“ƏKS HALDA HAMI TƏHDİD ALTINDA OLACAQ…” - Ən güclü vaksini yaradan türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı

Baxış sayı:
763

ABŞ-ın “Pfizer” əczaçılıq şirkəti ilə birlikdə koronavirusa qarşı hazırda ən effektiv vaksin olan “Pfizer BioNTech” vaksinini işləyib hazırlayan alman şirkəti “BioNTech” texnologiya şirkətinin qurucusu, türk professor Uğur Şahin pandemiyanın nə vaxta qədər davam edəcəyinə dair öz proqnozlarını açıqlayıb.

“The Wall Street Journal” tərəfindən təşkil edilən online konfransda çıxışı zamanı professor pandemiyanın 2022-ci ilin ortalarına qədər davam edəcəyini deyib.

“Pandemiyanın bitməsi üçün dünya miqyasında peyvəndləmə səviyyəsi yüksək olmalıdır. Əks halda heç kim təhlükəsiz şəraitdə hiss edə bilməyəcək. Dünya miqyasında “sürü immuniteti” yaranmaya qədər pandemiya davam edəcək. 2022-ci ilin ortalarına qədər Hindistan kimi əhalisi çox olan ölkələrdə belə yüksək peyvəndləmə səviyyəsinə çatmaq mümkün olacaq və kütləvi immunitet əldə olunacaq”,-Uğur Şahin bildirib.

O, hesab edir ki, qarşıdakı 12 ay ərzində inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrdə də peyvəndləmə səviyyəsinin artacağını gözləyir. Amma bunun üçün mövcud vaksin istehsalı potensialını genişləndirmək, yeni istehsal müəssisələri qurmaq lazımdır.

“Nə qədər çox insana vaksin vurulsa o qədər yaxşıdır. Mümkün olan qədər çox insana vaksin vurulması lazımdır”,-Şahin deyib.

Uğur Şahin “BioNTech” şirkətini həyat yoldaşı Özlem Türeci ilə birlikdə qurub. Onun şirkəti “Pfizer”lə birgə araşdırmalar nəticəsində “Pfizer” vaksinini işləyib hazırlayıb. Hazırda “Pfizer” koronavirusa qarşı ən effektiv vaksindir, effektivliyi 98 faizə yaxındır. Bu vaksin sayəsində “BioNTech” şirkətinin səhmləri 900 faizdən çox artıb, hazırda bazar dəyəri 6 milyard dollardan çoxdur. Şirkətin vaksin satışından 11.5 milyard dollar qazanacağı gözlənilir./Virtualaz.org