Nazirlər bir-bir YAP qərargahına yollanacaq - İLK OLARAQ SAHİL BABAYEV

Baxış sayı:
12510

Yeni Azərbaycan Partiyasının İcra Katibliyi partiyanın mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib. Bu barədə hakim partiyanın mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Məlumata əsasən layihənin məqsədi prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, cəmiyyət həyatının bütün sahələrini əhatə edən “möhtəşəm islahatlar”, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılmasıdır. Layihə çərçivəsində bütün dövlət və hökumət qurumlarının rəhbərlərinin iştirakı ilə YAP İcra Katibliyində mətbuat konfranslarının keçirilməsi nəzərdə tutulur.Sentyabrın 10 –da ilk mətbuat konfransı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə keçiriləcək. Qeyd edək ki, nazirlərin və digər yüksək vəzifəli şəxslərin YAP qərargahında hesabat xarakterli mətbuat konfransları keçirməsi ənənəsi ötən əsrin 90-cı illərinin sonlarında, 2000-ci illərin əvvəllərində mövcud idi. Bu mətbuat konfransları bütün KİV-lər üçün açıq olurdu.