ÇİN QAZAXISTAN OLAYLARINA “ƏL QOYDU”? – KTMT qoşunlarının 2 gün sonra ölkəni tərk etməyə hazırlaşması Pekinin Rusiyaya təzyiqi ilə bağlıdır?

Baxış sayı:
247

Xəbər verdiyimiz kimi, Çinin rəhbərlik etdiyi "Şanxay Əməkdaşlıq Təşkilatı" ehtiyac yaranarsa, Qazaxıstandakı iğtişaşlara müdaxilə edəcəyini açıqlamışdı.
Qafqaz.media bildirir ki, bu açıqlama ABŞ dövlət katibi Antoni Blinkenin prezident Kasım-Jomart Tokayevin iğtişaşları yatırtmaq üçün KTMT qoşunlarını dəvət etdikdən sonra Qazaxıstanın Rusiyanın təsirini azaltmaqda çətinlik çəkəcəyi barədə xəbərdarlıq etdiyi vaxt gəldi. Artıq yanvarın 11-də Qazaxıstanın hazırkı prezidenti Tokayev KTMT-nin missiyasının başa çatdığını və qoşunların yanvarın 13-də ölkədən çıxarılacağını açıqladı.
Maraqlıdır ki, prezident Putin dünən KTMT qoşunlarının Rusiyanın istədiyi vaxt Qazaxıstandan çıxacağını bildirmişdi. Görünür, haqqında söhbət gedən son açıqlama pərdəarxasında Rusiyadan daha qüdrətli gücün proseslərə müdaxilə etməsindən xəbər verir. 
Qərb mediasında Körfəz ölkələrinin XİN rəhbərlərinin bazar ertəsi Pekinə beş günlük səfəri barədə məlumatlar var. Səfərin əlavə təfərrüatları açıqlanmır, lakin qlobal enerji təchizatında gözlənilən pozulma fonunda iki tərəfin ümumi dil tapmaq cəhdləri gözlənilir.
Körfəz ölkələri, yəni Səudiyyə Ərəbistanı, Küveyt, Oman və Bəhreynin - XİN rəhbərləri, eləcə də Körfəz Əməkdaşlıq Şurasının baş katibi Nayif Fəlah əl-Həcrəf Çinin dəvəti ilə yanvarın 10-dan 14-dək Çində səfərdə olacaq. Bu barədə ÇİN XİN-nin sözçüsü Vanq Venbin şənbə günü bildirib.
Bu ölkələr Pekinin İranla sıx əlaqələri və özlərinin ABŞ-dan həddən artıq asılı olduqları Çinlə danışıb, İranla özləri arasında  balans yaratmaq istəyirlər. Çin isə onun əsas enerji təchizatçılarından biri olan Qazaxıstandakı qarışıqlıqdan sonra təchizat təhlükəsizliyindən narahatdır.

Pekindəki "Yuan Vanq Hərbi Elm və Texnologiya İnstitutu"nun tədqiqatçısı Çjou Çenmin bildirir ki, Qazaxıstandakı şiddətli iğtişaşları sakitləşdirmək və asayişin bərpasına kömək etmək üçün Rusiya qoşunlarının ora göndərilməsini gördükdən sonra, enerji təchizat zəncirlərinin təminatı üçün Çin "Körfəz Əməkdaşlıq Şurası" ölkələri ilə daha sıx əlaqəyə çalışır.
"Qazaxıstan Pekinin Mərkəzi Asiyadakı Qərb-Şərq Qaz Boru Kəməri proqramının əsas enerji təchizatçısıdır. Ölkədəki hazırkı siyasi iğtişaşlar Çinin gələcək enerji təchizatı zəncirinə təsir edə bilər və prezident Si Tsinpin buna imkan verməyəcək. Əgər Qərb-Şərq qaz kəmərinin hansısa səbəbdən dayanmaq məcburiyyəti olarsa və hansı enerji böhranı baş verərsə, əvəzedici qismində yalnız Körfəz ölkələri çıxış edə bilər”, - deyə Çjou bildirib.
Cümə axşamı isə Çin-Mərkəzi Asiya qaz kəmərinin digər tədarükçüsü olan Özbəkistan daxili enerji ehtiyaclarını ödəmək üçün neft və təbii qaz ixracını dayandırdığını elan etdi.
Açıqlamalardan da görünür ki, Çinin hədsiz sürətlə böyüməsinə qısqanclıqla yanaşan ABŞ prosesə hansısa şəkildə "pəl vurmağa" çalışır və dolayısı ilə Qazaxıstan iğtişaşlarının səbəbi kimi ABŞ-Rusiya işbirliyi ehtimalı varsa, necə ki, var, məqsəd Çinin Mərkəzi Asiyadakı Qərb-Şərq Qaz Boru Kəmərində kəsintilər yaratmaq idi və Qazaxıstandakı iğtişaşlardakı ana qayə də Çinə "enerji badalağı" vurmaq olub.
O ki qaldı Tokayevin KTMT qoşunlarının iki günə ölkədən çıxarılacağı xəbərinə, belə görünür ki, bu qəfil qərar dəyişiminin arxasında "Rusiyaya verilən Pekin qulaqburması" var. Yenə də siyasi maraqları iqtisadi maraqların şərtləndirdiyi təsdiq olunur.