"Dezinformasiyalar yayan iki nəfər müəyyən olunub" - DİN

Baxış sayı:
393

Ölkə ərazisində koronavirus infeksiyası ilə əlaqədar zəruri sosial izolyasiya tədbirlərinin tətbiqi davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda bildirilir ki, buna baxmayaraq, respublikanın bəzi şəhər və rayonlarında, o cümlədən paytaxt Bakıda ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozmaqla fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilən nəzarət tədbirləri ilə həmin obyektlər və onların sahibləri müəyyən edilir, barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Belə ki, martın 30-dan 31-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 36, o cümlədən Bakı şəhərində 20 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Onların hər birinin sahibi inzibati qaydada cərimə edilib.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə əhalinin təşvişinə səbəb ola biləcək dezinformasiya xarakterli məlumatlar yaydığına görə 2 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 1 nəfərə xəbərdarlıq edilib, 1 nəfər isə əqli cəhətdən qüsurlu olduğu üçün psixatriya xəstəxanasına yerləşdirilib.

Ötən gün ərzində epidemiya əleyhinə rejimi pozduqlarına, həmçinin respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən təyin olunmuş polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə görə 333 nəfərə inzibati cərimə tətbiq edilmişdir.

Vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur.