“Binə” ticarət mərkəzində YANĞIN: Səbəbi məlum deyil - YENİLƏNİB / FOTO

Baxış sayı:
325

“Binə” ticarət mərkəzində baş verən yanğın təxminən 2000-3000 kv.m sahəni əhatə edib.

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

Onun sözlərinə görə, sahibkarlara dəymiş ziyanın miqdarı və yanğının baş vermə səbəbi dəqiq bilinmir: “Araşdırma aparıldıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Hazırda yanğının qarşısı alınıb və ərazidə soyutma işləri aparılır”.

**02:08

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, FHN-in aidiyyəti qurumlarının rəhbərləri və Qaradağ Rayon Polis İdarəsinin rəisi Əli İbrahimov yanğının baş verdiyi  “Binə” ticarət mərkəzinə gəliblər.

Onlara mövcud vəziyyətlə bağlı məlumat verilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində yaranmış qısaqapanmadır.

**01:45

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə" ticarət mərkəzində yanğın olması barədə məlumat daxil olub.

Virtualaz.org bildirir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

 Əlavə məlumat veriləcək.​