​Maliyyə Nazirliyindən müəllimlərə qarşı hörmətsizlik – SENSASİON FAKT

Nazirlik təhsil işçilərinin maaşını necə “kəsib-doğrayıb”?

Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar ayında müəyyən qrup təhsil işçiləri ilə yanaşı, Uşaq Musiqi Məktəblərinin müəllimlərinin də əmək haqqı artırıldı. Həmin dönəmdə Maliyyə Nazirliyi bu 7 faizlik artımı “təhsil işçilərinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində atılmış addım” kimi təqdim etdi.
Redaksiyamızı bilgiləndirən mənbə isə iddia edir ki, nazirliyin bu açıqlaması heç də həqiqəti əks etdirmir və bu artım Uşaq Musiqi Məktəblərinin müəllimlərinin sosial durumunun yaxşılaşdırılmasına xidmət etməyib, əksinə, onların maaşı daha da azaldılıb.
Bu haqda açıqlama verən mənbənin sözlərinə görə, yanvar ayından etibarən Uşaq Musiqi Məktəblərinin müəllimlərinin əmək haqqının 7 faiz qaldırılması haqda verilən informasiya gerçəkdir. Amma o, iddia edir ki, məlum qərardan sonra Maliyyə Nazirliyi bütün Uşaq Musiqi Məktəblərinin rəhbərlərinə dərs saatlarının azaldılması haqda göstəriş verib. Nəticədə maaşı 7 faiz artmalı olan təhsil işçilərinin aylıq gəliri əvvəlkindən də aşağı düşüb. Yəni Maliyyə Nazirliyinin “qayğısı ilə” müəllimlərin maaşı təxminən 20 faiz azalıb.
Hurriyyet.org
P.S. Təbii ki, Maliyyə Nazirliyinin bu addımı müəllimlər arasında ciddi etiraza səbəb olub. Axı, onsuz da ölkədə müəllimlərin maaşı minimum əmək haqqı səviyyəsinə yaxındır. Buna paralel olaraq, manatın da getdikcə dəyərdən düşdüyü, qiymətlərin sürətlə bahalaşmağa üz tutduğu bir dönəmdə Maliyyə Nazirliyinin bu qərarı təhsil işçilərinin məhvinə yönəlmiş bir addım deyilmi?! Hər halda bu və digər suallara Maliyyə Nazirliyinin özü cavab versə, yaxşı olar. Odur ki, yaxın saatlarda qarşı tərəfin mövqeyini dərc etməyə çalışacağıq.
P.P.S. Mövzu ilə bağlı araşdırmamız davam edir.