Nəcməddin Sadıkovun oğluna Dağıstanda yüksək vəzifə verildi

Bir müddət əvvəl Vergilər Nazirliyindəki vəzifəsindən qovulan Məhəmməd Sadıkov Dağıstan prezident aparatı rəhbərinin köməkçisi təyin olunub
 
Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun oğlu, bu yaxınlarda Vergilər Nazirliyindəki vəzifəsindən uzaqlaşdırılan Məhəmməd Dağıstan prezident aparatı rəhbərinin köməkçisi təyin olunub.
Bu sensasion məlumatı Hurriyyet.org saytı yazıb.
Xatırladaq ki, bundan əvvəl Məhəmməd Sadıkov Azərbaycan Vergilər nazirinin müşaviri vəzifəsində çalışırdı. Onun bu vəzifədə oturmasının tarixi isə uzun deyil. Məhəmməd Sadıkov 23 Noyabr 2015 tarixində Vergilər naziri Fazil Məmmədovun əmrilə bu vəzifəyə təyin olunub. Üzərindən heç bir il keçməmiş isə işindən uzaqlaşmalı olub. Amma göründüyü kimi, oğul Sadıkovun işsizliyi də uzun sürməyib. Vergilər Nazirliyindən uzaqlaşdırılmasından az sonra Sadıkova atasının milli qəhrəman olduğu Rusiyanın Dağıstan vilayəti öz qucağını açıb.
Hurriyyet.org saytının informasiya qaynağı Sadıkovun Vergilər Nazirliyindən uzaqlaşdırılmasının səbəbləri barədə də danışıb: “Mövzumuzla çox əlaqədar olmadığından bu barədə yazmağı məsləhət görmədik. Nədən ki, məqsədimiz Azərbaycan ordusunda gedən mövqe qazanmaq mübarizəsinə aydınlıq gətirmək, NATO-Rusiya ziddiyyətlərinin Cənubi Qafqazın önəmli ölkəsi kimi Azərbaycanda necə əks-səda doğurduğuna işıq tutmaq idi”.
 
Muxalifet.az