Mübariz Mənsimovun gəmilərində maaş üsyanı - "Biz kölə deyilik, biz dənizçilərik!" / FOTO

Baxış sayı:
407

Türkiyədə həbsdə olan azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali Shipping” şirkətinin onlarla gəmisi Aralıq dənizindəki limanlarda qalıb. Gəmilərdə çalışan 150 heyət üzvü aylardır maaş ala bilmir, şirkətin işçilərə yüz minlərlə dollar borcu var”.

Bu barədə Türkiyənin “denizqazete.com” saytı məlumat yayıb. Məlumatda bildirilir ki, “Palmali Shipping”-ə məxsus “Şövkət Ələkbərova” adlı gəmi 9 aydır Zeytinburnuda lövbər salıb. Maaşlarını ala bilməyən işçilər gəmidə qida və təmiz su qıtlığı ilə üzləşirlər.

“Şövkət Ələkbərova” gəmisinin heyəti “Twitter”-də etirazlarını paylaşaraq səslərini eşitdirməyə çalışırlar. Heyətin son tvitində yazılıb: "9 aydır Zeytinburnuda lövbərdə gözləyirik. “Palmali Shipping” maaşımızı vermir, əməkhaqqımızı almaq üçün mübarizə aparırıq. 17-18 aydır pul ala bilmirik. Biz qul deyilik! Biz dənizçilərik. Ailəmiz əziyyət çəkir. Psixologiyamız pozulub. Bizə haqqımızı verin!”

Sayt yazır ki, buna bənzər hadisə “Palmali Shipping” şirkətinin Beyrutda lövbər atmış tankerində də baş verib. Belə ki, doqquz günlük aclıq tətili edən heyət üzvləri vətənə qayıdıb. Onlara maaşlarının bir hissəsini ödəmək üçün 114 min dollar təklif olunub. Məlumatda qeyd olunur ki, bu rəqəm heyət üzvlərinə olan borc məbləğinin 40%-dən azını təşkil edir. Bu tankerdə çalışanlar 15 aydır əməkhaqqı üzünə həsrətdirlər.

“Denizqazete.com”-da daha sonra bildirilir ki, yanacaq tədarükçülərinə, gəmiqayırma zavodlarına və banklara təxminən 900 milyon dollar borcu olduğu ortaya çıxan “Palmali Holdinq”-in bir çox gəmisinə həbs qoyulsa da, borclar ödənilməyib. “Azərbaycanın neft şirkəti SOCAR da Mübariz Mənsimovun “Palmali” qrupuna qarşı Londondakı Beynəlxalq Arbitraj Məhkəməsində iddialar qaldırıb. 2018-ci ildə və ondan sonrakı dövrlərdə açılan iddialardan 3-ü qəbul edilib. London Beynəlxalq Arbitraj Məhkəməsi “Palmali”-nin SOCAR-a 245 milyon dollar təzminat ödəməsinə qərar verib,” - deyə məlumatda bildirilir.

Məlumatda xatırladılır ki, 2018-ci ildə iflas edən “Palmali Shipping” şirkətinin qurucusu Mübariz Mənsimov Qurbanoğlu, fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı İstanbulda aparılan istintaq çərçivəsində mart ayında saxlanılıb, məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib. İstanbul Respublika Prokurorluğunun hazırladığı iddianamədə o, "FETÖ”, “PDY”-nin" silahlı terror təşkilatına üzv olmaqda təqsirləndirilərək barəsində 7,5 ildən 15 ilə qədər həbs cəzasının çıxarılması tələb edilib./azpolitika