"DE Kİ, MƏN ELƏ ADAM DEYİLƏM..." - Rəşid Mahmudov: "Ancaq dediyim sözlər mənə aiddir..."

Baxış sayı:
886

Tanınmış şəxslərin, siyasətçilərin, mədəniyyət və incəsənət xadimlərinin fikirlərinin kontekstdən çıxarılmasına tez-tez rast gəlirik. Bəzən isə cəmiyyətdə nüfuzlu insanlar adından müəyyən fikirlər səsləndirilir, onlar cəmiyyətinin müxtəlif təbəqələri ilə üz-üzə qoyulur.

Analoji problemlərdən əziyyət çəkənlərdən biri də tanınmış ziyalı, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudovdur. Sosial şəbəkələrdə mövcud olan ayrı-ayrı səhifələrdə Rəşid Mahmudovun adından yayılan bəyanatlar istər-istəməz müəyyən şübhələr doğurur. Heç bir siyasi məsuliyyyəti olmayan, siyasətlə maraqlanmayan, həmişə siyasi proseslərdən kənarda qalan tanınmış alimi fərqli pozisiyada görmək birmənalı qarşılanmır.

Rəşid Mahmudov saytımıza açıqlamasında sözügedən problemdən xəbərdar olduğunu bildirib. Qocaman alim bizimlə söhbət zamanı sosial şəbəkələrdə yaza bilmədiyini deyib:

“Bu haqda münasibət bildirmişəm. Mən sosial şəbəkələrdə yaza bilmirəm. O sözləri mən deməmişəm, yazmamışam. Səs yazısı varsa, deməli, mən demişəm. Qalanları boş şeydir. Kim nə yazır, yazsın. Mənim haqqımda ağızlarına gələni yazırlar. Şəkilimi də verib altından istədiklərini yazırlar”. 

R.Mahmudovun sözlərinə görə, bəzi jurnalistlər onun adından sui-istifadə edirlər:

“Jurnalistlər ağızlarına gələni yazırlar. De ki, yalan yazmasınlar. Onlara çatdır ki, düz yazın. Xahiş edirəm, bir jurnalist kimi öz mövqeyini ortaya qoy.

Mənə qarşı ağzına gələni yazanlara sən öz mövqeyini qoy. Yaz ki, mən elə adam deyiləm. Ancaq dediyim sözlər mənə aiddir. Yazılan digər fikirlərin mənə aidiyyəti yoxdur”./yenisabah.az