“Cümə günü də tam məhdudiyyətlər tətbiq edilsin” – Baş infeksionist

Baxış sayı:
432

“Dövlətin gördüyü tədbirlər əhalinin sağlamlığının qorunması üçündür. Buna nə üçün etiraz edirlər? Təklif edərdim ki, cümə günü də bu məhdudiyyət tətbiq olunsun, üç gün küçəyə çıxmaq qadağan olunsun”.

Muxalifet.az bildirir ki, bunu oxu.az-a Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, vətəndaşlar görülən tədbirə dəstək olmalıdır:

“Ölkə ərazisində karantin rejimi çərçivəsində həftəsonları küçəyə çıxmaq qadağan olundu. Bu, yerində verilmiş qərardır. İnsanlar buna dəstək olmalıdır. Qərar ölkə ərazisində fəaliyyət sisteminə ciddi mane olmur.

Bu, virusun geniş yayılmasının qarşısını almağa kömək edəcək. Türkiyənin timsalında bu üsulun effekt verdiyini gördük. İnanıram ki, bu qadağalar bir neçə həftə davam etdiriləcək.

Nəticədə, yoluxma sayında kifayət qədər azalma müşahidə olunacaq. Vətəndaşlar cərimədən qorxduğu üçün yox, sağlam qalmaq üçün qoruyucu vasitələrdən istifadə etməlidir”.

C.İsayev onu da əlavə edib ki, koronavirus pandemiyasının uzun müddət ölkə ərazisində mövcud olacağını düşünür:

“Mən güman etmirəm ki, koronavirus infeksiyası qısa zaman ərzində ölkədən tamamilə təmizlənsin. Çünki bu SARS-CoV virusundan törəyən SARS-CoV-2 virusudur. Digəri ilə müqayisədə, SARS-CoV-2 daha geniş miqyasda yayılıb.

Bu gün dünyada koronavirusa yoluxanların sayı yeddi milyona yaxınlaşır. SARS-CoV virusuna yoluxanların sayı cəmi 10 minə yaxın, ölüm faktı isə 6-9 faiz arası olub. Güman edirəm ki, qarşıdakı illərdə COVID-19 respitor virus infeksiyalar sırasına qoşulacaq və zaman-zaman özünü büruzə verəcək”.