​DİN rəhbəri oğlunun korrupsiyada əlinin olmadığını bildirib

“Nə oğlum, nə də onun təsisçi olduğu şirkətlər büdcədən bir qəpik belə götürməyib”
 
Ukrayna daxili işlər naziri Arsen Avakov oğlu Aleksandrın dövlət vəsaitlərinin israf olunması ilə əlaqəsinin olmadığını bildirib. “RİA Novosti” xəbər verir ki, A.Avakov bu barədə “Facebook” səhifəsində bildirib.  
 
“Nə oğlum, nə də onun təsisçi olduğu şirkətlər Ukrayna büdcəsindən bir qəpik belə götürməyib. Aleksandr Avakov proseduru keçərək, məhkəmədə bunu sübut edəcək”, - deyə A.Avakov bildirib.
 
Nazir həmçinin qeyd edib ki, ona təzyiq etmək məqsədilə yaranmış vəziyyətdən istifadə etmək, yaxud kimlərinsə siyasi ambisiyalarını piar etmək cəhdləri heç bir nəticə verməyəcək: “Ümid edirəm ki, adekvat məhkəmə prosesi hər şeyi öz yerinə qoyacaq”.
 
Qeyd edək ki, bundan əvvəl Aleksandr Avakovun ofisində axtarış keçirilib, daha sonra o saxlanılıb. Məlumata görə, DİN rəhbərinin oğlu xidməti səlahiyyətlərindən sui-istifadə edərək  dövlət vəsaitlərinin israf etməkdə və ya mənimsəməkdə şübhəli bilinir. Söhbət 2015-ci ildə DİN üçün çantaların alınması ilə əlaqədar başlanan cinayət işindən gedir. Məhkəmənin sabah A.Avakov barəsində qətimkan tədbiri seçəcəyi gözlənilir.