Ermənilər Azərbaycandakı “dayılarına” sığınır…

Baxış sayı:
639

Mövcud rejim ermənilərə qucaq açır, bəs öz vətəndaşlarımıza niyyə diqqət yoxdur?

Azərbaycan hakimiyyətində ermənilərlə qohum olan çoxsaylı məmur olduğu kimsəyə sirr deyil. Hansı ki, bu müəmurların bəzisinin anası, bəsinin nənəsi, bəzisinin arvadı, bəzisinin gəlini və s. ermənidir. Bu baxımdan da Azərbaycan hakimiyyətində ermənilərə böyük sevgi hiss olunur.
Məsələn, təsadüfi deyil ki, bir neçə gün öncə hakimiyyət Ermənistan Millətdaxili Azadlıq Hərəkatının lideri Vaan Martirosyana ölkəmizdə sığınacaq verdiyini elan etdi. Bu informasiyanın açıqlamasından bir gün sonra isə mətbuat konfransı keçirən Martirosyan bəyan etdi ki, Dağlıq Qarabağda referendum keçirilsə, əhali Azərbaycana birləşmək üçün səs verəcək: "Şuşaya milyonlarla dollar xərclənsə də, şəhərdə adam yoxdur. Qalanlar yalnız yaşlılardır. Gənc yoxdur. Xankəndində axşam gəzsəniz, görərsiniz ki, yaşayış binasında bir işıq yanır".

Əlbəttə, mətbuat konfransında Vaan Martirosyanın belə bir fikri bəyan etməsi Azərbaycan hakimiyyətinin “xalqın başının altına yastıq qoymaq” siyasətinin tərkib elementi olaraq daha bir erməniyə qucaq açmasına “haqq” qazandırır. O baxımdan ki, illərdir iqtidaryanlı medianın “Ermənistan çökür”, “ermənilər ölkəni tərk edir”... kimi təbliğatının ardınca Martirosyanın dediyi lap yerinə düşür. Yəni bununla hakimiyyət Azərbaycan xalqına dolayısı ilə belə bir mesaj çatdırmış olur ki, “torpaqlarımızın işğalda olmasına görə narahat olmayın, yaxında Ermənistan boşalacaq, bu zaman gedib hətta İrəvanı belə, müharibəsiz geri qaytaracağıq”.
Mən inanıram ki, hakimiyyətdə bu düşüncədə olan insanların sayı heç də az deyil. Amma şübhəsiz, ermənilərin Bakıya gəlişinə sevinənlərin sayı da kifayət qədərdir. Xüsusən də, bu hakimiyyətdə bəzi məmurların ermənilərlə qohumluq əlaqəsi, qan bağı olduğunu nəzərə alsaq, deyə bilərik ki, onlar bu məsələdə daha çox canfəşanlıq göstərirlər.
Doğrudur, sosial şəbəkələrdə Vaan Martirosyanın Azərbaycan iqtidarında təmsil olunan yüksək çinli məmurlardan biri ilə qohum olduğu da ortaya atıldı. Lakin bizim əlimizdə bu haqda heç bir fakt olmadığından, bu məsələnin üzərindən sükutla keçməyə məcburuq. Ancaq mövcud hakimiyyətin ermənilərə qucaq açması müqabilində, son illər minlərlə ölkə vətəndaşını didərgin salmasını susqunluqla qarşılamaq olmur.

Sirr deyil ki, hazırda Avropanın müxtəlif ölkələrində siyasi mühacir həyatı yaşayan minlərlə soydaşımız var. Onlar bu rejimin təzyiqləri nəticəsində ölkəni tərk etməyə məcbur olub. O cümlədən, işsizlik səbəbindən Azərbaycanı tərk edənlərin sayı da durmadan artır. Belə olduğu halda indi çoxları üçün düşündürücüdür ki, axı, elə bol çörəyimiz varsa, nə üçün hakimiyyət öz vətəndaşlarımızın ac qarnını doydurmaqdan, onların işsizlik səbəbindən ölkəni tərk etmələrinin qarşısını almaqdansa, erməniləri gətirib Bakıda yemləyir?!
Görünür, bu məsələdə də Azərbaycan iqtidarındakı arvadı və qaynanası erməni olan məmurların rolu olub. Əks halda, Azərbaycan vətəndaşlarını ölkədən didərgin salıb, ölkəni erməniləşdirmək siyasəti kimə lazım ola bilər?!

Günay Əsədova,
Muxalifet.az