Moskva ermənilərə rədd cavabı verdi - YENİLƏNİB

Rusiya Ermənistan İstintaq Komitəsinin istəyini yerinə yetirmədi

Ermənistanın Gümrü şəhərində bir ailənin 6 üzvünü öldürməkdə günahlandırılan rus əsgər həbs edilib.

ANS PRESS-in məlumatına görə, Valeri Permyakov yanvarın 14-də Gümrüdəki hərbi bazada həbs edilib. Həbs qərarı Rusiyanın 5-ci qarnizon məhkəməsi tərəfindən kəsilib. Ona qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Qeyd edək ki, daha öncə Ermənistan İstintaq Komitəsi də Valeri Permyakova qarşı cinayət işi qaldırmışdı. Komitədən bildirilmişdi ki, onun Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb edilməsi qərara alınıb. Yəni ermənilər Permyakov Ermənistanda mühakimə etmək istəyirdi, amma göründüyü kimi Moskva buna razılıq vermədi.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan - Rusiya sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

**

Ermənilər dəfndən sonra Şirak prokurorluğuna toplaşacaq

Gümrü sakinləri Ermənistanın baş prokuroruna bu gün saat 17:00-dək vaxt veriblər. Onlar Rusiyanın Gümrüdəki 102-ci bazasının hərbi qulluqçusu Valeri Permyakovu Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb edirlər.

Bu gün saat 17:00-da Avetisyan ailəsinin 6 üzvünün dəfnindən sonra şəhər əhalisi Şirak prokurorluğunda toplaşacaqlar.

Ekspertlər vəziyyətin hansı istiqamətdə dəyişəcəyini deməkdə çətinlik çəkirlər. Çünki əhali qatilin Ermənistanda məhkəmə qarşısına çıxarılmasını tələb edirlər. Ermənistanın İstintaq Komitəsi Rusiyaya məxsus 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovu Gümrüdə baş vermiş hadisə ilə bağlı müttəhim qismində mühakimə edilməsi barədə qərar qəbul edib. Amma Rusiya tərəfi V.Permyakovun öz ölkəsində cəza çəkməsi fikrindədir. Belə olan halda hadisələrin daha da mürəkkəbləşməsini söyləmək mümkündür.

Gərginliyin göstəricisi kimi, ötən gün Gümrüdə 4 min nümayişçi 102 saylı hərbi baza ətrafında toplaşıb. Onlar bir erməni ailəsini qətlə yetirən hərbçi Valeri Permyakovu Ermənistana təhvil verilməsini tələb ediblər.

Xatırladaq ki, yanvarın 12-də Gümrüdə Avetisyan ailəsinin altı üzvü Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovun tərəfindən güllələnərək öldürülüb.