“Gürcüstan hakimiyyətində qarşıdurmanın böyüməsində maraqlı qüvvələr olub” – PÜNHAN MƏMMƏDOV

Baxış sayı:
437

“Borçalı bizim tarixi vətənimizdir və orada yaşayan hər bir soydaşımız öz vətənini qorumaq üçün sonadək mübarizə aparmaq əzmindədir”

“İnanırıq ki, Gürcüstan hakimiyyəti də bu reallığı dərk edib, Gürcüstan türklərinə qarşı bu cür təxribatların həyata keçirilməsinə imkan verməyəcəkdir”
 
Xəbər verdiyimiz kimi, Dmanisidə baş verən hadisəyə etiraz olaraq mayın 17-də yerli sakinlər soydaşlarımıza qarşı bu cür əməllərin aradan qaldırılması tələbi ilə aksiya keçirib. Lakin bu zaman hadisə yerinə gələn polis əməkdaşları təxribat törədən svanların tərəfini saxlayıb və onlar tərəfindən bəzi soydaşlarımıza xəsarət yetirildiyi haqda iddialar var. Belə olduğu halda isə, Dmanisidə baş verən qarşıdurmanın arxasında maraqlı qüvvələrin dayandığı ortaya çıxır. Maraqlıdır, Azərbaycanda fəaliyyət göstərən “Borçalı” İctimai Birliyi bu haqda nə düşünür? Qurumun rəhbəri Pünhan Məmmədovla söhbətimizdə Dmanisi olaylarının pərdəarxasına aydınlıq gətirməyə çalışdıq.
- Pünhan bəy, sizcə, Dmanisidə azərbaycanlılarla svanlar arasında baş verən olay adi xuliqanlıq hadisəsidir, yoxsa etnik zəmində yaşanan qarşıdurma?
- Öncə onu qeyd edim ki, bütün böyük qarşıdurmalar, savaşlar xırda bir detaldan başlayır. Siyasi hakimiyyətlərin marağı olmayanda, həmin hadisə dərhal “boğulur”, böyüməsinə imkan verilmir. Amma hakimiyyətdə təmsil olunan hansısa qüvvə bu qarşıdurmanın böyüməsində maraqlıdırsa, hadisəyə operativ reaksiya verilməsini, yəni hüquq-mühafizə orqanlarının işini əngəlləyir. Əminliklə deyə bilərik ki, hətta Dmanisidə baş verən olay planlı, öncədən düşünülmüş olmasa belə, Gürcüstan hakimiyyətində bu qarşıdurmanın böyüməsində maraqlı olan qüvvələr olub. İstər qarşıdurma baş verən zaman, istər də bir gün sonra soydaşlarımız tərəfindən etiraz aksiyası keçirilərkən polis əməkdaşlarının sərgilədiyi mövqe dediyimizin sübutudur. Biz çəkilişlərdən də gördük ki, polis öz vəzifəsini icra etməkdə maraqlı olmayıb, sanki qarşıdurmanın bir qədər də böyüməsini gözləyib. Hadisələrə bu cür qiymət verəndə, bəlkə də kimlərsə bizi qərəzli olmaqda ittiham edə bilər. Amma, qeyd etməliyəm ki, əksər gürcü siyasətçilər də bizimlə həmfikirdir. Məsələn, "Avropalı Gürcüstan" Partiyasının sədri Qiqa Bokeria mövcud hakimiyyəti cinayətkarlara toxunulmazlıq verməkdə ittiham etdi. Deməli, Gürcüstanın siyasi dairələrində də bu olayların arxasında maraqlı qüvvələrin dayandığı etiraf olunur.
- Necə düşünürsünüz, burda hansı maraqlı qüvvələrdən söhbət gedir?
- Əlbəttə, ilk növbədə Gürcüstan hakimiyyətində təmsil olunan və gürcü soyadı daşıyan ermənilərdən. Hansı ki, onlar hər zaman Borçalıda yaşayan soydaşlarımıza qarşı hücum mövqeyində dayanıblar. Bütün vasitələrlə gürcülərlə azərbaycanlılar arasında qarşıdurma yaratmağa, bununla da öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Amma onlar da tək deyillər, arxalarında Rusiya və Fransa kimi böyük güclər var. Məsələn, siz bilirsiniz ki, Rusiya Azərbaycanla Gürcüstan arasında gerçək dostluq əlaqələrinin qurulmasında maraqlı deyil. Bu səbəbdən də, zaman-zaman Gürcüstandakı ona bağlı qüvvələrin əli ilə iki ölkə arasındakı münasibətləri korlamaq üçün təxribatlar törədib. Biz İkinci Qarabağ Savaşı zamanı da bu təxribatların şahidi olduq. Belə ki, Gürcüstan üzərindən Ermənistana silah ötürülməsi faktı aşkara çıxdı. Əlbəttə, biz bilirik ki, bu qardaş gürcü xalqının iradəsindən kənarda baş verən hadisə idi. Çünki bu silahlar sabah Gürcüstanın özü üçün də təhlükəyə çevrilə bilər. Axı, ermənilərin Gürcüstana qarşı da ərazi iddiasında olduğu kimsəyə sirr deyil. Belə olduğu halda, gürcülər nə üçün erməni separatçıların silahlandırılmasında maraqlı olmalı idi?! Digər tərəfdən, tutaq ki, həmin silahlar hesabına Azərbaycan İkinci Qarabağ Savaşında məğlub olsaydı, bu, gürcülərə nə verəcəkdi? Ağıllı insanlar bilir ki, ermənilər qalib gəlsəydi, növbəti hədəfləri Gürcüstan olacaqdı. Lakin Azərbaycan ordusu 44 günlük savaşda onları diz çökdürdüyündən, hələ də özlərinə gələ bilmirlər. Beləliklə, Gürcüstana qarşı ərazi iddiaları da artıq səngiməyə başlayıb.
- Bəs, ermənilər azərbaycanlılarla gürcülər arasında qarşıdurma yaratmaqla hansı çirkin niyyətlərinə çatmaq istəyirlər?
- Bəlli olduğu kimi, Azərbaycan türkləri Gürcüstanda əhalinin sayına görə ikinci yerdə gəlir. Yəni gürcülərdən sonra bizik və rəsmi statistikanı nəzərə almasaq, sayımız 500 min nəfərdən çoxdur. Rəsmiyyətdə 300 min nəfərin üstündə göstərilir. Bizdən sonra isə ruslar və ermənilər gəlir. Hərçənd ki, Gürcüstanda 300 min nəfərə yaxın rus və 200 min nəfər erməni olduğu haqda göstəricilərin özü də şübhəlidir. Amma statistikada olduğu kimi qəbul etdikdə belə, ortaya bir mənzərə çıxır ki, ermənilərin və rusların Gürcüstanı birgə idarə etməsinə azərbaycanlılar əngəl olur. Çünki onlardan fərqli olaraq, Borçalıda yaşayan soydaşlarımız öz dövlətlərinə bağlıdırlar və heç bir halda Gürcüstanın maraqlarına qarşı çıxmazlar. 2008-ci ildə Rusiyanın Gürcüstana qarşı savaşı da göstərdi ki, Azərbaycan türkləri gürcülərlə birgə öz dövlətlərini qorumaq üçün hər zaman hazırdır. Xadırladım ki, həmin ərəfədə Azərbaycanda müvəqqəti yaşayan bir çox soydaşımız da Rusiyaya qarşı savaşmaq üçün Gürcüstana qayıtmışdı. Bəs, həmin vaxt ermənilər nə etdi? Bunu gürcülər də yaxşı bilir ki, onlar Rusiya ilə birləşərək, Gürcüstanı parçalamağa hazır idilər. Odur ki, bu gün Gürcüstandakı ermənilərin ən böyük arzusu ikinci bir köç dalğası yaratmaqla, Borçalını boşaltmaqdır. Çünki belə olan halda onlar Gürcüstanda istədikləri kimi “at oynada” biləcəklər.
- O halda, svanlar nə üçün onların alətinə çevrilib?
- Gürcüstanda yaşayan svanlar hər zaman istər hakimiyyətin, istər də hakimiyyətdəki gürcüləşmiş ermənilərin aləti olub. Bəlkə də bu, həmin millətin xarakterindən irəli gəlir, amma yaxın tarixdə savanların dəfələrlə azərbaycanlılara qarşı bir alət kimi istifadə olunduğu bəllidir. Görünü, onlar həm də cinayətə meylli olduğundan, maraqlı qüvvələr zaman-zaman svanlardan istifadə edir. Amma svanlar sayca çox az olduğundan, onlar istər Dmanisidə, istər də digər rayonlarımızda azərbaycanlılar üçün problem ola bilməz. Sadəcə, bu təxribatların arxasında duran güclər əhali arasında xof yaratmaqla, insanların tədricən öz ata-baba yurdlarını tərk etməsinə çalışır. Lakin onu da qeyd etməliyəm ki, artıq 80-ci illər deyil, bu təfəkkürdə olan keçmişin qalıqları əmin olsunlar ki, artıq belə təxribatlarla soydaşlarımızı qorxutmaq, onları yerindən-yurdundan qovmaq mümkün deyil. Borçalı bizim tarixi vətənimizdir və orada yaşayan hər bir soydaşımız öz vətənini qorumaq üçün sonadək mübarizə aparmaq əzmindədir. İnanırıq ki, Gürcüstan hakimiyyəti də bu reallığı dərk edib, Gürcüstan türklərinə qarşı bu cür təxribatların həyata keçirilməsinə imkan verməyəcəkdir.
RƏŞAD,
Hurriyyet.az