Mitinqə gələn cəbhəçi gənc saxlanıldı

AXCP fəalına Nəsimi rayon məhkəməsi tərəfindən 10 sutka həbs cəzası verilib
Bu gün – sentyabrın 11-də Milli Şuranın Bakıda növbəti mitinqi keçirilib. Qeyd edək ki, mitinq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılsa da, hökumət nümayəndələri tərəfindən aksiyanın keçirilməsinə ciddi problemlər yaradılıb.
Belə ki, mitinq keçirilən ərazidə internet və mobil rabitə problemi olub. Bütün telefonlarda rabitə dayanıb.
Sosial şəbəkələrdə yayılmış videolarda mitinq iştirakçılarının toplaşmasına əngəl yaradıldığı aşkar görünür. Aksiyaçıların əlindən "Siyasi məhbuslara azadlıq", "Biz kölə deyilik" kimi sözlər yazılan şüarlar güc yolu ilə alınaraq cırılıb. Bundan əlavə, polis mitinqə gətirilən bəzi şüarları -"Çörək baha, ət baha, yemək tapmır xalq daha", o cümlədən üzərində dindarların şəkilləri olan plakatları meydana aparmağa icazə verməyib.
Başqa bir məlumata əsasən, polis bəzi aktiv gəncləri elə evlərindən çıxarkən həbs edib. Məsələn, AXCP fəalı Xəyal Mehdiyev səhər saatlarında evdən çıxaraq, mitinqlə bağlı broşurları paylaya-paylaya aksiyaya getmək istərkən Nəsimi royonu 22-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanaraq bolməyə aparılıb. Daha sonra ona Nəsimi rayon məhkəməsi tərəfindən 10 sutka həbs cəzası verilib.
Göründüyü kimi, hakimiyyət Milli Şuranın aksiyasına icaz versə də, mitinqə qatılan insanların çoxluğundan əndişəyə düşdüyü də istisna deyil.
Muxalifet.az