Hakimiyyətə yaxın mediadan şok iddia: "ABŞ kəşfiyyatı Azərbaycanda çevriliş edə bilər"

Dünyanın bir çox ölkəsində hərbi çevrilişlərə cəhdin arxasında Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının dayandığı barədə KİV-də tez-tez məlumatlar yayılır. Gətirilən faktlara əsasən, demək mümkündür ki, bu işi indi daha sistemli və əhatəli formaya salmağa cəhd edilir. Lakin Türkiyə bu prosesi sanki sındırdı. Obrazlı desək, çevrilişlər zənciri qırıldı, indi də təşkilatçıların bədbinlik zamanı başlayıb. Buna baxmayaraq, MDB məkanındakı bir sıra ölkələr üçün təhlükə qalır. Faktlar göstərir ki, həmin dövlətlərdə xarici kəşfiyyat sabitliyi pozmaq istiqamətində addımlar atır. Bunu müxtəlif üsullarla etsələr də, məqsəd birdir – yerli hakimiyyətin legitimliyini şübhə altına almaq və öz maraqlarına uyğun yeni iqtidar formalaşdırmaq! Bu səbəbdən dövlətçilik üçün təhdidlərin davam etdiyi nəticəsini çıxarmaq olar.
 
Gizli əllər: daxili işlərə müdaxilə kanalları
 
Qərbin xüsusi xidmət orqanlarının dünyanın müxtəlif regionlarında dövlətlərin daxili işlərinə qarışdığı haqqında məlumatlar KİV-ə çoxdan sızır. Hələ keçən əsrin ortalarında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və bir sıra böyük neft şirkətlərinin təşkil etdikləri dövlət çevrilişi prosesi barədə kifayət qədər analizlər aparılıb. O cümlədən qonşu İranda xarici kəşfiyyatın 1950-ci illərdə yaratdığı etiraz aksiyaları və sui-qəsdlər haqqında məlumatlar çoxdan yayılıb. İndi qan tökülən Əfqanıstanda radikal dini təşkilatların fəaliyyətinin xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyi barədə mütəxəssislərin fikirləri dərc edilməkdədir.
Hazırda şahidi olduğumuz Suriya böhranının kökündə də yenə Qərbin kəşfiyyat orqanlarının əli olduğu bildirilir. İraq, Liviya, Misir, Sudan və bir sıra başqa ölkələrdə baş verənlərin arxasından da MKİ-nin "qulaqları çıxır". Son nümunə kimi, ekspertlər Türkiyədəki hərbi çevriliş cəhdini göstərirlər. Bu, bizim üçün daha maraqlıdır, çünki burada Azərbaycana da bilavasitə aidiyyəti olan məqamlar var.
Əvvəlcə, onu vurğulayaq ki, hədəf yalnız türk dövlətləri deyil: buraya Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Rusiya da daxildir. Mərkəzi Asiyada daha çox Qazaxıstan, Qırğızıstan və Özbəkistan məsələsi aktualdır. Bütün hallarda söhbət geniş geosiyasi məkanda təşkil edilmiş sistemli və pərdələnmiş fəaliyyətdən gedir.
Hər yerdə fəaliyyətin motivi eynidir – demokratiya, söz azadlığı, şəffaflıq uğrunda mübarizə! Bunun üçün müxtəlif ictimai təşkilatlardan istifadə olunur. Təhsil, hüquq, iqtisadiyyat, humanitar məsələlər, ekologiya, mədəniyyətin yayılması kimi gəlişigözəl ibarələr altında fəaliyyət göstərən təşkilatlar vasitəsilə əsl məqsədləri reallaşdırmağa cəhd edilir. Məqsəd isə bütün ölkələr üçün birdir – legitim hakimiyyət dəyişməli, əvəzində, "demokratik", lakin, əslində, ABŞ-ın oyuncağı olan "iqtidar" formalaşdırılmalı!
Bəzi yerlərdə, məsələn, Gürcüstan və Ukraynada bu ssenari baş tutub. Doğrudur, indi rəsmi Tbilisi bir qədər fərqli siyasət yeritməyə çalışır, lakin onun məsləhətçiləri dəyişməyib. Diplomatik və ya başqa ictimai fəaliyyət adı altında Vaşinqtonun iradəsi gürcü "müstəqilliyi"nin hər qarışında özünü göstərməkdədir.
Ermənistanda isə vəziyyət başqa cürdür. Burada Rusiya o dərəcədə hakimdir ki, ABŞ hələlik yalnız bir sıra KİV orqanına nəzarət edə bilir. Onlar da çoxluq təşkil etmir. Buna baxmayaraq, Amerikanın Ermənistanda şansı az deyil. Çünki ermənilər özlərini satmaqda mahirdirlər. Yüz illərdir ki, zatən onlar yalnız bu işlə məşğul olurlar. Rusiya olmasın, Amerika olsun – erməni "dövlətçiliyi" üçün elə də fərqi yoxdur. Təki Ermənistanın şıltaqlığı və təcavüzkarlığına göz yumsunlar. Elə bu səbəbdən də Cənubi Qafqazın ən zəif və təhlükəli həlqəsi Ermənistandır.
Buna baxmayaraq, analitiklər daha çox Türkiyə hadisələrini təhlil edirlər. Çünki bu ölkənin kəşfiyyat xidməti amerikanların uzun illər müxtəlif ölkələrdə həyata keçirdiyi sistemli fəaliyyəti ifşa etdi (bu barədə Türkiyənin "Akşam" və "Milliyet" qəzetlərində kifayət qədər material dərc edilib). MKİ Türkiyədə hərbi çevrilişi reallaşdırmaq üçün xeyli vaxt və zəhmət sərf edib. Bunun üçün təcrübəli kəşfiyyatçılar FETÖ ilə sıx əməkdaşlıq edib. Məhz fətullahçılar vasitəsilə MKİ çoxlu sayda xəfiyyəsini təxribat və kadrları cəlb etmək üçün türk ordusuna yeridib. Etiraf edilməlidir ki, onlar bu işdə müəyyən dərəcədə uğur qazanıb, Q.Fuller, H.Barkey və general C.F.Kempbell kimi təcrübəli əməkdaşlarını bu işə cəlb ediblər (bax: Levent Albayrak. 15 Temmuz gecesinin 10 karanlık yabancısı / "aksam.com.tr", 6 avqust 2016).
 
MDB məkanı: növbəti təxribat hədəfi
 
Amerika kəşfiyyatının əməkdaşları Türkiyədə çevriliş prosesini idarə ediblər. Uğursuzluqdan sonra isə onlar bütün bunların guya R.T.Ərdoğan tərəfindən təşkil edildiyi barədə yalan informasiyalar yayıblar. General C.F.Kempbell isə ortadan qeyb olub. KİV-in yaydığı məlumata görə, indi MKİ-nin çevrilişə qarışmış kadrlarının hansı işlə məşğul olduğu məlum deyil. Yəni onların yenidən Türkiyəni qarışdırmaq planının olmadığına əminlik yoxdur (bax: məs., Провалы ЦРУ. Шпион выйди вон! / "Альтернативная история", 12 sentyabr 2016).
Məsələnin düşündürücü tərəfi də elə məhz bu məqamla bağlıdır. Konkret desək, MKİ Türkiyədən sonra MDB-nin bir sıra ölkələrində, o cümlədən Azərbaycanda da qarışıqlıq yaratmağa cəhd edə bilər. Bununla bağlı müəyyən informasiyalar KİV-ə də sızıb (bax: Как ЦРУ подрывает ситуацию в Азербайджане / "haqqin.az", 13 sentyabr 2016). Artıq Mərkəzi Kəşfiyyat İdarəsinin bu istiqamətdə müəyyən addımlar atdığı bildirilir. Məsələn, bu ilin avqust ayında qısa müddətdə ABŞ səfirliyinin və ictimai təşkilatlarının bir neçə nümayəndəsinin Azərbaycanın radikal müxalif düşərgəsinin liderləri ilə görüşdüyünü təsdiqləyən faktlar vardır. Hətta bu zaman Amerika səfiri kifayət qədər açıq və konkret tövsiyələr də verib. Söhbət hakimiyyətin etirazçıların tələblərinə əməl etmədiyi təqdirdə küçələrdə sərt müqavimət göstərməkdən gedib (bax: əvvəlki mənbəyə).
Azərbaycan ictimaiyyəti ilə aktiv əlaqə yaradanlar sırasında ABŞ-ın ölkəmizdəki səfirinin birinci müavini U.Gill də vardı. Onun ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Milli Demokratiya İnstitutu (NDI) və Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) ilə sıx əlaqələri var (bax: əvvəlki mənbəyə). Bu cür əməkdaşlıq cənab U.Gillin Azərbaycanda reallaşdırmaq istədiyi layihələrə qrant almaqda yardım edir.
Başqa bir fəal amerikalı səfirin ictimaiyyətlə əlaqələr məsələləri üzrə müşaviri K.Savacdır. Bu xanım diplomat insan hüquqları ilə bağlı "problemlərdən" çox bəhs edir. O, müxaliflərin sırasında təbliğat apararaq insan haqları ilə əlaqəli "məsləhətlərini" də verir. Xatırladaq ki, bu məsləhətləri birbaşa vəzifəsi olan səfirə deyil, azərbaycanlılara verir.
Bu kimi faktların fonunda bir sıra dairələrin Azərbaycanda sabitliyi pozmağa yönəlik fəaliyyətdə olması düşündürücüdür. Onlar kütləvi tədbirləri bəhanə edərək, ölkədə qarışıqlıq yaratmağa çalışırlar. Yalnız hüquq-mühafizə orqanlarının sayıqlığı vəziyyətin nəzarətdə saxlanmasına imkan verir. Ancaq məsələnin əsl mahiyyəti ondan ibarətdir ki, ABŞ-ın bir çox ölkələrdə süni gərginlik yaradaraq, legitim hakimiyyəti laxlatmaq və imkan olduqda, dövlət çevrilişi etmək siyasəti sona yetməyib.
Hazırda Amerika kəşfiyyatının əli Mərkəzi Asiya ölkələrinə uzanıb. Orada da Yaxın Şərq, Türkiyə, Gürcüstan və başqa dövlətlərdə aparılan işlərə uyğun addımlar atılır. Bütün bunlara görə Qazaxıstan Amerika Sülh Korpusunun ölkədəki fəaliyyətinə 2010-cu ildə qadağa qoyub. Ancaq bununla yalnız bir qisim çətinliklər aradan qalxır. Qərb müxtəlif üsullarla yerli hakimiyyətə təsir etməyi bacarır. Bu da istər-istəməz müəyyən gərginlik yaradır.
Beləliklə, Azərbaycan da daxil olmaqla, MDB məkanında xarici kəşfiyyat orqanları fəallaşmağa çalışırlar.[b][/b] Onlar, əsasən, sabitliyi pozaraq, təxribat xarakterli planları ilə cəmiyyəti silkələməyə cəhd göstərir, bu zaman insan haqları və demokratiyanı əldə bayraq tuturlar. Əsl məqsədləri isə öz maraqlarına uyğun hakimiyyət yaratmaqdır. Bu dairələr Türkiyədə ciddi dərs aldılar. Rəsmi Ankara onların bütün şəbəkəsini üzə çıxarmaqda qərarlıdır. Bundan sonra onlar fəaliyyət taktikalarını dəyişə, tamamilə başqa ad altında, fərqli maskada ortaya çıxa bilərlər. Ancaq əsas xislətlərini – müstəqil dövlətlərin daxili işinə qarışmaq strategiyalarını dəyişməzlər!/Newtimes.az/