29” qırıcıları verəcəyini elan edib. Bu barədə bəyanatı martın 16-da Polşa prezidenti Andjey Duda verib. Beləliklə, Polşa Ukraynaya döyüş təyyarələri verən ilk ölkə olacaq.Duda bu bəyanatı Çexiya prezidenti Petr Pavellə görüşündən sonra verib.

Belə görünür ki, söhbət 1995-ci ildə Çexiyanın Polşa istehsalı helikopterlər əvəzinə Varşavaya verdiyi qırıcılardan gedir.

Açıq mənbələrdə olan məlumatlara görə Polşanın 28 ədəd “MİQ-29” qırıcısı var. Onlardan 16-sı işlək vəziyyətdədir. Qalanları ehtiyat hissələrinə çıxdaş, ya da təmir edilə bilər.Ukrayna hərbi hava qüvvələrində müharibəyə qədər 51 belə təyyarə var idi. Onlardan ən azı 18-nin vurulduğu məlumdur. Real rəqəm bundan yüksək ola bilər.

Duda bildirib ki, Ukraynaya veriləcək “MİQ-29” təyyarələrinin əvəzinə NATO-dan ona Cənubi Koreya istehsalı “FA-50” və ABŞ istehsalı “F-35” qırıcıları veriləcək.

Bu arada xəbər verilir ki, Fransanın AMX-10 RC tankları artıq Ukraynaya gətirilib. Paris bu təyyarələri Kiyevə hələ yanvar ayında vəd etmişdi. “Figaro” qəzeti Fransa müdafiə naziri Sebastyan Lekornyuya istinadən yazır ki, bu tanklardan bəziləri artıq döyüş meydanındadır.

Eyni zamanda İspaniyada Ukrayna tankçılarının təlimləri yekunlaşmaq üzrədir. Çox sayda ukraynalı tankçı burada bir ay ərzində “Leopard” tanklarında təlim keçib.

İsveç hökuməti Ukraynaya “Archer” özüyeriyən artilleriya qurğularının verilməsi barədə qərar qəbul edib.

İsveçin müdafiə naziri Pol Conson Dagens “Nyheter” qəzetinə deyib ki, bu toplar Rusiya artilleriyasının sıradan çıxarılmasında mühüm rol oynayacaq. Conson deyib ki, “bunlar top yox, əsl snayper tüfəngləri kimi atır”. İsveç habelə Ukraynaya 10 ədəd “Leopard 2” tankları verməyi planlaşdırır.