MƏHKƏMƏLƏR ŞİKAYƏTLƏRƏ YENİ QAYDALARLA BAXACAQ - Qanunda nələr dəyişdi?

Baxış sayı:
531

Milli Məclisin iyulun 9-da keçirilmiş iclasında "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Qeyd edək ki, 1 oktyabr 2021-ci il tarixdən qüvvəyə minəcək bu qanunda ciddi dəyişikliklər aparılıb.

Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri, hüquqşünas Hafiz Həsənov qanunda əsas dəyişiklikləri şərh edib. Ekspert bildirib ki, əsas dəyişikliyə görə, bundan sonra məhkəmə qərardadları və məhkəmə qərardadlarından verilən şikayətlərə, apellyasiya və kassasiya məhkəmələrinin xüsusi qərardadları, kassasiya şikayətlərinə, əlavə kassasiya şikayətlərinə, məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxılması, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması, kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə, məhkəmə əmri üzrə icaata dair işlərə, kiçik iddialar dair icraata dair işlərə (son üç icraat hazırda da qanunda var) yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Onun sözlərinə görə, bununla belə məhkəmə zəruri hesab etdiyi halda şikayətin baxılmasına tərəfləri dəvət edə bilər.

Hüquqşünas qeyd edib ki, məhkəmə icraatı aşağıdakı hallarda məhkəmənin öz təşəbbüsü ilə və yaxud tərəflərin əsaslandırılmış vəsatəti əsasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirə bilər:

- İşdə iştirak edən şəxslər, onların qanuni nümayəndələri, şahid, ekspert, mütəxəssis, tərcüməçi ölkədən kənarda və ya ölkə daxilində başqa şəhərdə (rayonda) olmaqla, üzrlü səbəbdən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda;

- tərəflərdən hər hansı birinin bu Məcəllənin 255.0.1-255.0.3-cü maddələrində nəzərdə tutulmuş səbəblərdən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda və iş üzrə icraat dayandırılmadıqda;

- işdə iştirak edən şəxslər, onların qanuni nümayəndələri və şahidlərin azadlıqdan məhrum etmə və ya həbs yerlərində saxlanılması səbəbindən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda;

- təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə, hərbi vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində bu Məcəllənin 10-2.1-ci maddəsində göstərilən şəxslər müvafiq icraatda bilavasitə iştirak edə bilmədikdə;

- məhkəmə icraatının lüzumsuz uzadılmasının qarşısının alınması məqsədilə digər hallarda.

 

 

H. Həsənovun sözlərinə görə, normativ xarakteri aklar qanunvecilik sisteminə daxil olan normativ hüquqi aktlarla yanaşı mübahisələrin həllində əsas götürülür. Belə ki:

"Məhkəmə mübahisənin məhkəmə aidiyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır;

Aiddiyət məsələləri ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyat məsələsi kassasiya məhkəməsi tərəfindən həll edilir;

Müqavilə aidiyyəti üzrə tərəflər aralarında işin ərazi aidiyyətinin dəyişdirilməsinə dair sazişi iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər;

İddiaçı bir qayda olaraq, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişə, iddia tələbinin həcmini artıra və ya azalda bilər. (Hazırda bunu qətnamə qəbul edilənədk edə bilr). Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın;

İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun;

Sübutların məhkəməyə təqdim edilməsi, əsl olmayan tərəf əsl olan tərəflə əvəz edilməsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin işə qarışması işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilə bilər;

Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşməsi tələbi ləğv edilir".

Ekspert bildirib ki, dəyişikliyə əsasən dövlət rüsumu ödənilən məhkəmə işlərinin dairəsi genişləndirilir. Onun sözlərinə görə, xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə, müvəqqəti təminat tədbiri barədə ərizə verildikdə, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizə verildikdə. İddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq müəyyən edilir.

Hüquqşünas bildirir ki, yeni qanunda iddia ərizəsinə etiraz etmə yeni redaksiyada verilir. Belə ki, "İddianın təmini edilməsi” fəsli “Müvəqqəti təminat tədbirləri” adlandırılır. Müvəqqəti təminat tədbirləri barədə ərizə verildikdə dövlət rüsumu ödənməlidir: "Məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra 40 gündən gec olmayaraq keçirilir (hazırda 15 gündür və 15 günədək müddətə artırıla bilər). Sonrakı müddətdə işin xüsusiyyətlərindən asılı olaraq daha bir neçə hazırlıq iclası keçirilə bilər;

İşə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay, ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay, digər mübahisələr dair işlərə 4 ay müddətinə (2 ay da uzadıla bilər) baxılacaq;

Məhkəmə, açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir;

Məhkəmə iclasında qaydanı kobud surətdə pozan və ya məhkəməyə açıq surətdə hörmətsizlik edən şəxslər barəsində qərardad çıxararaq, onları beş yüz (hazırda əlli beş) manatadək cərimə edilə bilər;

Məhkəmə yerində, müşavirə otağına getmədən də, müşavirə aparıb qərar çıxara bilər;

İşə baxılması 3 dəfədən artıq təxirə salına bilməz;

Kiçik iddialara dair işlər mülki işlər 5 min manatadək müəyyən edilir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətinə 30 iş günü ərzində yazılı icraat qaydasında aparılır. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır".

Hafiz Həsənov qeyd edib ki, qanuna “İcrada dönüş”adlı yeni 236-1.-cü maddə əlavə edilir: "Bu maddəyə görə icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməlidir. O cümlədən, ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Bundan başqa:

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında və notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə baxılması xüsusi icraat qaydasında baxılmalı işlər sırasından çıxarılır;

Bankın öhdəliklərinin könüllü restrukturizasiyası müddətinin uzadılması” adlı yeni 355-18-1.-cü maddə əlavə edilir. Bu maddəyə görə bankın öhdəliklərinin könüllü restrukturizasiyası müddəti "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada bankın əsaslandırılmış ərizəsi əsasında işə baxan məhkəmə tərəfindən uzadıla bilər;

382-ci maddə yeni redaksiyada, “İşin baxılmasına dair məhkəmə aktının çıxarılması və elan edilməsi” adı altında verilir. Bu maddəyə görə İş üzrə araşdırma yekunaşdıqdan sonra məhkəmə yerində müşavirə apararaq və ya müşavirə otağında səs çoxluğu ilə məhkəmə aktını qəbul edir. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlmədiyi hallar istisna olmaqla, məhkəmə aktının giriş və nəticə hissələrini elan edir, məhkəmə aktından şikayət etmə qaydası və müddətini, habelə tərəflərin müraciəti olduğu halda onun nəticə hissəsini izah edir;

Qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində (hazırda 2 ay müddətində), qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində (hazırda 2 ay müddətində) yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir;

Ali Məhkəmənin Plenumu şikayət, ərizə və ya protestə yazılı icraat qaydasında baxır;

Ali Məhkəmənin Plenumuna şikayət və ya protest məhkəmə aktının işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, ərizə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər tərəfindən məhkəmə aktı barədə məlumatlı olduqları gündən 2 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra ərizənin verilməsinə yol verilmir;

Ali Məhkəmənin Plenumu bu Məcəllənin 265.4-cü (Məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.) və 265.5-ci (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verir.) maddələrində nəzərdə tutulmuş hallarda, habelə işə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər".

Hafiz Həsənov sonda vurğulayıb ki, apellyasiya və kassasiya şikayətlərinin yeni forması qəbul edilib və apellyasiya və kassasiya şikayətləri bu formalara uyğun verilməlidir.