İcra başçısı Anım günündə restoranında kef məclisi təşkil etdi - OBYEKTDƏ ÇƏKİLİŞ APARAN JURNALİSTİN ƏLİ SINDIRILDI

Baxış sayı:
746

Sentyabrın 28-i axşam saatlarında "Kanal 13" internet televiziyasının əməkdaşı Əvəz Hafizli Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova məxsus olduğu iddia edilən "Dəyirman" restoranından canlı yayım edib. Jurnalist canlı yayım zamanı Vətən müharibəsinin bir ili tamam olduğu ərəfədə icra başçısına aid olan restoranda əyləncə məclisinin keçirildiyini qeyd edib. Daha sonra, ərazidə çəkiliş aparan Əvəz Hafizli restoran mühafizəçilərinin hücumuna məruz qalıb. Nəticədə, onun və çəkiliş apardığı telefonu sındırılıb.

Məsələylə bağlı "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovla əlaqə saxladıq. Əziz Orucov "Hürriyyət"ə açıqlmasında dedi ki, baş vermiş hadisəylə bağlı hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciət edilib. O, jurnalistin əlinin rentgen edildiyini və bununla bağlı tibbi arayış olduğunu qeyd etdi:

"Yasamal rayon icra başçısı Elşad Həsənovun olduğu iddia olunan və açılışı olacaq restoranla bağlı məlumatımız oldu. Əmin olmaq istədik ki, restoran həqiqətənmi Elşad müəllimindir, ya yox... Hər kimin restoranı olsaydı, normal şəkildə çıxıb deyərdi ki, Elşad müəllimin deyil, mənim restoranımdır. Hər halda jurnalistin əlini sındırmaq lazım deyildi...

Əməkdaşımız çəkiliş edərkən onun əl sümükləri sındırılıb. Bundan əlavə, telefonu əlindən alınıb və yerə vurularaq sındırılıb. Sındırılan telefonu belə özünə qaytarılmayıb. Məsələylə bağlı polisə də müraciət edilib. Əməkdaşımızın əlinin sındırılmasıyla bağlı həkimdən arayışımız da var.

Əməkdaşımız hadisə baş verən zaman hüquq-mühafizə orqanlarının qaynar xəttinə birbaşa yığaraq məlumat verib. Daha sonra, polis əməkdaşlarından əraziyə gəliblər. Jurnalist polis bölməsinə gedərək, yazılı sürətdə şikayətini bildirib.

Travmatologiyaya da getdik və rentgen olundu. Məlum oldu ki, əlində sınıq və vətərlərin zədələnməsi var. Hadisənin təfərrüatları canlı yayımda qeydə alınıb. Artıq sosial şəbəkələrdə də yayılıb.

Çəkiliş gedən ərəfədə restoranın mühafizəçiləri əməkdaşımızın telefonunu əlindən alandan sonra, ona xəsarət yetiriblər. Əgər restoran həqiqətən də Elşad Həsənovun deyildisə, restoranın əsl sahibi ortaya çıxıb, obyektin özünə məxsus olduğunu deyə bilərdi. Polis bölməsində yazılı müraciət etməyimizi istəyiblər. Yazılı müraciətimizi də etmişik. Hələ ki, heç bir tədbir görülməyib.

Məsələnin maraqlı məqamı bundadır ki, hələ şəhid analarının gözünün yaşı qurumamış bu şəxslər müharibənin başlanmasının bir illiyində məclis təşkil edir. Anım günündə ölkə başçısı və xanımı əlində şəhidlərin plakatlarını tutub hərbçilərlə bir yerdə parad keçirir, amma xalqın və dövlətin mənafeyi üçün çalışmalı olan adam restoranında əyləncə məclisi təşkil edir. Görünür ki, onun işi kef məclisi təşkil etməkdən ibarətdir".

YƏHYA