“Bu razılaşma müstəqil Azərbaycanın ən böyük diplomatik qələbəsidir” - METYU BRAYZA

“Bu atəşkəs razılaşması müstəqil Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsidir”.
Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
O bildirib ki, Azərbaycan apardığı hərbi əməliyyatlar nəticəsində baza prinsipləri kimi qəbul edilən bütün istəklərinə nail olub və öz mövqeyini həm hərbi, həm də siyasi cəhətdən kəskin şəkildə gücləndirib: “Düşünürəm ki, bu razılaşma müstəqil Azərbaycanın diplomatik tarixində ən vacib razılaşmadır və əminəm ki, ən böyük diplomatik qələbədir. Bu, Azərbaycan rəhbərliyinin müdrikliyi nəticəsində baş verdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev bu münaqişənin bütün gedişatı zamanı Azərbaycanın siyasi hədəflərinə uyğun davrandı. Prussiyanın böyük hərb nəzəriyyəçisi Karl fon Klauzevits bizə öyrədib ki, müharibə siyasətin digər vasitələrlə davamıdır. Müharibənin məqsədi insanları öldürmək və ya nələrisə dağıtmaq deyil. Məqsəd siyasi reallığı hədəfə çatmaq üçün öz lehinə dəyişdirməkdir. Beləliklə Azərbaycan müzakirələrin aparıldığı bu illər ərzində baza prinsipləri olaraq qəbul etdiyimiz istəklərinin hamısını əldə etdi. Ancaq Ermənistan bu prinsipləri qəbul etmək istəmirdi. Bildiyimiz kimi Paşinyan bu prinsipləri tərk etdiyini açıqlamışdı. Beləliklə imzalanan bu razılaşma ilə Azərbaycan bütün baza prinsiplərinə nail oldu. Üstəgəl Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər əraziləri ilə birləşdirəcək yeni koridoru əldə etdi. Baza prinsipləri o idi ki, Azərbaycan 7 ətraf rayonu qaytarır və Dağlıq Qarabağın müqəddəratı müzakirələr vasitəsi ilə müəyyən edilir. Amma, indi həm Şuşa şəhərini saxlayaraq hərbi-fiziki gücünə görə, həm də siyasi gücünə görə Azərbaycan son dərəcə güclü bir mövqe ilə müzakirə aparacaq. Düşünürəm ki, Azərbaycan strateji təmkin göstərdi. Azərbaycan Şuşada dayanaraq azərbaycanlı və erməni əsgərlərin, mülki şəxslərin həyatlarını riskə atmadı və indi müharibənin ikinci mərhələsinə - siyasi mərhələsinə hazırdır. Ona görə də bu tarixi bir razılaşmadır. Mənə görə bu Azərbaycanın öz məqsədlərinə çatmasıdır”.