Məhərrəm Əliyevin qohumu döyən “Azpetrol” işçisi: “Dedi sizi güllələyib pulla basdıraram”

Başda general Məhərrəm Əliyevin idmançı qohumu İsa Əzizov olmaqla bir qrup idmançı tərəfindən yanvarın 26-da gecə iş yerində döyülən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin mühafizəçisi başına gələnləri Azvizision.az saytına danışıb. Sadıq Bağırov bu qalmaqallı cinayət hadisəsi barədə virtualaz.org saytının daha əvvəl yazdıqlarının hamısını təsdiqləyib. Ancaq deyib ki, hadisəni törədənlərin kim olduğunu bilmirdi.
“Gecə saatlarında “Bentley” markalı maşın yanacaqdoldurma məntəqəsinə daxil oldu. Sürücü pəncərəni açaraq 100 manatlı benzin sifariş verdi. Əməkdaşımız onun xahişini yerinə yetirsə də, həmin şəxslər ödəniş etməkdən boyun qaçırdılar. Mən onlara yaxınlaşıb, nə baş verdiyini soruşdum. Onlardan sayğacda göstərilən məbləği ödəməyi xahiş etdim.
Bu, onların xoşuna gəlmədi. Maşından düşən oğlanlar mənə hücum etməyə başladılar. POS-terminalı götürüb başıma vurdular. Niyə belə elədiklərini soruşsam da, əl çəkmirdilər. Hamı üstümə tökülüb məni döyürdü. Özümü müdafiə edə bilmədim. Onlar çox idi, mən tək”-Sadiq Bağırov danışıb.
Mühafizəçi deyir ki, işçilər ona hücum edənləri ayırmağa çalışıb, ancaq bu zaman “Bentley”dən düşən idmançı əlindəki silahla YDM-in işçilərini hədələməyə başlayıb.
Sadiq Bağırov deyir: “ Onlar içkili idilər. Nə danışdıqlarını bilmirdilər. “Bentley”nin sürücüsü iddia edirdi ki, guya bizə yüz manat verib. Sürücü qışqırırdı ki, “siz kimsiniz bizi gözlədirirsiniz. Hamınızı güllələyərəm, Bakıda heç kim qabağımda duran bilməz. Sizi pulla basdıraram”. Onları sakitləşdirməyə çalışırdım. Aramızda mübahisə düşəndən bir neçə dəqiqə sonra “Prado” markalı maşın gəldi. Maşından düşən idmançılar da mənə hücum etdi. Təkləmişdilər məni. “Prado”nun sürücüsü işçilərimizi hədələyib, deyirdi ki, onun atası imkanlı adamdı, sizi məhv edərlər. Heç bir səbəb olmadan məni döydülər. Qapalı kəllə beyin travması almışam. Hazırda müalicələrimi ev şəraitində davam etdirirəm.
Zərərçəkənin dediyinə görə, “Bentley”də 4 nəfər olub. Onlardan ikisi qız imiş. Və qızlar da içkili olublar. “Həmin şəxslər otaqda məni döyəndə qızlar maşından düşüb söyüş söyürdülər. Nəzarət otağını alt-üst etmişdilər.Mən əziyyətlə çörək pulu qazanıram, onlar harınlamış insanlardır. Onlar kiməsə arxalansalar da, mən dövlətimə, polisə arxalanıram. Heç kim qanundan qaça bilməz”-S.Bağırov deyib.
Xatırladaq ki, bu hadisə prezident İlham Əliyev harınlıq edən məmurlara və onların yaxınlarına etdiyi növbəti sərt xəbərdarlıqla eyni gündə baş verib. Prezident bəyan edib ki, belələri sərt şəkildə cəzalanacaqlar.