Əliyev və Paşinyan axşam yeməyində 2 saat nə haqda danışıblar? - İRƏVANDAN AÇIQLAMA

Baxış sayı:
4882

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Qarabağ münaqişəsi ilə bağlı hazırki vəziyyəti və gərginliyin azaldılması imkanlarını müzakirə ediblər.

"Turan" xəbər verir ki, bu barədə "Armenpress"ə baş nazirin mətbuat katibi Vladimir Karapetyan bildirib.

"MDB-nin 11 oktyabr tarixli Aşqabad sammitinin yekunlarına həsr olunmuş rəsmi axşam yeməyində yerlər əlifba qaydasında ayrılıb, Əliyev və Paşinyan yan-yana oturublar və söhbət ediblər. Söhbət əsasən Qarabağ münaqişəsinin nizamlanması sahəsində cari vəziyyətə, gərginliyin azaldılması imkanlarına və gələcək addımlara həsr olunub", deyə Karapetyan bildirib. Onun sözlərinə görə, söhbət 1,5-2 saat davam edib.

Karapetyanın sözlərinə görə, Ermənistan baş naziri Ermənistan, Qarabağ və Azərbaycan üçün məqbul ola biləcək münaqişənin nizamlanması düsturunu yenidən təkrar edib. Əliyevin buna nə cavab verdiyini mətbuat katibi açıqlamayıb.

Qeyd edək ki, rəsmi Bakı hələlik Əliyevin Paşinyanla söhbəti haqqında məlumat verməyib.