“DİM ölkədə sosial narazılığın qarşısını alan qurumlardan biridir” – TARİXÇİ ALİM

Baxış sayı:
706

Kərəm Məmmədov: “DİM-dən narazı olanların vəziyyəti "göyə daşa atan adam"ın vəziyyətinə bənzəyir”

Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyəti ölkədə  cəmiyyətə açıq olan qurumlardan birinin olduğunu əminliklə söyləmək olar. Lakin son vaxtlar bu quruma qarşı ardıcıl hücumlar istənilən normal düşüncəli insanlarda heyrət doğurur. Görünür,  DİM-in tələbə və şagirdlərin biliklərini obyektiv dəyərləndirməsi və rüşvətsiz fəaliyyəti kimləri isə narahat edir. Bu baxımdan da, həmin qurumun şəffaf fəaliyyəti bəzilərini sözün əsil mənasında qıcıqlandırır. 

Bu hücumların səbəbləri barədə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, DİM-in tarix fənni üzrə işçi qrupunun rəhbəri, tanınmış tarixçi-alim Kərəm Məmmədovla müzakirə apardıq.         

- Son vaxtlar DİM-in ünvanına bir sıra tənqidlər səslənməkdədir. Maraqlıdır ki, bütün bunlar qurumun rəhbəri Məleykə Abbaszadənin özəl kursları tənqid etməsiindən sonra ortaya çıxdı. Sizcə, bu təsadüfdür?

- Əgər o özəl kursların rəhbərliyi dərindən fikirləşsələr, əslində onların yaranmasının əsas səbəbkarından biri Dövlət İmtahan Mərkəzinin olmasıdır. Bu adamlar oturduqları ağacın budaqlarını özləri budayırlar. Əgər DİM olmasaydı, ayır-ayrı özəl kursların olmasına ehtiyac yaranardımı? Və əgər DİM obyektiv imtahanlar keçirməsəydi, hansı valideyn öz övladını tərəddüd etmədən özəl kurslara qoyardı? Yəni DİM özünün 30 illik fəaliyyəti dövründə keçirdiyi obyektiv imtahanların və ixtisaslar üzrə abituryentlərin yerləşdirilməsində göstərdiyi şəffaflıq nəticəsində valideyinlər öz uşaqlarının istər özəl kurslarda, istər də repetitor yanında biliklər qazanmaqla şəksiz şəkildə ali məktəbə qəbul olunmaqlarına inanırlar.  Abiturientlər onları ali məktəblərə qovuşduran biliklər verdiklərinə görə özəl kurslar və repititorlara minnətdar olduqları kimi, həmin kurslar da, həmin repetitorlar da obyektiv imtahanın keçirilməsinə təminat verən DİM-ə borcludurlar. Əgər DİM bu obyektivliyi təmin edə bilməsəydi, ümumiyyətlə ölkəmizdə bu quruma inam olmasaydı, abiturientlərin valideynlərinin böyük əksəriyyəti hazırlıq kurslarına və repititorlara çəkdikləri xərci elə orta məktəbdən aldıqları attestatla təhsil olmağa imkan verən xarici xarici ölkələrin ali məktəblərinə üz tutardılar. Ən gülməli iradlardan biri də bəzilərinin Azərbaycandakı özəl ali məktəblərdə təhsil haqqının yüksək olmasında DİM-i günahlandırmalarıdır.    

- Abiturientlərin DİM-in keçirdiyi sınaq imtahanlarında topladıqları balla, özəl kursların keçirdiyi sınaq imtahanlarında əldə edilən yüksək balların  adekvat olmadığı haqda səsləndirdiyi iradı haqlı hesab edirsinizmi?

- İstər özəl kurslar,istərsə də fərdi repetitor hazırlığı adətən sentyabr ayından başlayır. O kursların keçirdikləri sınaq imtahanları da abiturientlərin keçdikləri mövzularla bağlı olur. Lakin özəl kurslardan fərqli olaraq, DİM – in keçirdiyi sınaq imtahanları qəbul imtahanlarına adekvat formada və bütün proqram materiallarını özündə ehtiva edəcək şəkildə olur. Ona görə də, özəl kurslarda və fərdi formada repititor yanında bu və ya digər fənndən hazırlıq keçən abiturientlər DİM-in ilk sınaqlarında zəif nəticələr göstərirlər. Bu isə istər-istəməz həm abiturientlərin valideynlərində, həm də kurs rəhbərliyində tədris olunan fənnlərlə bağlı hazırlığın səviyyəsinin “aşağı olması” kimi narahatçılığa səbəb olur.  Təbii ki, DİM sınaq imtahanı keçirəndə sualları hansısa özəl kursun marağını nəzərə alıb, sualları təkcə abiturientlərin ilk aylarda keçdikləri mövzular əsasında tərtib edə bilməz. Həmkarlarıma məsləhət görərdim ki, əksinə onlar abiturientlərinin hələ keçmədikləri mövzularla bağlı suallara cavab vermədiklərindən narahat olmaq əvəzində, gələcəkdə o mövzuları tədris edərkən DİM-in sınaq imtahanlarında tərtib etdiyi sualların cavablarını daha geniş şəkildə şərh etsinlər.  DİM-in keçirdiyi sınaqların hər biri mini qəbul imtahanıdır və bütün qəbul proqramını əhatə edir.  Əgər güzgüyə baxarkən hər hansı qüsur görürüksə, güzgünü pisləmək əvəzinə qüsurumuzu düzəltməliyik.  

-Sizcə, repetitorların və özəl kursların tədris proqramı Təhsil Nazirliyinin tədris proqramına nə dərəcədə uyğundur ?

- Əslində özəl kursların əksəriyyəti DİM-in Təhsil Nazirliyinin hazırladığı proqrama uyğunlaşdırdığı proqrama uyğun təhsil verirlər. Yəni bu iki qurumun proqramları arasında o qədər də ciddi fərq yoxdur. DİM maksimum şəkildə Təhsil Nazirliyinin tədris proqramına uyğun şəkildə imtahan keçirilməsinə çalışır. Digər tərəfdən DİM nəinki özəl kursların, eyni zamanda Təhsil Nazirliyinin tədris keyfiyyətinin göstəricisi, onların verdikləri  bilik və bacarığı müəyyən etməklə barometr rolunu oynayan qurumdur.

DİM-dən adətən kimlər narazı qalır? Tam əminliklə deyə bilərəm ki, bu “qınaqların” böyük əksəriyyəti DİM-in obyektivliyindən “əziyyət çəkmiş”lərin haqsız etirazlarından qaynaqlanır. Obyektivliyə görə tənqidə isə el dilində cığal, onların iddialarına isə cığallıq deyilir.İnanın ki, narazı qalanların DİM-dən narazı qalanların çoxu məhz onun adından istifadə etmək istəyən, lakin bu əməlləri ifşa olunaraq biabırçı vəziyyətdə qalmış  “işbaz”lardır.      

-Son siniflərdə təhsil alan abituriyentlərin yüksək nəticələr göstərməsində həqiqətənmi özəl kursların rolu böyükdür? Əgər tədrisin keyfiyyəti özəl kursların hesabına təmin ediləcəksə, məktəblərin son sinifləri nə üçün fəaliyyət göstərir? Belə çıxır ki, şagirdlər sadəcə attestat almaqdan ötrü formal olaraq dərslərdə iştirak edirlər…

-Bu, artıq bizim təhsilin ümumi bəlasıdır. Əgər yeniyetmələrimiz son siniflərdə daha çox öyrənməyə çalışırlarsa, demək yenə də onlar məhz DİM-in obyektivliyinə inanırlar. Bilirlər ki, DİM üçün yeganə meyar bilikdir. Nəzərə alaq ki, DİM əvvəlki kimi dövlət qurumu deyil, "publik şəxsdir". O özü-özünü maliyyələşdirir. DİM-dəki işçi qruplarının, ekspertlərin fəaliyyətinə görə onlara əmək  haqqı ödənilir. İmtahan zamanı nəqliyyat xərcləri, imtahan keçirilməsi üçün binaların müvəqətti kirayələnməsi, imtahanlardakı nəzarətçilərə əmək haqqı ödənilməsi, sual kitabçaları, jurnallar, vəsaitlərin çapı, vəsaitlərin yazılmasında iştirak etmiş müəlliflərə qonorar ödənilməsi və s. bunların hamısı bəlli vəsait tələb edir. Hələ hər il bütün fənnlər üzrə yeni test tapşırıqlarının hazırlanmasına sərf edilən vəasiti demirəm.    Və ən pisi nədir? Ərzaq mallarının qiymətinin, əyləncəli və şou proqramlarının  bahalaşmasına heç kim etiraz etmir, amma DİM-in imtahan qiymətini qaldırmasına hamı etiraz edir. Niyə? Adicə kinoteatra gedəndə bir dəfə film izləmək üçün yetərli vəsait ödəyən valideyn övladının taleyi həll olunan sınaq imtahanı üçün nədən pul tapmasın? Övladının taleyi hara, Amerikada çəkilmiş adi bir filmə baxmaq hara?!

- Kərəm müəllim, ümumiyyətlə orta məktəblərdə tədrisin səviyyəsi sizi qane edirmi? Sizcə, bu günki vəziyyətdə şagirdlər özəl kursların və repetitorların xidmətinə müraciət etmədən ali məktəb imtahanında yüksək nəticə göstərə bilərlərmi? 

-Biz imtahanların statistikasına baxırıq axı. İmtahan keçirilən gün düşən sulalların ekspertizası aparılır. Daha sonra isə testlərin işlək faizi hesablanır.Qəbula düşənə qədər hər bir test bir neçə dəfə süzgəcdən keçir. Yenə deyirəm, DİM Təhsil Nazirliyinin proqramı əsasında həmin qəbul proqramını tərtib edir və həmin qəbul proqramı Təhsil Nazirliyinin düzəltdiyi proqramdan abituriyentlərin əldə etdikləri bilikləri yoxlayır.

Orta məktəblərdə tədrisin səviyyəsini müşahidə etmək üçün bu fakt kifayət edir ki, əgər əvvəllər  500-550 balla orta prestijli ixtisasa qəbul olunmaq mümkün idisə, indi bu bal xeyli aşağı düşüb.  

- Türkiyədə son siniflərin hazırlıq qruplarının məktəblərin özündə təşkil edilməsi praktikası var. Azərbaycanda məktəb kurslarında dərs deyən müəllimlərin pul qazanması şərtilə bu praktika uğur qazana bilməz?

- Zatən, DİM-i tənqid edən özəl kurslar həmin funksiyanı yerinə yetirir. Onlar DİM-dən niyə narazıdırlar? DİM-dən narazı olanların vəziyyəti "göyə daşa atan adam"ın vəziyyətinə bənzəyir. Göyə daş atan adam bilmir ki, daş yuxarı qalxana qədər kinetik enerji ilə gedir, sonra potensial enerjiyə çevrilib onun özünə tərəf gəlir. Əgər DİM obyektiv imtahan keçirməsə, inanın bir nəfər də həmin repetitorların yanına, hazırlıq kurslarına getməz. O halda həmin repetitorlar məktəbdən aldığı maaşla ailə saxlaya bilərlərmi?

-Xeyr, saxlaya bilməzlər.

-Bu da sosial partlayışdır, ya yox...

-Bəli.

-Ən azından bunu da nəzərə almaq lazımdır ki  DİM milli müstəqilliyimizin yavrusudur. Müstəqillilk qazanandan bəri Azərbaycanın bir neçə uğurlu addımları oldu, DİM də onlardan biridir. O zaman bu qurum Tələbə Qəbulu Dövlət Komissiyası adlanırdı. Onun ilk rəhbəri Vurğun Əyyubu böyük hörmətlə yad edib,Allahdan ona rəhmət diləyirəm.  Vurğun Əyyubdan sonra onun işini Kamran İmanov, indi isə Məleykə xanım Abbaszadə uğurla davam etdirdilər. İndiyə qədər DİM-in adı hansısa korrupsiya və ya qanun pozuntusunda hallanıb? Xeyr ! DİM ictimaiyyətə ən açıq olan qurumlardan biridir. İnanın ki, istər sınaq,istərsə də qəbul imtahanı zamanı testlərdən edilən şikayətə görə ekspertlər dəfələrlə çağırılır, onlardan izahat alınır.

DİM-in yaradılması və fəaliyyəti inanın ki, dövlətçilik tariximizdə  “Əsrin kontraktı”nın imzalanması, Qarabağın imzalanması və digər uğurlu addımlar kimi mühüm bir hadisədir. 

Bir faktı sözardı olaraq deyim, 1871-ci ildə Prussiya Fransa üzərində qələbə qazandı və Almaniyanı tam şəkildə birləşdirdi. O məqamda jurnalistlər hamısı Prussiyanın yeyxskansleri Otto fon Bismarkı təbrik etməyə başlayırlar.  Otto fon Bismark cavabında deyir ki, bu qələbəyə görə bizi yox, Prussiyanın tarix müəllimlərini təbrik edin. Çünki o gəncliyin ictimai-siyasi şüurunu formalaşdıran Prussiyanın tarix müəllimləri oldu. Bax, DİM də belə orqanlardan biridir. Sosial mənşəyindən asılı olmayaraq hansı savadlı uşaq kənarda qalır?

- Doğrudur, bilikli abituriyentlər heç bir halda kənarda qalmır…

-Bəli. Təbii ki, DİM-dən Azərbacanda hansısa bir ali məktəbə, hətta kollec səviyyəsində qəbul oluna bilməyəcək dərəcədə bal toplaya bilməyərək, yüz cür məşəqqətlə qonşu ölkələrin özəl universitetlərinə qəbul olunub, sonradan köçürülmə yolu ilə gəlib Azərbaycanın prestijli universitetlərində təhsil alanlar narazı qalacaqlar. Bu cür insanlar hətta bəzən Təhsil Nazirliyinə yönəldilməli tənqidləri də DİM-ə yönəldirlər.  

Qarabağdakı qələbəmizə ilk reaksiya verən qurumlardan biri məhz DİM oldu. “Abituirent” jurnalında dərhal Zəfər Tariximizlə bağlı material dərc olundu.

Bir neçə il bundan əvvəl qəbul proqramına İraq və Şamda yaşayan soydaşlarımız müasir durumu ilə bağlı bir bən salmışdıq. Orta məktəb dərsliyində bununla bağlı material olmadığından dərhal Abiturient jurnalında "İraq və Şam türkmanları " adlı material dərc etdirdik.  İnanın ki, həmin o jurnaldakı məqalənin  sorağı 3-4 aydan sonra İraqdan və Suriyadan gəldi ki, onu ərəb dilinə tərcümə edib türkman döyüşçülərinə paylayırlar. Mənim üçün də sevindirici hal bu idi ki, onun müəllifi mən idim. O məlumatda türkmanların   Azərbaycan türklüyünün ayrılmaz hissəsi olduğu xüsusi qeyd olunurdu.  Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə lap az qalıb, vaxtilə Ulu Öndər tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə bundan gözəl hədiyyə nə ola bilərdi? 

- Əlbəttə, neqativ halı tənqid ediriksə, müsbət halları da qiymətləndirmək lazımdır.

-  Əgər DİM-in təcrübəsini öyrənmək üçün ölkəmizə dəfələrlə xarici ölkələrin maarif işçiləri gəlibsə bununla ancaq fəxr etmək lazımdır.   

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Hurriyyet.az