ÇİN AZƏRBAYCANA DİRSƏK, ERMƏNİSTANA DƏSTƏK GÖSTƏRİR – Viza rejimi niyə ağırlaşdırılıb?

Baxış sayı:
9073

Çin Azərbaycanla bağlı viza rejimini olduqca sərtləşdirib.

Çinlə iqtisadi əlaqələri olan, ticarətlə məşğul olan şəxslər “AzPolitika.info”-ya bildiriblər ki, çox çətinliklə viza əldə edirlər. İş vizası almaq isə mümkün deyil. Yaranmış vəziyyət onların fəaliyyətinə pis təsir edir. 

Çünki Azərbaycana mal göndərən iş adamlarının əksəriyyəti uzn müddət bu ölkədə qalmağa məcburdurlar. Əvvəllər 90 günlük viza alıb qalmaq, işləmək asan idi, ticarət dövriyyəsi də gündən-günə yaxşılaşırdı. İndi bu ölkəyə gəlmək çox çətindir, hətta dəfələrlə bu ölkəyə gəlib-getmiş, Çindəki ticartə partnyorları ilə böyük ticarət dövriyyəsi olan iş adamlarını da hava limanında saxlayıb saatlarla sorğu-sual edirlər.

Paradoks bundan ibarətdir ki, Azərbaycana viza qaydalarını sərtləşdirən Çin, Ermənistanla hətta 90 günlük viza rejimini də aradan qaldırıb. Artıq iki ölkə arasında viza rejimi mövcud deyil. Məntiqlə Çin dünyaya mal ixrac edən ölkə kimi Cənubi Qafqazda ən böyük ticarət partnyoru olan Azərbaycanla viza rejimini asanlaşdırmalı, aradan qaldırmalıdır.

 

 

Onu da xatırladaq ki, Azərbaycan Çinin dəstəklədiyi Böyük İpək Yolu nəqliyyat dəhlizinin qurucularından biridir. Ötən il Azərbaycanın vəsaitləri hesabına istifadəyə verilən Bakı-Qars-Axalkalaki dəmir yolu da bu sistemin önəmli hissəsidir. Eyni zamanda Çin investorları Azərbaycanda kənd təsərrüfatına, emal sənayesinə böyük maraq göstərir. İki ölkə arasında bu istiqamətdə müaqvilələr imzalanıb, daha böyük investisiya qoyuluşu ilə bağlı isə danışıqlar gedir. Bunları nəzərə alaraq, Pekinin Azərbaycanla viza rejimini sərtləşdirməsi hansı səbəblərlə bağlı ola bilər?

İqtisadçı alim, professor Qubad İbadoğlu “AzPolitika.info”-ya şərhində bildirib ki, Çinə səfəri zamanı onun özü də problemlə üzləşib: “Mən özüm də avqust ayının sonunda Çinə səfər etdim, baxmayaraq ki, çoxgirişli viza istəsəm də, birgirişli qısa müddətli verdilər. Halbuki, mənim Avropaya və ABŞ-a vizalarım çoxgirişli və uzunmüddətlidir. Çin azərbaycanlıların miqrasiya etdiyi ölkə deyil ki, çəkinsinlər ki, birdən Azərbaycanlılar gedib orda məskunlaşarlar, əksinə, iqtisadi baxımdan Çin bu səfərlərdən qazanır. Çünki gedənlər həmin ölkədən Azərbaycana mal ixrac edirlər”. 

 

 

İqtisadçının fikrincə, bu ənəgəllər siyasi səbəblə əlaqəlidir. Q. İbadoğlu ehtimal edir ki, Çinin uyğurlara qarşı anti-milli siyasətinə Azərbaycanda olan reaksiyalar viza prosesinə də təsir edə bilər. 

Çinin Ermənistanla viza rejimini aradan qaldırmasına gəlincə, Qubad İbadoğlu qeyd etdi ki, bu, iki ölkə arasında qarşılıqlı əlaqələrlə bağlı ola bilər: “Azərbaycan Çinə qarşı sərt viza rejimi tətbiq edir. Belə olan halda qarşılıqlı surətdə çinlilər də Azərbaycana qarşı viza şərtlərini sərtləşdirə bilərlər”.