Büdcə siyasətimiz dəyişməlidir - TƏHLİL

Müəyyən dövlət vəzifələrində də dəyişiklik etməyə ehtiyac var...
Azərbaycanda bir neçə yüz min fərdi yaşayış evi var ki, onların sənədləşməsi hələ də aktualdır. Qısa dövr ərzində sadə qanunvericilik bazası hazırlamaqla, həmin evlərin özəlləşdirilməsini həyata keçirmək olar...
Büdcəsiz dövlət təsəvvür etmək mümkün deyil. Elə büdcənin tarixi də dövlətlərin yaranma tarixi ilə üst-üstə düşür. Büdcə hər bir dövlətin əsas gücü olmaqla yanaşı, maliyyənin də əsasını təşkil edir. Eyni zamanda, büdcə dövlətin iqtisadi və sosial siyasətinin həyata keçirilməsi vasitələrindən biri kimi çıxış edir. İlkin baxışda özündə pul münasibətlərini təzahür edir. Burada ümumi qəbul olunmuş iki anlayış vardır: gəlirlər və xərclər. Amma mahiyyət baxımından, dövlətə məxsus vəzifələri yerinə yetirmək üçün lazım olan pul vəsaitlərinin yıgılması və istifadə olunmasını əks etdirir.
Büdcə bir iqtisadi kateqoriya olmaqla, özünün qanunlarını da müəyyənləşdirmişdir. Bu qanunlara iqtisadi, sosial, siyasi vəziyyətin təsiri də az deyildir. Ona görə, büdcəni formalaşdırdıqda budcə siyasətinə ehtiyac duyulur. Bu siyasət vasitəsilə vətandaşlarla dövlət arasında olan əlaqələri bu və ya digər şəkildə nizamlamaq mümkündür.
Maliyyə vəsaitlərinin toplanması və istifadəsi zamanı dövlətlə hüquqi və fiziki şəxslər arasında maliyyə münasibətləri əmələ gəlir. Maliyyə münasibətlərinin necəliyi, vətandaşlarla dövlət arasında olan əlaqələrin inkişaf xəttinin müəyyənləşməsində mütləq mənada iştirak edir. Maliyyə-büdcə siyasəti də məhz bu aspektdən yaranır.
Bütün bunları nəzərə alaraq istənilən dövlət büdcəsinə nəzər salsaq, həmin dövlətin həm iqtisadiyyatına, həm hakimiyyətin yürütdüyü siyasətə dolgun qiymət vermək olur. Çünki budcənin təzahur baxımından dörd funksiyası vardır. Bunlar tənzimləyici, nəzarətedici, fiskal və məlumatvericidir.
Dövlətin büdcə siyasətini müəyyən etmək üçün müxtəlif konsepsiyalar vardır. Daha çox tarazlaşdırılan və iqtisadi inkişafa uyğun tsikli tarazlaşdırılan konsepsiyalardan istifadə edilir.
Azərbaycanda hal-hazırda mövcüd iqtisadi vəziyyətə, budcə siyasətimizə yenidən baxmağa ehtiyac yaradıb. Bizim dövlət büdcəsini tarazlaşdırılmış büdcə kimi dəyərləndirmək olar. Milli pulumuzun devalvasiyaya ügraması, inflyasiyanın yaranması, işsizliyin artması, əhalinin gəlirlərinin azalması fonunda biz fərqli konsepsiyadan istifadə etməklə, tsikli tarazlaşdırılmış büdcəyə keçməliyik. Tsikli tarazlaşdırılmış büdcədə, büdcə hər il yox, iqtisadi tsiklin gedişinə uygun tarazlaşdırılır. Bu halda vergilər azaldılır, dövlət xərcləri artırılır. Bu cür davranış həm istehsal prosesinə yardımçı olur, həm də qiymətlərin enməsinə şərait yaradır.
Azərbaycanda hal-hazırda istehlak mallarının əhəmiyyətli hissəsi idxaldan asılıdır. Milli pulun devalvasiyaya ugraması bilavasitə idxal mallarının bahalaşması ilə nəticələnmişdir. Ona görə, gömrük rüsumlarının azaldılması vacibdir. Düzdur, bu halda dövlət büdcəsi kəsirdə qalacaq, onda defisit yaranacaq, ancaq bu addımlar iqtisadi inkişafa stimul verəcək. Müəyyən mərhələdən sonra iqtisadi artım bu kəsrin aradan qaldırılmasında yardımçı olacaq.
Yaranmış defisiti aradan götürmək üçün yeni mənbələr taparaq, tədbirlər planı hazırlanmalıdır. Yeni mənbələri iki qismə bölmək olar - daxili və xarici mənbələr.
Daxili mənbələrə qiymətli kağızların (istiqrazlar) dövriyyəyə buraxılması,yerli budcələrə ayrılan dotasiyaların mümkün qədər azaldılması, dövlət ssudalarından istifadə edilməsi və mərkəzi bankın ehtiyatlarından istifadə edilməsi aid edilə bilər.
Xarici mənbələrə qiymətli kağızların xarici maliyyə bazarında satılması, beynəlxalq maliyyə təşkilatlarından, xarici banklardan və digər dövlətlərdən kreditlərin götürülməsi daxildir.
Büdcədə olan xərclərə yenidən baxılmalıdır. Dotasiyalar azaldılmalı və bəzi hallarda dotasiya verilən yerli büdcələrə subvensiyalar da nəzərdə tutulmalıdır. Dövlət büdcəsinin kəsirini aradan qaldırmaq üçün daxilolmalar olmadıqda müdafiə olunmuş xərc maddələri istisna olmaqla, digər xərcləri müəyyən olunmuş qaydada ixtisar (sekvestr) etmək gərəkdir.
Bundan başqa, cari ildə hazırda mövcüd olan daxili imkanlardan istifadə etməklə, budcəyə yeni gəlir mənbələrinin hesabına daxilolmalar etmək olar. Məsələn, hal-hazırda Azərbaycanda bir neçə yüz min fərdi yaşayış evi var ki, onların sənədləşməsi hələ də aktualdır. Bu məsələ ilə bağlı dövri tədbirlər görülsə də, yekun olaraq irəliləyiş əldə olunmadı. Qısa dövr ərzində sadə qanunvericilik bazası hazırlamaqla (fərdi evlərin hər kv.m bəlli məbləğ müəyyənləşdirməklə) həmin evlərin özəlləşdirilməsini həyata keçirmək olar. Bu addım cari ildə budcəyə milyonlarla manat daxilolmalar edəcəkdir.
Təbii ki, bu kimi mövcud mənbələri daha artırmaq olar.
Bu dönəm üçün çevik siyasət həyata keçirmək lazımdır. Eyni zamanda islahatlar aparmağa və müəyyən dövlət vəzifələrində dəyişiklik etməyə ehtiyac var. Yalnız bu zaman atılan addımlar effektiv olacaqdır.
Nəyə görə məhz dövlət vəzifələrində dəyişiklik edilməlidir?
Dövləti bir quruma bənzətsək, onda vətandaşlarla dövlət arasında münasibətlər yarandıqda, mütləq mənada lazımdır ki, vətandaş bu quruma etibar etsin. Əks halda vətandaş onunla əlaqələrdən ya yayınacaq, ya da qaçacaqdır. Nəzərə alsaq ki, dövlətin işlək mexanizmini həyata keçirən hakimiyyətdir və vətandaşla təmasda o olur, onda etibarlılıq onun fəaliyəti ilə bağlı olacaqdır.
Son bir il ərzində Mərkəzi Bank iki dəfə devalvasiyaya getmişdir. Hər dəfə də öncədən vətandaşları inandırmağa çalışmışlar ki, devalvasiya olmayacaq. Ancaq vətandaş bunun əksini həm müşahidə etmiş, həm də yaşamışdır. Buradan da etibarlıq əmsalı aşağı düşmüş və inamsızlıq yaranmışdır.
Elə buna görədir ki, hal-hazırda vəziyyəti pisləşdirməyə təsir edən psixoloji faktorlar da yaranmaqdadır. İndi bu mərhələdə dövlət daxili borclanmaya getmək istəsə və bunu istiqrazlar vasitəsilə həyata keçirmək istəsə, onda etibarlıq əmsalının aşagı olması qiymətli kağızın işlək mexanizm olmasında böyük əngəl olacaqdır.
Düşünurük ki, mövcud vəziyyətin yaranmasında bilavasitə səbəbkar olan qurumların rəhbərləri işdən azad edilməlidir. Bura Mərkəzi Bankın rəhbəri, maliyyə naziri, iqtisadiyyat naziri və kənd təsərüfatı naziri daxil olmalıdır. Bu zaman vətandaş görəcəkdir ki, onu bu vəziyyətdən çıxarmaq üçün konkret addımlar atılır. Onda vətandaşda etibarlıq əmsalı yüksələcək. Əks halda atılan addımların bir çoxu effektsiz olacaqdır.
Rəşid Mənsurov