Kəlbəcərdə minaya düşərək həlak olan məmur dəfn olunub - YENİLƏNİB

Baxış sayı:
784

Kəlbəcər rayonunun Susuzluq kənd istiqamətində media nümayəndələri ilə birgə minaya düşərək həlak olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini 1983-cü il təvəllüdlü Arif Ağalar oğlu Əliyev dəfn olunub.

Onun cənazəsi Göygöl rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 

 

* * *

Kəlbəcər rayonunun Susuzluq kənd istiqamətində media nümayəndələri ilə birgə minaya düşərək həlak olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini 1983-cü il təvəllüdlü Arif Ağalar oğlu Əliyevlə vida mərasimi keçirilir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, vida mərasimi Göygöl rayon Xasibax kəndində keçirilir.

Vida mərasimində onun ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edir.

Mərasimdən sonra onun cənazəsi Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.