“Bu iqtidar Azərbaycanı böhrandan çıxara bilməz”

Sərdar Cəlaloğlu: “Bir təfəkkür ki, böhran gətirir, o təfəkkürlə böhrandan çıxmaq mümkün deyil”

“Azərbaycan iqtidarının ölkəni bu vəziyyətdən çıxartmaq üçün nə “Yol xəritəsi”, nə o xəritəni icra etmək üçün potensialı, nə də kadrı var”

Neft gəlirlərinin azalmasından sonra, ölkədə böhran yaşandığı üçün prezident İlham Əliyev 2016 -cı il martın 16-da “İqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi”nin hazırlanması haqda sərəncam verib. 2016-cı il dekabırın 6-da isə prezident “Strateji Yol Xəritəsi”ni fərmanla təsdiq edib.
Sərəncama görə, “Strateji yol xəritəsi” ilə bağlı işçi qrupu yaradılıb. “Strateji Yol Xəritəsi”ndə 2017-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək dövr üçün uzunmüddətli baxış layihəsi, 2025-ci ildən sonrakı dövrə hədəf baxış layihəsi nəzərdə tutulub. “Strateji Yol Xəritəsi”nin yazılmasında 400 nəfərə qədər xarici və yerli ekspertin iştirak etdiyi açıqlanıb.
Təsdiq olunan fərmana görə, “Strateji Yol Xəritəsi”ndə iqtisadiyyatın aşağıdakı 11 sektorunun inkişaf etdirilməsi nəzərdə tutulub:
1.“Neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”;
2. “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”;
3.“Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”;
4. “Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”;
5. “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”;
6. “Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”;
7. “Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”;
8. “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”;
9. “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”;
10. “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”;
11. “Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”.
Ölkə iqtisadiyyatının böhran vəziyyətindən çıxarılması üçün bu fərmanın icrasının əhəmiyyəti böyük ola bilər. Amma, hazırda fərmanın icrası üçün ölkədə şəffaf mühit və dövlət büdcəsində yetərincə vəsait varmı? Struktur islahatları aparmadan, fərmanın icrasının nəticəsinin “Regionların Sosial İnkişaf  Proqramları”ndan fərqli olaraq, müsbət sonuclarla yekunlaşacağına kim zəmanət verə bilər? Belə ki, 2004-14-cü illərdə iki dəfə həyata keçirilən “Regionların Sosial İnkişaf  Proqramları” çərçivəsində regionlara ümumilikdə 35 milyard dolların xərcləndiyi ilə bağlı məlumatlar olsa da, bu gün regionların inkişafından danışmaq olarmı? Təbii ki, yox. Regionlara bu qədər vəsait xərclənməsi müqabiləndə regionların hansı durumda olduğu məlumdur. Regionlar büdcədən dotasiya hesabına yaşayırlar. 2017-ci  il dövlət büdcəsindən 33 rayon və şəhərə isə dotasiya ayrımaq imkanı yoxdur. Bu dotasiya ayrılmayan rayon və şəhərlərin “səs-küyü” hələ gələn il çıxacaq. Hansı ki, regionlara ayrılan vəsaitlər hesabına səmərəli investisiya qoysalar, bu gün özlərini normal təmin etməli idilər. Bəs, bu ayrılan pullar kimlərin cibinə gedir? Təbi ki, bu sual cavabsız olaraq qalır...
Odur ki, indi bizi belə bir sual da düşündürməyə bilməz: “Stratrateji Yol Xəritəsi”nin iqtisadiyyatımız üçün perspektivləri olacaqmı? Əlbəttə, bunu əvvəlcədən demək çətindir. Çünki ölkədə idarəetmədə şəffalıq olmadıqca, struktur islahatları aparılmadıca, vəziyyətin dəyişəcəyinə  ümid etmək olmur.
Mövzu ilə bağlı “Hürriyyət”ə açıqlamasında ADP Sərdar Cəlaloğlu da nikbin danışmadı: “Azərbyacan iqtidarında sağlam, uzaqgörən strateji bir dünyagörüş olsaydı, ölkəni bu vəziyyətə gətirib çıxartmazdılar. Çünki 1994-cü ildə həm dünyanın bütün ekspertləri, həm Azərbycanla müttəfiqlik edən dövlətlər, həm də Azərbaycan müxlaifəti Azərbaycan iqtdarına neftdən gələn gəlirlərin düzgün istifadəsi ilə bağlı  milyon dəfə xəbərdarlıq edib. Amma Azərbycan iqtdarı “bizim neftimiz, qazımız tükənməyəcək, Avropa, dünya bizdən asılıdır” deyirdi. “Biz analoqu olmayan iqtisadi siyasət aparırıq. Biz regional inkişaf proqramları həyata keçiririk” - kimi, kağız üzərində olan bəyanatlar verirdi. Biz Azərbyacan iqtidarının regional inkişafa ayırdığı vəsaitə baxsaq görərik ki, təkcə kənd təsərrüfatına hökumət kağız üzərində 47 milyard dollar pul ayırıb. Bu gün kənd təsərrüfuatından dövlət büdcəsinə bir qəpik də pul gəlmir. O 47 milyrd hara gedib? Heç kəs də maraqlanmır ki, Azərbyacan iqtidarı neftdən gələn gəlirin 47 milyardını kənd təsərrüfatına istiqamətləndirdiyi halda, bu gün niyə Azərbycanda kənd təsərrüfatı məhsulları daxili bazarda yoxdur?! Göyərti belə, Gürcüstandan gətirilir. Kənd təssərüfatını inkişafı ilə bağlı heç bir hərəkət yoxdur. Heç dövlət büdcəsinə həmin 47 milyardın nəinki gəliri, özü belə qaytımyıb.
Azərbycan iqtidarı illərdir regional iqtisadi inkişafdan danışırdı. Ancaq bu gün deyirlər ki, hər bir rayon özü-özünü saxlamalıdır. Dünənə qədər “regional iqtisadi inkşaf aparılıb”, bu gün məlum olur ki, regionlarda həyat dözülməz dərəcədə ağırdır. Özünü, dünyanı bu cür aldatmaqla, guya “Yol Xəritəsi”, “iqtisadi layihə” cızırlar, bunlar hamısı boş-boş şeylərdir. Azərbaycan iqtidarının ölkəni bu vəziyyətdən çıxartmaq üçün nə “Yol xəritəsi”, nə o xəritəni icra etmək üçün potensialı, nə də kadrı var. Bu kadrlar hamısı mafiozlaşmış, cinayətkar insanlardır. Hökumət bir neçə naziri özü həbs edib, bir neçə nazirliyi ifşa edib: Rabitə Nazirliyini, Milli Təhlkəsizlik Nazirliyini, Səhiyyə nazirini, İqtisadi İnkişaf nazirini həbs etdi. Bankların rəhbərləri nə vəziyyətdədir, görünür. Mən hökumətə sula edirəm, siz, kiminlə bu “Yol Xəritəsi”ni həyata keçirəcəksiniz? Bu cinayətkar, korrupsioner insanlarla bir santimetr irəli getmək olar? Azərbaycan iqtidarında “Yol Xəritəsi” hazırlamaq üçün kadrların intellektual potensialı var? Kim hazırlyacaq bu “Yol Xəritəsi”ni? Bunlar neft kontraktları zamanı da xaricdən mütəxssislər dəvət etmişdilər. Onların dedikləri qaldı kənarda, öz bildiklərini etdilər. Göstərmək başqa şeydir, real olaraq istəmək və bacarmaq başqa. Azərbyacan iqtidarı nə istəyir, nə də bacarır, sadəcə  xalqa nəyisə göstərir.
Azərbycanda bu gün camaat çörəyə möhtacdır. Bunların “Yol Xəritəsi” 2025-ci il üçün nəzərdə tutulub. Söhbət bu gündən gedir. Azərbyacan hökuməti cərimələri, qiymətləri qaldırır, manatı “üzən məzənnə”yə keçirdir, ancaq iş yerləri açmır, əməkhaqlarını qaldırmır. Bu xalq 3 ilə gedib çıxacaq? 3 ilə kimi, Azərbaycan iqtidarı hakimiyyətdə qalacaq? Söhbət hansı “Yol Xəritəsi”ndən gedir?”
S. Cəlaloğlu onu da diqqətə çatdırdı ki, Azərbycan iqtidarı üçün ənənəvi bir məsələ var: “Mili məsələləri Yeni Azərbyacan Partiyasının, yaxud İlham Əliyevin “şəxsi işi” kimi dərk edirlər. Böhran başlayanda deyirdilər ki, prezident bizi böhran vəziyyətindən çıxardacaq. Bəs, niyə çıxarda bilmədi? Bir qrupun hegemonluğu altında dövləti saxlmaq, dövlətin həyatını inhisara almağın özü böhranı gətirən səbəblərin biridir. Bunlar heç bir müxalif sözü eşitmir. Çətində düşəndə deyirlər ki, müxalifət desin, görək nə edək? Elə ki, vəziyyətləri yaxşıdır, “müxalifət yoxdur” deyirlər. Buyursunlar, “Yol Xəritəsi” çıxarsınlar televiziyada müxalifətin iştirakı ilə müzakirələr keçirsinlər. Baxaq, onların “Yol Xərtiəsi” realdır? Nə dərəcədə Azərbyacanı bu vəziyyətdən çıxarda bilər və nə dərəcədə Azərbaycan xalqının maraqlarına uyğundur? Bunlar hamısı xalqın başını aldatmaqdır. Ümid verməkdir ki, guya, hər şey yaxşı olacaq. Azərbaycanı bu böhrandan Azərbyacan iqtidarı çıxarda bilməz. Bir təfəkkür ki, böhran gətirir,o təfəkkürlə böhrandan çıxmaq mümkün deyil. Bütün dünyada böhranın qarşısını almaq üçün ölkəni böhrana gətirən hökumətin hakimiyyətdən getməsi, onun yerinə yeni qüvvənin gəlməsi ənənəsi mövcuddur. Ölkədə siyasətdə dəyişiklik yoxdursa, iqtisadiyatda dəyşiklik ola bilməz”.
S. Cəlaloğlu vurğuladı ki, rayonlarda olimpiya komleksləri tikilsə də, heç biri Azərbyacanın xeyrinə işləmir: “Olimpiya kompleksləri tikiləndən sonra demək olar ki, Azərbaycanın olimpiya nailiyyətləri sıfıra bərabərdir. İdamançıların hamısı xaricdən gətirilib. Rüşvətlə çempionluq əldə edilir. O komlekslər icra hakimiyyətlərinin istirahət mərkəzinə çevrilib. Xalq ondan istifadə etmir. Eləcə də dioqnostika mərkəzləri dəfələrlə qərar çıxardıblar ki, rayonlardan Bakıya gələn xəstələr inzibati yolla Bakıya buraxılmasın, rayonlarda müalicə olsunlar. Bu rayonlarda tikilən dioqnostika mərkəzləri xalqın tələblərini ödəmirsə və yaxud bu müəssisələrdə keyfiyyətli tibbi yardım göstərilmirsə, bu binaları kimin üçün tikiblər? Azərbaycan iqtidarı yalnız gözə xoş gələn işlər görüb, içərisinə girsən, heç bir iş yoxdur”.
ADP sədri onu da dedi ki, hazırda dövlət büdcəsinə regionlardan bir qəpik də daxil olmur: “Dövlət büdcəsi inkişafın güzgüsüdr. Əgər deyildiyi kimi, regonal inkişaf, kənd təsərrüfatının inkşafı varsa, bu, gərək dövlət büdcəsinə gələn gəlirlərdə əks olunsun. İqtidarın Azərbaycanı bu vəziyyətdən çıxartmaq üçün də heç bir şansı yoxdur. Çünki neftən gələn gəlirlər dağıdılıb. Bu ölkəni bu vəziyyətdən çıxartmaq üçün 100 milyard pul qoymaq lazımdır. Dövlətin böyük xarici və daxili borcu var. Lap gözəl “Yol xəritəsi” hazırlayıblar. Dövlət büdcəsində pul yox, xarici investorlar Azərbyacan iqtisadiyyatının çökdüyünü və korrupsioner rejimin olduğunu bilirlər. Ona görə, Azərbyacana bir qəpik də olsun, pul qoymurlar. Azərbyacan hökuməti deməlidir ki, mənim 100 milayard pulum var, bu pulu “Yol Xəritəsi”nin icarsına yönəldirəm. Pul yoxdursa, nə islahatdan, nə böhrandan çıxmaqdan, nə də “Yol Xərtəsi”ndən danışmaq olar. Hansı pul ilə “Yol Xərtəsi”ni icra edəcəksiniz? Kimi aldadırsınız? Bu, əksinə böhranın dərinləşməsinə aparıb çıxaran bir yoldur. Hökumət “mən idarə edə bilmirəm, kim istəyir gəlsin idarə etsin” demək əvəzinə, çox fantastik, heç bir əsası olmayan söz səviyyəsində iş görür. Birinci növbədə Azərbycanda “Yol Xərtəsi”ndə nəzərdə tutulan layihələri həyata keçirmək üçün lazım olan maliyyə qaynaqları tapılmalıdır. Ancaq belə bir maliyyə qaynağı yoxdur. Demək “Yol Xərtəsi” olsa da, “o yolu” gedən olmayacaq.
Şamo EMİN, Hurriyyet.org