Kremlin yeni antitürk hədəfləri

Rusiya kürdlərdən Türkiyə və Azərbaycana qarşı bir silah kimi istifadə etməkdədir...
Bu il fevral ayının 10-da Rusiyanın başkəndi Moskvanın Tekstilşik rayonu ərazisində “Rojava-Batı Kürdüstan” dövlətinin nümayəndəliyinin açılış törəni keçirilib. “Rusiya Kürdləri İctimai Təşkilatları Birliyi”nin sədri Merab Şamoev həmin törəndə bildirib: “Bizlər kürd xalqı olaraq, Rusiyanın hansı dövlətin ərazisində strateji maraqları varsa, orada bir döyüşçü (oxu: terrorçu-müəl.) kimi iştirak etməyə hazırıq”.
O, çıxışında özəlliklə də Türkiyə, Suriya, İraq və İran başda olmaqla, həm də Azərbaycanın tarixi ərazisi sayılan Zəngəzura sahib çıxmaqla “Böyük Kürdüstan” dövləti uğrunda mücadiləyə hər zaman hazırıq olduğunu da qeyd edib. Bu törəndə Rusiyanın Dövlət Duması, Xarici İşlər Nazirliyinin rəsmiləri, Elmlər Akademiyası, strateji araşdırma mərkəzlərinin təmsilçiləri ilə yanaşı, “Rusiya Erməniləri İttifaqı”, Ermənistanın ictimai təşkilatları, qondarma “Dağlıq Qarabağ Respublikası”, “Abxaziya”, “Dnüestryanı”, “Güney Osetiya”, Ukraynadakı Rusiyaya yönəlik separatiçı vilayətlərin təmsilçiləri rəsmi statusla iştirak ediblər.
Orta Doğuda “kürt kartı”
Rusiyada XIX yüzildə İvan Şopen, Arseni Koroşenko, Vladimir Qordlevski, Pyotr Lerx, Vladimir Minorski, Vladimir Nikitin, 1920-1930-cu illərdən başlayaraq Vsevolod Miller, Aleksandr Freyman, Pavel Sudoplatov, Konstantin İvanov, Marqarita Rudenko, Olqa Jiqalina, İrina Popova, Zara Yusupova və başqa alimlər hər zaman dövlətin sifarişi ilə “Orta Doğu və kürd masası” konsepti ilə fəaliyyət göstəriblər. Hətta bu yöndə Moskvada xüsusi təhlükəsizlik xidmətinin yanında “kürd məsələsi” strukturları mövcud olub. Dünya siyasətinin avantüristlərindən biri sayılan Vladimir Lenin 1917-ci ildə kürd məsələsi ilə bağlı imzaladığı sənəddə belə qeyd edirdi: “Biz Ural və Volqa boyunda çuvaş, tatar, başkort, marı, udmurt, qazax, itelmen, komi, karel, türkman və digər türk xalqlarını diz çökdürmək üçün bolşeviklərə məxsus gizli terror qruplarının sayəsində tarlalarını və maldarlıq şəbəkələrini tamamilə yandırmaqla həm də 40 milyon toplumun yaşadığı bir ərazidə ərzaq qıtlığı yaratmışıq. Beləliklə həmin bölgələrdəki kütləvi aclıq və səfalət nəticədə xeyirmizə olacaqdır. Bu addımı atmaqla Sovet Rusiyasını daha sürətli şəkildə qurmaq imkanları qazanacağıq. Belə bir yolla Rusiya sosial-demokratları dünya proletariatının tam qələbə çalması üçün Orta Doğuda kürdlərin silahlı üsyançılarına kömək etməlidirlər. Qırmızı İnternasional dünyanın yenidən bölüşdülüməsində böyük uğurlar qazana bilər. Kürd üsyançıları anqlo-saks qüvvələrinə qarşı dirəniş göstərməklə Anadoluda Türkiyə dövlətinin yaranmasının qarşısını ala biləcək”.
Bu strateji doktrina 1991-ci ildə Sovetlər Birliyi dağılana kimi davam etdi. Bu gün Rusiya varis rolunda çıxış etməklə, həmin ənənələri davam etdirir. Ona görə də 40 ildir kürdlərin terror təşkilatı olan PKK-nı himayə etməkdədir. Ermənistanın da bu prosesdə yer alması Moskvanın strateji hədəflərindən biri deməkdir. Üstəlik, Dağlıq Qarabağı işğal altında saxlamaqla Orta Doğu üçün “qara dəlik” rolunu oynamasının da sirri bundadır. Ermənistan və Dağlıq Qarabağ üzərindən İran, İraq, Türkiyə və Suriyada “Böyük Kürdüstan” doktrinasının şərtlərinə uyğun idarə olunan terror siyasətində Rusiya Qərb dövlətləri ilə sanki yarışa girmişdir. Qərbin maraqları sadəcə neosömürgə siyasəti və enerji ehtiyatlarının üzərində nəzarəti ələ almaqdırsa, Rusiyanın hədəfində “Böyük Ermənistan” və “Böyük Kürdüstan” taktikası ilə hərəkət edərək, özünün dünya ağalığı iddiasıdır.
Suriya bir bataqlıqdır
28 milyonluq əhalisi olan bu dövlət Osmanlı imperiyasının çöküşündən sonra, daim Orta Doğuda strateji hədəfləri olan nəhəng dövlətlərin maraq dairəsində olmuşdur. Moskva bir zamanlar yaratdığı BƏƏS (Ərəb Milliyyətçi Sosialist Partiyası) və Hafiz Əsəd rejimini müdafiə etməklə Orta Doğunun söz sahiblərindən birinə çevrilmişdi. Soyuq Savaşdan sonra Orta Doğuda Qərb dövlətlərinin hegemonluq siyasəti güclənməyə başladı. Belə ki, Rusiyanı “Balkan böhranı”na cəlb etməklə Yuqoslaviyanı Xorvatiya, Makdedoniya, Serbiya, Kosovo, Bosniya-Hersoqovina, Qaradağ (Çernoqoriya), Sloveniya dövlətlərinə parçalamaqla bölgədəki təsir dairəsini tamamilə azaltmış oldular. Bütün bunlara cavab taktikası adına Rusiya İranla birgə İraq və Suriya diktatiorları Səddam Hüseyn və Bəşər Əsədin yanında yer aldı. 2003-cü ildən başlanılan İraq krizisində 3 milyona yaxın ərəb, kürd, erməni və digər toplumlar Suriyada məskunlaşmalı oldular. İqtisadi baxımdan potensialı zəif olan Suriya bunca sayda olan mqirantlara sahib çıxa bilmədi. Beləliklə də bölgədə Səudiyyə, Qətər, Bəhreyn, İordaniya, Livan, Liviya kimi dövlətlərin üzərindən Suriyanı meydanda təkləmək taktikası gündəmə gətirildi. Çünki, Suriya Orta Doğuda terrorizmə daim dəstək verən ən güclü dövlət sayılırdı. Bunun da tək səbəbi BƏƏS ideologiyasının rəsmi Dəməşqin strateji hədəflərindən biri olması idi.
Bu gün Suriyada islam bayrağı adı altında fərqli strukturlaşma düzəni ərəb dövlətlərinin maraqları üzərində köklənmişdir. 100 min nəfərlik İŞID tərəfdarının silahlanaraq Bəşər Əsəd rejimi ilə döyüşlərə qatılması buna örnəkdir. Dəməşq rejiminin çöküşü Rusiyanın iqtisadi bağları ilə dəyərləndirilir. Əfqanıstanda olduğu kimi Suriyada yaşam norması silahlı mücadiləyə çevrilməkdədir. Əl-Qaidə, Əl Qəməə əl İslamiyyə, Məktəb əl Kidamat, Ən Nüsrə Cəbhəsi, Cəhbət ən Nüsrə li əhliş Şam, Ənsar əl İslam, İxvan əl İslam və başqa radikal sünnü islamçı hərəkatlarla yanaşı, şiələrə məxsus İmam Mehdi Ordusu, Hezbollah, İslam Dirəniş Hərəkatı, Qüds Gücləri, Əhrar ən Nəcran, Kataib Hezbollah, Asaib Əhl əl Həqq, Husitlər, Bədrə, Liva Əbu əl Fədl əl Abbas və digər təşkilatların qarşı-qarşıya gəlməsi azmış kimi, bununla yanaşı, kürdlərin böyük sosial güc qismində proseslərə cəlb edilməsində məqsəd Orta Doğunu qan gölünə bələməkdir. Belə durumun gündəmə gəlməsinin səbəblərindən biri də Rusiyanın “Orta Doğuda bizlər yoxuqsa, kimsənin də olmasına izin verməyəcəyik” düşüncəsidir.
Türkiyə bir dövlət olaraq ədalətli şəkildə bölgənin sabitliyinin tərəfdarı olaraq çıxış edirsə, İran mollakratiya rejimi əslində heç də nə Suriyanın, nə də Rusiyanın yanında yer almamışdır. İranı Orta Doğunun dərin qatlara hesablanmış çöküş düzəninin olması ilgiləndirir. Belə ki, bunca böhranlı həddə çatması, Tehran rejiminin ömrünün uzanması, daha çox maddi gəlirlərə sahib olması hədəflərinə və stratejisinə bağlıdır. Orta Doğu qan gölündə batdıqca İran zəngin dövlətlərdən birinə çevrilir. Rusiyanın “Batı Kürdüstan” ideyasını müdafiə etməsi də İranın xeyrinə olan faktorlardan biridir. Rusiya Qərbin marağında olan Orta Doğu “kürd etnik separatizmi”ni müdafə etməklə bölgənin əsas söz sahibi statusunu qazanmaq istəyir. Beləliklə də Orta Doğuda, özəlliklə də Suriyada indi yaşanılan vətəndaş savaşı müstəvisində Türkiyənin mümkün qədər gücünün zəifləfdilməsi taktikası sərgilənir.
Qərb ərəb dövlətlərinin yanında durmaqla Suriyadakı ərəb dinçiliyi, Rusiya isə kürd etnik bölücülüyünü dəstəkləməklə Türkmanlara qarşı etnik təmizləmə siyasətlərini aparır. Beləliklə Qərb və Rusiya Orta Doğuda Məmlüklər dönəmindən təməli qoyulan türkün varlığının qarşısının alınması, mümkün qədər İraq və Suriyada “Türkman soyqırımı” böhranını dərinləşdirməyə çalışırlar. Bu bataqlıqdan Türkiyənin və eləcə də İraq-Suriya Türkmanlarının necə çıxa biləcəyi hələ ki, sual altındadır.
Nədən Moskva?
Rusiya Federal Kürd Milli Mədəni Muxtariyyəti Mərkəzinin sədri Fərhad Patiev etiraf etmişdir ki, Rusiya, Ukrayna, Ermənistan, Qazaxıstan, Qırğızstan, Tacikstan, Belorus dövlətlərində toplam bir milyon nəfər kürd vətəndaşı yaşayır. Bundan əlavə, son illərdə Türkiyə, İran, Suriya və İraqdan bir o qədər sayda kürd mənşəli vətəndaş həmin dövlətlərdə məskunlaşıb. Onları bir araya gətirərək sosial zümrələri formalaşdırmaq taktikası sayəsində Orta Doğuda Rusiyanın dəstəyi ilə təsir vasitələrini əldə etmək olar.
Onun bu açıqlamasının dolayı da olsa, Azərbaycan, Gürcüstan və Türkiyəyə təsiri var. Heç də sirr deyil ki, əski Sovetlər Birliyi dönəmindən qalma Rusiyanın İvanovo, Saratov, Rostov, Volqaqrad və digər vilayətlərində PKK terrorçularının hazırlanması üçün xüsusi hərbi təlim düşərgələri olmuşdur. Suriyanın etnik mənzərəsində “Batı Kürdüstan” anlamını yaratmaqla, sadəcə bölgəni deyil, həm də bu dövlətin üzərindən Türkiyəni daim təhdid edə biləcək düzəni formalaşdırmaq Rusiyanının strateji hədəflərindən biridir. Ona görə ki, dünya nizamında Rusiyanın əsas gəlir mənbələri silah ticarəti və təbii resursları sayəsində başa gəlir. “Batı Kürdüstan” ideyası ilə son Moskva toplantısında etiraf olundu ki, Rusiya adı çəkilən bölgənin dəstəyi ilə Türkiyədə HDP-nin güclənməsinə də dəstək verəcəkdir. Çünki PKK-nın son illərdə tamamilə çökməsi, Türkiyəyə qarşı irəli sürdüyü ərazi iddiaları yönündə aparılan mücadilə heç bir uğura səbəb olmamışdır. Bu düzəni Suriya üzərindən formalaşdırmaq taktikası yetərli sayılır.
Ukraynada bölgəsəl bölücülük siyasəti yürüdən Donbas, Donetsk, Luqansk və Krımın Rusiyayönlü hakimiyyətləri Moskvada “Batı Kürdüstan” təmsilçiliyinin açılışına qatılması və onların kürd terrorçu birləşmələrinə hər zaman qucaq açmağa hazır olduqlarını dilə gətirməsi proseslərin uzantılarının hara qədər çatacağını təxmin etmək üçün yetərli faktdır. “Donbas Könüllüləri Birliyi”nin liderlərindən biri olan Aleksandr Broday həmin toplantıda açıq şəkiıldə bunları dilə gətirmişdir: “Güney Osetiya və Abxaziyada bizlər də Rusiyanın maraqları üçün zamanla döyüşlərdə olduq. Bu gün kürd silahlılarının bizimlə birgə olması qürurvericidir”.
Müşahidələrə görə, Suriya məsələsində İranın Rusiyanın yanında yer alması sayəsində Ermənistan və işğal altında olan Qarabağda da Suriya, İraq və Türkiyəyə qarşı döyüş hazırlığı mərkəzlərinin fəaliyyət göstərməsi daha çox inandırıcıdır. Ona görə ki, İran üzərindən Orta Doğunun istənilən bölgəsində qısa zaman kəsimində gündəmə gəlmək ən qısa yollardan biridir. Moskva öz iradəsini dəyişən dünya düzənində dəyişmək üçün hər hansı bir addımı atmırsa, deməli köhnə qaydaların çərçivəsində siyasətini davam etdirməyi daha üstün sayır. Belə bir siyasətə İranın dəstək verməsinin digər səbəbi isə Güney Azərbaycan Milli Hərəkatının daim kölgədə saxlanılması taktikasıdır. Türkiyənin başının davamlı olaraq sərhəd bölgəsindəki Orta Doğu, kürd separatizmi, dünya dövlətləri ilə uzlaşma şərtlərinə qarışması, süni şəkildə yaradılan böhranları aşmaq üçün fərqli taktikalara üz tutması, həm də Azərbaycanın işğal altında inləyən ərazilərinin azad edilməsi yönündə proseslərin acı bağırsaq kimi uzanmasına nədən olur. Rusiya isə bu taktika ilə daxili çöküşlərinin qarşısını almağa ümid edir.
Ənvər BÖRÜSOY, "Hürriyyət"