Göyçayda 16-cı Nar Festivalı keçirilib - VİDEO

Baxış sayı:
7451

Göyçay rayonunda təşkil olunan 14-cü nar bayramı yenə rəngarəng görüntülər ilə yadda qalıb. Müxtəlif çeşiddə nar sortları və bu narlardan hazırlanan çeşidli təamlar festival iştirakçılarının diqqətini çəkib.

Nar bayramının iştirakçıları musiqi sədaları altında qarşılanıb. Qonaqlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanıb. Festivalın əsas qəhrəmanı olan Nar şahzadəsi meydana daxil olaraq, qonaqları salamlayıb, insanlara əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıb.

Tədbir iştirakçıları rayonun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgisi ilə tanış olublar. Festivalda ən böyük narın çəkisi isə 1 kq 300 qram təşkil edib.

Yerli və xarici medianın işıqlandırdığı Nar bayramı hər il daha çox turistin marağını cəlb edir.

Bayram tədbirinin iştirakçıları Heydər Əliyev prospekti boyunca bir-birini əvəz edən səhnəcikləri, ədəbi-bədii kompozisiyaları, milli folklor nümunələrini, gənc rəssamların və məktəblilərin əl işlərini, yarış və müsabiqələri maraqla seyr ediblər, nardan hazırlanmış çeşidli təamların dadına baxıblar. Festival çərçivəsində bayram münasibətilə hazırlanmış milli xörəklər də təqdim olunub.

Tədbirdə idmançıların, mahnı-rəqs qruplarının çıxışları olub, müxtəlif mədəni-əyləncəli proqramlar təşkil edilib. Bayram tədbiri gecə saatlarında Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.

Onu da qeyd edək ki, son üç ildə rayonda 1700 hektardan artıq yeni nar bağı salınıb, yeni istehsal müəssisələri fəaliyyətə başlayıb. Ötən il Göyçayda 43 min ton nar tədarük olunub. Bu il isə meyvə bağlarından 45 min tona yaxın nar məhsulunun yığılması gözlənilir. Bu isə əhalinin büdcəsinə əlavə olaraq 40 milyon manat vəsait gətirəcək.