"İstənilən ssenariyə hazır olmalıyıq” - SAAKAŞVİLİNİN HƏKİMİNDƏN AÇIQLAMA

Baxış sayı:
468

Oktyabrın 1-dən etibarən aclıq aksiyası keçirən Mixail Saakaşvili onun üçün yaradılmış xüsusi həkim qrupu ilə görüşdən imtina edib.
 
Bunu jurnalistlərə açıqlamasında gürcü siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze deyib.
 
Kipşidze bu gecə Saakaşvilini saxlanıldığı Rustavi həbsxanasında ziyarət edib.
 
“Saakaşvili yalnızca aclıqla əlaqəsi olmayan dərmanları qəbul edir. O, zəifdir. İki-üç həftə əvvəl analiz verdi. Nəticələr yaxşı deyildi. Xüsusi həkim qrupu ilə görüş olmayacaq, çünki ölkənin keçmiş Prezidentinin özü bu görüşdən imtina edib. Əlbəttə, biz istənilən ssenariyə hazır olmalıyıq”, - deyə Kipşidze bildirib.
 
Noyabrın 1-i Saakaşvilinin sevgilisi, ukraynalı millət vəkili Yelizaveta Yasko siyasətçini ziyarət edib və qeyd edib ki, Saakaşvili aclıq səbəbindən 20 kq arıqlayıb.
 
Qeyd edək ki, artıq 33 gündür ki, Saakaşvili aclıq aksiyasını davam etdirir. Ədliyyə Nazirliyi sabiq Prezidentin Tbilisidəki 18 saylı Qldansk həbsxanasına köçürülməsinə razıdır. Nazirlik sözügedən həbsxananın aclıq elan etmiş məhbuslar üçün əlverişli olduğunu iddia edir. Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze və vəkillər siyasətçinin çoxşaxəli mülki klinikaya köçürülməsində təkid edirlər.
 
Xatırladaq ki, Gürcüstanın Səhiyyə Nazirliyi yanında yaradılan həkim qrupu oktyabrın 19-u Saakaşvilini ziyarət edib. Həkimlər siyasətçinin klinikaya yerləşdirilməsi ilə bağlı rəy veriblər.