Hüquq müdafiəçisinin şəxsiyyət vəsiqəsini kim ləğv edib?

Vətəndaş cəmiyyəti fəalı və hüquq müdafiəçisi Samirə Ağayevanın şəxsiyyət vəsiqəsi ləğv edilib. O, bundan təsadüfən xəbər tutub və məsələnin aydınlaşdırılması üçün DİN rəhbəri Ramil Usubova müraciət etmək niyyətindədir.
 
S.Ağayeva Turan agentliyinə bildirib ki, bu barədə notariusda olarkən bilib və məlum olub ki, sistemdə belə sənəd yoxdur. Ona polisə müraciət etməyi məsləhət görüblər.
S.Ağayeva qeyd edib ki, şəxsiyyət vəsiqəsinin ləğvinə heç bir səbəb olmayıb. Adətən bu, ailə vəziyyətinin dəyişdiyi, yaş ilə əlaqədar sənədin qüvvədən düşdüyü və ya itirildiyi halda edilir.
Ancaq S.Ağayeva yeni şəxsiyyət vəsiqəsini 2016-cı ilin avqustunda alıb. O, cinayət və ya inzibati təqiblərə məruz qalmayıb, şübhəli, ittiham olunan və ya şahid qismində cəlb edilməyib.
İyunun 2-də S.Ağayeva Gürcüstana treninqə getməliydi. Odur ki, ehtimal edir ki, baş verənlər təsadüfü deyil və sərhəddi keçərkən onu xarici pasportla bağlı "sürpriz" gözləyə bilər.
S.Ağayeva bundan öncə təzyiqlərə məruz qalıb. O, D18 Vətəndaş Hərəkatının sədr müavinidir. Peşəkar hüquqşünas olan S.Ağayeva məhkəmələrdə və digər qurumlarda vətəndaşların mülki işlər üzrə hüquqlarını müdafiə edir.