Məşhur şirkət COVİD-19 vaksini üzrə sınaqları dayandırdı – Könüllü iştirakçılar xəstələnib

Baxış sayı:
1144

“Johnson & Johnson” şirkəti bir iştirakçının xəstələnməsi səbəbindən COVID-19 vaksininin klinik sınaqlarını dayandırıb. ABŞ şirkətinin hazırladığı bu vaksin adına aparıcı iddialılardan sayılırdı. “Johnson & Johnson” bəyan edib ki, belə fasilələr minlərlə iştirakçı üzərində aparılan böyük sınaqlarda normal hal sayılır. İştirakçının xəstəliyinin detalları açıqlanmayıb.

Sentyabrda “AstraZeneca” şirkəti eksperimental vaksinin sonuncu mərhələdə sınağını dayandırmışdı. Onda da xəstəliyin səbəbi izah olunmamışdı. Sonradan Britaniya, Braziliya, Cənubi Afrika və Hindistanda sınaqlar bərpa olundu.

“Johnson & Johnson” sentyabrda bildirmişdi ki, eksperimental COVID-19 vaksini ilkin və orta klinik sınaq mərhələsində yeni koronavirusa qarşı güclü immun reaksiyası yaradır. Şirkətin 60 min nəfər üzərində başlatdığı sınaqların bu ilin sonu, yaxud 2021-ci ilin əvvəlində başa çatacağı gözlənirdi.

Çinin şərqindəki Qinqdao liman şəhərində həftənin sonunadək 9 milyon insandan test götürülməsi planlaşdırılır. Son iki ayda ilk dəfə olaraq ölkədə yerli səviyyədə ilk yoluxma qeydə alınıb. Yeni koronavirus ilk dəfə Çinin Vuhan şəhərində baş qaldırmışdı, son vaxtlar gündəlik yoluxmalar xeyli azalıb.

Oktyabrın 12-də Qinqdaoda 12 yeni yoluxma qeydə alınıb, onların ölkəyə gəlmiş xəstələrin müalicə olunduğu xəstəxanadan qaynaqlandığı bildirilir. Artıq həmin xəstəxana ətrafdan təcrid olunub.

Çində virusun qarşısının alınmasında məhz əhalinin kütləvi testdən keçirilməsinin rolu qeyd olunur. Bu yaxınlarda ölkədə onmilyonlarla insan Qızıl Həftə bayramı günlərdə ölkə boyunca səyahət edib.

Çində indiyədək 85 mindən çox yoluxma, 4600-dən artıq ölüm halının təsdiqləndiyi bildirilir.Dünyanın bir çox yerlərində isə yoluxma hallarında artım yaşanır. Avropa ölkələrini ikinci dalğa yaxalayıb, qadağalar yenidən tətbiq olunur.

Oktyabrın 13-də Avropa Birliyi ölkələrinin blokun 27 üzvünün ərazisində səyahətin koordinasiyası üçün vahid işıqfor sistemini razılaşdıracağı gözlənir. Məqsəd üzv ölkələr arasında sərhədləri bağlamamaq, eyni zamanda martda yaşanmış xaosun təkrarlanmasını önləməkdir.

Sistem Avropa Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin hazırladığı yoluxma xəritəsinə əsaslanacaq, virusun yayılmasının kəskinliyinə uyğun olaraq zonalar yaşıl, narıncı və qırmızı zonalara bölünəcək. Hazırda dünya üzrə koronavirusa yoluxma halları 38 milyona yaxınlaşır, 1 milyondan çox xəstə vəfat edib. (azadliq.org)