"Eldar Mahmudovdan sonra DTX-nın üzərinə ağır yük düşüb"

İlham İsmayıl: “Məxvi əməkdaşların adlarının açıqlanması DTX-nın işinə çox zərər vurur”
“İttiham tərəfi DTX-nın rəsmi arayışını açıq şəkildə deyil, qapalı məhkəmədə oxumalıydı və ya məhkəməyə sübut kimi təqdim etməliydi. KİV-in iştirakı və adların açıqlanması düzgün deyil”
MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və onun müavini Azər Mehtiyevin məhkəmə prosesində agent və etibarlı şəxslərin adlarının və kod adlarının açıqlanması mətbuatın başlıca mövzularındandır. Hansı ki, bununla bağlı müxtəlif ekspertlərin və yazarların dilindən fərqli rəylər, münasibətlər bildirilir.
“Təhlükəsizlik bir nazirliyin üzərinə qoyula bilməz”
Keçmiş MTN polkovnik-leytenantı İlham İsmayıl Hurriyyet.org-a açıqlamasında bildirdi ki, hər bir dövlətin, eləcə də Azərbaycanın Təhlükəsizlik Konsepsiyası var: “Dövlətin təhlükəsizliyini təhdid edən xarici və daxili amillər göstərilməklə, dövlətin strateji hədəfləri və bu istiqamətdə qarşıya çıxacaq mümkün təhlükələr müəyyənləşdirilir və ölkənin konkret strukturlarının vəzifələri göstərilir. Yəni siyasi, iqtisadi, mədəni təhlükəsizlik bir nazirliyin üzərinə qoyula bilməz. Amma hər hansı bir təhlükənin önlənməsi, qarşısının alınması xəbərdarlığı xüsusi xidmət orqanının, yəni DTX-nın məsuliyyətindədir. Cəmiyyətin hər bir üzvü isə vətəndaş kimi üzərinə düşən mənəvi vəzifələrini yerinə yetirməlidir”.
“Agentura şəbəkəsi məxfiliyin başında gəlir”
İ.İsmayıl deyir ki, xüsusi xidmət orqanının fəaliyyəti əsasən məxfi xarakter daşıyır: “Agentura şəbəkəsi də bu məxfiliyin başında gəlir. Məxfi məlumatlar dövlət sirrini təşkil edir və onun açıqlanması konkret cinayətdir. Onu açan şəxs cinayət məsuliyyətinə cəlb olunur. Buna görə də xidmətə qəbul olunanda da, tərxis olunanda da iltizam verilir ki, məlum olan xidmət sirrləri heç zaman açıqlanmayacaq, əks halda cinayət məsuliyyəti daşıyır”.
“Açıqlamanın məsuliyyət dərəcəsini məhkəmə müəyyənləşdirməlidir”
“Bildiyimə görə, keçmiş MTN zabitlərinin məhkəməsində pul verilmiş bəzi agentlərin yalnız ləqəbi ( misal üçün "Əlizadə") açıqlanmış, ad, soyadı deyilməmişdir. Yalnız etibarlı şəxslərin adları açıqlanmışdır ki, bu da məxfi qriflə olur, ona görə də açıqlanması məqsədəuyğun deyildir və bu açıqlamanın məsuliyyət dərəcəsini məhkəmə müəyyənləşdirməlidir”, - deyə MTN zabiti vurğuladı.
“Yeni agent və etibarlı şəxslərin cəlb edilməsi çox çətin olacaq”
İ.İsmayıl hesab edir ki, məxfi əməkdaşların adlarının açıqlanması DTX-nın işinə çox zərər vurur: “İnformasiya mənbələrinin açıqlanması perspektivdə yeni cəlbetmələrin həyata keçirilməsinə çətinlik yaradır, operativliyin səviyyəsini aşağı salır. Gələcək məxfi əməkdaşlar adlarının nə vaxtsa açıqlana biləcəyindən ehtiyat edəcəklər və bu da ümumi işə ciddi ziyan vurur. Əlbəttə ki, bundan sonra yeni agent və etibarlı şəxslərin cəlb edilməsi çox çətin olacaq. Ona görə də ittiham tərəfi DTX-nın rəsmi arayışını açıq şəkildə deyil, qapalı məhkəmədə oxumalıydı və ya məhkəməyə sübut kimi təqdim etməliydi. KİV-in iştirakı və adların açıqlanması düzgün deyil. Bundan sonra, DTX-nın rəsmi bəyanatı da yayıldı ki, bu cinayət məsuliyyətidir”.
“İttiham tərəf məsələyə qeyri-peşəkar yanaşıb”
İ. İsmayılın fikrincə, bu məsələdə DTX-nın hədəfə alınmasından çox, ittiham tərəfin məxfi qrifli arayışı açıq məhkəmədə sübut kimi istifadə etməsidir: “Məncə, ittiham tərəf təlimatlandırılmalıydı. Adları xüsusi xidmət orqanının işçiləri açıqlamayıb. DTX ittiham tərəfin sorğusuna cavabında pul vəsaitlərinin kimə verildiyinin arayışını “məxfi” qriflə verib. Bu o demək deyil ki, prokurorluq nümayəndəsi bu arayışı məhkəmədə oxumalı idi. Arayış məxfi olduğu üçün məhkəməyə təqdim olunmalı, məhkəmə də sübut kimi, təqsirləndirilənləri tanış etməliydi. Bu dövlətçiliyə zərbə vurmaq kimi deyil, təcrübəsizlikdən irəli gələn addımlar olub. Mən bu məsələdə məqsədli amil görmürəm, sadəcə ittiham tərəf məsələyə qeyri-peşəkar yanaşıb”.
“Etibarlı şəxsərə ləqəb verilmir və onlar konkret tapşırıq yerinə yetirir”
Məhkəmədə adların açıqlanması məsələsinə gəldikdə, İ.İsmayıl vurğuladı ki, Fikrət Yusifov və Elçin Behbudovun adları agent deyil, məhz etibarlı şəxs kimi istintaq materialında vurğulanıb: “DTX-nın arayışında da konkret göstərilib ki, bunlar “etibarlı şəxslərdir”. Agent ayrıdır, etibarlı şəxs başqa. Agentin ləqəbi olur, etibarlı şəxslərə ləqəb verilmir və onlar konkret tapşırıq yerinə yetirir, agent kimi çoxşaxəli işləmirlər, mütəmadi görüşmürlər. Etibarlı şəxs bir, ya iki epizod üçün istifadə olunur, onun cəmiyyətdəki mövqeyi, nüfuzu nəzərə alınaraq agent kimi deyil, onların işgüzar mövqeyinə uyğun konkret xahişlər edilir. Doğrudur, etibarlı şəxsin adının açıqlanması düz deyil və onun cəmiyyətdə mövqeyini sarsıdır, hətta yerinə yetirdiyi tapşırığın xarakterinə görə, həyatına təhlükə də yarana bilər”.
“İnanıram ki, əksiklikləri aradan qaldırmaq yolunda çətin və böyük əmək sərf edirlər”
İ. İsmayıl əlavə etdi ki, Eldar Mahmudovdan sonra DTX-nın üzərinə ağır yük düşüb: “Konkret olaraq hansı tədbirlərin görüldüyünü, təbii ki, mən bilmirəm, amma yeni rəhbər heyətin xidməti və peşəkarlıq qabiliyyətini bildiyimdən, hesab edirəm ki, problemləri yoluna qoymaq istiqamətində bacarıqlarını əsirgəmirlər və inanıram ki, əksiklikləri aradan qaldırmaq yolunda çətin və böyük əmək sərf edirlər”
Hurriyyet.org