Hakimiyyət vətəndaşı qul gözündə görür...

Nə üçün itkin düşən neftçilərin xilası üçün zamanında müdaxilə edilməyib?
“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın ölkəmizi yasa boğub. Belə ki, dekabrın 4-də baş verən hadisə nəticəsində platformada olan 63 nəfərdən ikisi dünyasını dəyişib, 29 nəfər isə itkin düşüb. Qəzadan sonra xilas edilən 33 neftçidən 10 nəfərə yaxını isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirlib.
SOCAR-ın rəsmi açıqlamasına əsasən, dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub. Hadisə şahidləri deyir ki, yanğın güclü partlayış sonrası əmələ gəlib. Bundan sonra neftçilər qayıqlara minib xilas olmağa çalışıblar. Onlar 4 saat qayıqda xilasediciləri gözləyib. Ancaq külək güclü olduğundan bir-birinə dəyən qayıqlardan biri sınıb və neftçilər suya düşüb. Qazma ustası Faiq Cəfərov deyir ki, yarım saat da suda gözlədikdən sonra xilas olunublar...
Lakin F.Cəfərovdan fərqli olaraq neftçilərdən 30 nəfərin bəxti gətirməyib. Hansı ki, onlardan bir nəfərin – Ramiz Həsənovun artıq cəsədi tapılıb, qalan 29 nəfər isə itkin düşmüş hesab olunur.
Təəssüflə onu da qeyd edək ki, həkim-ekspert Adil Qeybulla dünən mətbuata açıqlamsında itkin düşən şəxslərin sağ qalma ehtimalının olmadığını deyib: "Dünən gecə (srağagün – müəl.) hava +3 dərəcə olub. Bu temperatur quruda belədirsə, dənizdə daha aşağıdır. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, itkin düşən dənizçilərin orqanizminin belə soyuq havaya tab gətirməsi fizioloji cəhətdən mümkün deyil. Əgər yay fəsli olsaydı, onların sağ qalmaq şansı olardı. Hazırki havada isə çox güman ki, həmin şəxslər donublar".
Bir daha qeyd edək ki, bu faciə bütün Azərbaycanı yasa boğdu. Doğrudur, hələ də itkin düşən şəxslərdən sağ qalanların olduğuna ümidlər var. Ancaq bütün hallarda onu deməliyik ki, bu qəza zamanı iki nəfərin ölümü belə, bizim üçün böyük faciədir.
Əlbəttə, bu faciənin hər hansı təxribat hadisəsi olmadığı, güclü tufanın qaz borusunu sıradan çıxarması nəticəsində yaşandığı bəllidir. Lakin görünən odur ki, bu platformadakı insanın ölümünə heç də güclü partlayış və ya yanğın səbəb olmayıb. Səbəb...
Bəli, səbəb yenə də insanların həyatına qarşı məmur laqeydliyidir. Yuxarıda da qeyd olunduğu kimi, hadisədən 4,5 saat sonra neftçiləri xilas etməyə başlayıblar. Bir halda ki, FHN-nin, yaxud da digər dövlət qurumlarının helikopterləri ən geci 40 dəqiqəyə “Günəşli” yatağına gedib çata bilərdisə, o zaman qalan 4 saata yaxın müddətdə onlar harada “yatıblar”?!
Dünən Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə deyir ki, qəzdan sonra yaxınlıqda olan heç bir gəmi külək və dalğalara görə platformaya yaxınlaşa bilməyib. Əlbəttə, o, bu gəmilərin Azərbaycana məxsus olub-olmadığı haqda heç bir fikir açıqlamadığından, bu haqda hansısa fikir irəli sürməmiz mümkün deyil. Lakin əgər bu gəmilər bizim ölkəmizə, xüsusən də xilasetmə qüvvələrinə məxsus olubsa, bu, dövlətimiz adına utancverici hadisədir. Necə ola bilər ki, orada insanlar ölümlə savaşdığı bir halda, Azərbaycanın hansısa gəmisi əraziyə yaxınlaşaraq, insanları xilas etməkdən boyun qaçırıb?! Axı, hətta rəsmi açıqlamalarda iddia olunduğu kimi, həmin vaxt güclü külək və dalğa olsa belə, ortada danılmaq bir fakt var: neftçilər bu şəraitdə qayıqda azı 4 saat gözləməli olublar. Əgər bu müddət ərzində insanlar qayıqda qalmağı bacarıbsa, deməli, istənilən kiçik həcmli gəminin belə, hadisə yerinə yaxınlaşması üçün ciddi problem ola bilməzdi.
O cümlədən, burada başqa bir məsələ də diqqətdən qaçmamalıdır. Belə ki, əgər deyildiyi kimi, platformada insanların təhlükəsizliyi ilə bağlı bütün tədbirlər görülmüşdüsə, deməli, insanlarda suya batmamaq üçün xüsusi jiletlər olub. Hansı ki, rəng seçiminə görə, həmin jiletləri qaranlıqda uzaqdan da görmək olur. Buradan isə belə qənaətə gəlmək olur ki, itkin düşmüş hesab olunan insanlar təhlükəsizlik tədbirləri çərçivəsində xilasedici jiletlə təmin olunublarsa, deməli, onlar suda batmayıb, dalğa həmin şəxsləri qəza yerindən kənara atdığından, onları dərhal xilas etmək mümkün olmayıb. Bəs, bu zaman havanın soyuq olması, yəni həkim Adil Qeybullanın dediyi kimi onların donmaq təhlükəsi nəzərə alınaraq, gecə ikən onların ətraf sularda axtarışı niyə aparılmayıb? Yaxud onlarla insanın taleyindən söhbət gedirsə, FHN nə üçün əraziyə həmin gecə cəmi 2, daha sonra isə əlavə olaraq 1 helikopter göndərib?! Doğrudur, hadisədən sonrakı gün Sərhəd Qoşunları İdarəsinin 4 helikopteri və 1 təyyarəsi də axtarışlara cəlb edilib. Lakin unutmayaq ki, bu kimi qəzalarda zamanında və effektli müdaxilə daha ciddi nəticələr verir, nəinki dalğalar insanları Xəzərin ətraf ərazilərinə atdıqdan sonra axtarışa çıxmaq...
Odur ki, yaxın günlərdə bu faciə ilə bağlı daha ciddi faktların üzə çıxacağı qənaətindəyik.
Bəhruz ASLANOV