Fransada “sarı jiletlilər”in aksiyasında 147 nəfər saxlanıldı - YENİLƏNİB

Baxış sayı:
5156

Fransada "sarı jiletlilər"in aksiyası zamanı 147 nəfər saxlanılıb, 8 min 861 nəfər isə yoxlandıqdan sonra sərbəst buraxılıb.

“Report” xəbər verir ki, bu barədə Paris şəhər prefekturası məlumat yayıb.

Aksiya zamanı ticarət obyektlərinə, avtomobillərə, ictimai məntəqələrə, küçələrə ciddi zərər yetirilib. Ən çox ziyan Parisin İtaliya meydanındakı “İtaliya 2” ticarət mərkəzinə dəyib.

Fransa Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, aksiyada Fransa üzrə 28 min nəfər, paytaxtda isə 4 min 700 nəfər iştirak edib.

Polis Parisdə və paytaxtın kənarında etiraz edən “sarı jiletlilər”ə qarşı gözyaşardıcı qaz və tüstü şaşkalarından istifadə edib.

Xatırladaq ki, bir il bundan qabaq “sarı jiletlilər”in ilk aksiyasında on dəfə çox, 280 min nəfər iştirak etmişdi.

**13:49(16.11.2019)

Bu gün səhər saatlarından Parisdə 20-dən çox metro stansiyası və elektrik qatarları “Sarı jiletlilər”in tərəfdarlarının planlaşdırdığı aksiya ilə əlaqədar bağlanıb.

Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti Paris şəhər ictimai nəqliyyat şirkətinə (RATP) istinadən məlumat yayıb.

"16 noyabr şənbə günü polis prefekturasının göstərişi ilə səhər saat 07:00-dan etibarən bəzi metro stansiyaları, keçid məntəqələri ictimaiyyət üçün bağlanıb", - deyə RATP-in açıqlamasında bildirilib.

Xüsusilə, şəhərin əsas prospektindəki stansiyalar, o cümlədən Yelisey ərazisi, Eyfel qülləsi, “Place de la Concorde”, parlament istiqamətinə doğu stansiyalar bağlanıb. Həmçinin, bu, 50-dən çox marşrut üzrə işləyən avtobusların da hərəkət sxeminə təsir göstərib.

Bildirilib ki, “sarı jiletlilər”in etiraz aksiyasının birinci ildönümü ilə əlaqədar Fransanın bir sıra şəhərlərində noyabrın 16-sı və 17-də etiraz aksiyaları keçiriləcək.

Xatırladaq ki, 2018-ci il noyabrın 17-də Fransada avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etiraz aksiyasının iştirakçıları sarı jilet geydiklərindən onlara “sarı jiletlilər” hərəkatı adı verilib.

Onu da qeyd edək ki, ənənəvi şənbə mitinqləri tez-tez etirazçılar və polis arasında iğtişaşlar və toqquşmalarla müşayiət olunur.