“Mərdan Camalova nə qədər ərizə yazmalıyam ki, şikayətimə baxsın, tədbir görsün?” – ZƏRDABIN İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT

Baxış sayı:
3745

Zərdab rayonu, Gödəkqobu kənd sakini, 2-ci qrup əlil Eyvazov Sərdar Mənsim oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. İcra başçısından şikayət edən rayon sakininin məktubunu olduğu kimi dərc edirik:
“Mən ailəmlə birlikdə Zərdab rayonunun Gödəkqobu kəndində yaşayıram. Ağır xəstəliyə görə 2-ci qrup əlil olmuşam. Mən Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun vətəndaşların şikayətinə laqeyd yanaşmasından, indiyə qədər rayonda heç bir iş görməməsindən şikayət edirəm.
Mərdan Camalov Zərdaba icra başçısı vəzifəsinə təyin olunandan ancaq rayonun mərkəzində gözə soxmaq üçün gördüyü iş 10-15 ağac əkməkdən, 2 sm qalınlığında asfalt örtüyü çəkdirməkdən ibarət olmuşdur. Kəndlər isə yaddan çıxıb, nəzər salan yoxdur. Nəticədə də kənd sakinləri zülm çəkir, şikayətlərinə baxan yoxdur.
Sədi adlı qonşum qanunusz olaraq ümumi istifadədə olan yolumuzu bağlayıb və su kanalını torpaqlayaraq düzləmişdir. Onun bu qanunazidd əməlləri barədə Zərdab rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciətlər etmişəm, qəbuluna getsəm də məni qəbul etməyib. Müavini Pərvin Mahmudovanın qəbulunda olub, şikayətimi bildirmişəm. Həmin vaxt icra başçısının müavini Pərvin Mahmudova Gödəkqobu kənd icra nümayəndəsinə və bələdiyyə sədrinə bu məsələnin yerində həll edilməsinə tapşırıq verdi. Ancaq üstündən müəyyən müddət keçməsinə baxmayaraq, indiyə qədər heç bir tədbir görülməyib.
Mən yenə icra başçısı Mərdan Camalova ərizə ilə müraciət etsəm də, cavab verməyib.
Hazırda istifadə etməyə yolumuz yoxdur, sudan istifadə edə bilmirik. Qonşum Sədi bağladığı yolun üzərində su kanalının üstündə iri buynuzlu heyvanlarının saxlanması üçün böyük bir qəhər düzəltmişdir ki, nəticədə heyvanların sidiyi və peyni insanların istifadə etdiyi içməli suya tökülür. Bu isə insanların xəstələnməsinə, qarşısı alınmaz bir epidemiyaya səbəb ola bilər. Sədinin qanunsuz əməllərinin qarşısı alınmır, heç bir tədbir görülmür. Buna görə çox narahatıq.
Hazırda əkin-biçinin qızğın bir vaxtında suyun kəsiləməsi, yolun bağlanması kəndlinin ölümə məhkum edilməsi deməkdir.
Mərdan Camalov insanları saya salmır. Mən ona nə qədər ərizə yazmalıyam ki, baxsın, tədbir görsün?
Mən ölkə başçısı cənab İlham Əliyevdən xahiş edirəm, şikayət ərizəmi mənim iştirakımla yerində ararşdırılıb, tədbir görülməsinə tapşırıq verəsiniz”.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.